Xəyanət, etiraf və siyasi intriqa

Herakl “bəy” müraciətini sevmir. Bunun cəbhəçi qədeşlər və müsavatçı akradaşlarla əlaqəsi yoxdur, çün` Herakl onlarla tanış deyil. Ona tanış olan əsas kütlə isə bəyliyə nə namizəd deyil, nə də bəypərvər deyil. Herakla görə insanlar cinsindən, etnik və dini mənsubiyyətlərindən, xüsusən də cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq, biri-birilərinə bütün nəzakət və etika bicliyindən uzaq olan ”insan”  kəlməsi ilə müraciət etməlidirlər, əks halda ad və təxəllüsləri işlətmək olar. Məhz bu səbəbdən Herakl arada qadın paltarı geyinib məclislərə gəlir ki, ona ”bəy” əvəzi ”xanım” desinlər. Bəli, onun bu cür antimilli, anticinsi və antiestetik hərəkəti hər dəfə səs-küyə səbəb olur. Amma heç kəs ”xanım” müraciətinin əsl mənasını anlamır, Heraklın fikrincə ”xanım”ın kökü ”xan”dan gəlir, yəni kiməsə ”mənim xanımsan” deyirsənsə, adamı qaldırırsan göyə, amma ”bəy” eyni effekti vermir. Və açığı bəy, xan cəmiyyətdə axırıncı adamlar olmasalar da, onların sosial statusu tam bərabər deyil, sonuncu yuxarılara daha yaxındır. Beləliklə ”no woman, no cry” məşhur deyimini, Herakl ”no woman, no bəy” kimi dəyişmiş və bu sətiri ”YaxşıSağOlistin and kitabına”  əlavə etmişdir.

 

Növbədənkənar parlament seçkilərində Yamayka seçki dairəsindən yeganə namizəd olan Herakl, seçkilər bitəndən sonra, kənd camaatının təşəbbüsü ilə seçki nəticələrinin çürümüş banan qədər faydasız olduğunu əsas götürərək, səs sayını ictimailəşdirmiş, daha sonra yandıraraq məhv etmişdir. Aksiya zamanı videolar çəkilmiş, qulaqlar çəkilmiş (göz dəyməsin deyə), fotoşəkillər çəkilmiş, arada şalvarlar çəkilmiş və daha nələr çəkilmişdir. Bilmək olmaz, bu çəkintilər nə ilə bitəcəkdir, əgər bir gün kəndə hay düşməsəydi ki, Şalvarzadənin dostu olan rumın əsilli italyan emiqrantı sinyor Coni İştveronini, Parisin Şarl De Qol hava limanında Tramp və Elza Seyidcahanın əhatəsində görüblər!

 

Havadan şübhəli xəyanət iyi gəlir, azca Heraklın kirli corablarından gələn iyi xatırladır. Herakl dartır, doldurur, düşünür və soxur. Hər şeyə aydınlıq gətirmək lazımdır. Herakl təcili toplantı elan edir və hər kəsi ”Lenin adına dönər evi”nə çağırır. Toplantının giriş nitqinə Şalvarzadə partiyadaxili disiplin haqqındakı fikirləri ilə  başlayır:

 

-Salam insanlar. Mən həmişə fəxr etməsəm də, bu gün fəxr edirəm ki, insanam. Burada hər kəs insandır, amma bunun məsələyə dəxli yoxdur. Xəbəriniz var, mənim də var. İndividuallar dünyasında yaşayırıq. Yeyilən hər dönərə təxminən 5-10 dəqiqəlik həyat aralığını xərcləyirik. Mən bilmirəm insan İştveroni, digər insanlar olan Donald və Elza ilə danışarkən nə qədər vaxt sərf edib, bir şeyə əminəm ki, heç kimi məcburi saxlamırıq. Və seçkinin də nəticələrini özümüz ləğv etdik, lazım olsa bərpa edəcəyik, bəlkə. İndi isə intizam haqqında…

 

Əslində intizam mövzusu Herakl üçün yad şeydir.  O ümumiyyətlə intizam adlı nəsnənin insan həyatını müsbət dəyişikliyə apara bilməsinə inanmır. Hələki dahi hesab olunmayan mütəfəkkir Şalvarzadə, ta uşaqlıqdan intizamsızlığa böyük həvəs göstərmişdir. Bu yolda fərqlənmişdir. Azərbaycanda yaşadığı dönəmdə hər cür məmura, molla və seyidə qarşı intizamsızlıq etmiş, haus musiqisi  dinləmiş, reyv gecələrində nalayiq rəqslərlə diqqəti cəlb etmişdir. Təbii ki, məsələnin bu tərəfi aydındır – bəs İştveroni, Heraklın yaxın dostu və silahdaşı, Heraklın qurduğu xəyali ölkənin ilk vətəndaşı Parisdə nə atdırır?

 

Bu zaman, okeanın o tayında, bir əlində qırmızı şərab, digər əlində Livan dönəri olan sinyor Coni İştveroni corablarını çıxarıb, onları Sena çayında yumağa cəhd edir, məzələnirdi.  Coni partiyadan çıxmamışdı və əlbəttə, partiyaya xəyanət etmək fikrində deyildi, amma o anlayırdı ki, əgər “YaxşıSağOl” partiyasının Azərbaycan və Abışda filialları açılsa, beynəlxalq arenaya yeni oyunçu gələcək. Axı yaxşısağolistlər sözün əsl mənasında inqilabi təkliflərlə çıxış edirdilər. Hətta nadinc oğlancıq Tramp bu təklifləri eşidib demişdir:

 

– Çox inqilabi təkliflərdir.

 

Amma Elzanın bura nə dəxli? O, bu pazılda hansı yarıq, hansı boşluq, hansı çapıq və hansı çat üçündür – çətin sualların cavabını axtardığımız vaxt, Coniyə yaxınlarşan velosipedin səsi eşidilməyə başlayır. Uzaqdan gələn velosipedin hərəkət trayektoriyası və velosipedçinin papağı, bu insanın Elza Seyidcahan olduğunu deməyə imkan verir. Bu, odur. Bəs o kimdir? Coni eyni sualı başında plastik butulkalardan düzəldilmiş şlyapa olan velosipedçi Elzaya verir:

 

-Doğrudan, bəs o kimdir?

 

Elza sualı emal edib cavab verməyə macal tapmamış, sinyor İştveroni davam edir:

 

-Zatən sizin musiqi, xüsusən, yazdığınız sözlər, şeirəbənzər sətir topluları, konsert performansınız, sizi sıradan fərqləndirir. Siz musiqimizdə frikki ciyəzsiz. Həmişə sizi siyasətdə görmüşəm.

 

-Bilirsizmi, mən də sizi görmüşəm, amma yadıma sala bilmirəm harada.

 

-Vacib deyil, əsas indi görə bilirsiz?

 

Sual Elzanı düşüncə döngəsinin düz tinində yaxaladı. Neyronlarda ani olaraq yaranmış impuls qıtlığını nəzərə alsaq, xanımın dediklərində haqq var:

 

-Allaha inanırsız?

 

Bu sözlərdən  sonra Elza, Sena çayı boyunca üzən və bu məqamda  həmsöhbətlərin yanından ötüb keçən gəzinti gəmisinə tullandı, gəmidəki royalın arxasına keçərək, nəsə çalmağa, oxumağa başladı, gəmi növbəti körpünün altına girib gözdən itdi.

 

Şərab butulkası ilə sevişən və corablarını yuyub, qurudub, ayağına geyinmiş sinyor İştveroni digər həmsöhbətini gözləyir, Trampın necə, nə vaxt gələcəyini bilmirdi. Ona feysbukda yazmışdır, Donald oxuyub ”baş barmaq havaya” işarəsini göndərmişdi. Coni bunu təsdiq sayırdı.

 

Yaşadığı mehmanxanaya qayıtmaq məqsədi ilə Paris metrosuna enən Coni, bilet yoxlayan nəzarətçilərin yanında tanış simaya rast gəlir – sima da tanışdır, adamın başındakı şlyapa da. ”Axı bu Elzanın papağıdır” deyə öz-özünə düşünən Coni, şlyapa altındakını da tanıyır. Bu, Donalddır. Onu, biletsiz, ictimai nəqliyyatdan istifadə cəhdi üstündə saxlayıblar və indi Tramp özünü aktyorluğa vurub, şəxsini Elza Seyidcahan kimi təqdim edir, sinəsini qabağa verərək azərbaycan-ingilis aksenti ilə nəqliyyat nəzarətçisinə,  Suriyadakı siyasi demoralizasiya haqqında danışırdı. Sinyor İştveroni, partiya xatirinə, Trampın sayıqlamasına qulaq asmalı olan nəzarətçilərə yaxınlaşır, hərəsinə bir cüt corab verir və əlavə edir:

 

-Geyinilməyib, amma yuyulub.

 

Donaldın əlindən tutub oradan uzaqlaşan Coni metrodan çıxır və üzünü yanındakına çevirir:

 

-Amma mən o dəqiqə bildim ki, Elza deyilsən.

 

-Kişi kimi, oxşamırdım bəyəm?

 

-Mənim bir dostum var, əsl liderdir, ümumiqalaktik seyidfason bir şeydir. Nəsə. O həmişə deyir ki, bu dünyada hamı bir-birinə oxşayır, misalçın, vəziyyətdən asılı olaraq sən də Barak Obamaya oxşayırsan.

 

-Bununla razı deyiləm. Mən Elzaya daha çox oxşayıram, nəinki Baraka. Obaşka mənim kimi İranın cavabını verə bilməzdi, gördüz?

 

-Koronavirus sənin işindir?

 

-Mənim “korona”dan başım çıxır. Mənim çoxlu “korona”larım var. Məktəb vaxtlarında biologiyanı…

 

Coni cibindəki sonuncu corab cütünü Trampa verdi. Yamaykada, Coninin yaşadığı kənddə kiminsə boşboğazlığını mədəni surətdə dayandırmaq üçün əlinə corab verirlər. Donald söhbəti tutmadı. O adətən heç nəyi tutmur.

 

-Donald… Dünya göy-baş fırlanır, müharibələr, viruslar, qaçqınlar, breksit-zad. Bunlara son qoymaq lazımdır. Bunu da yalnız bir nəfər edə bilər, təbii ki, sənin kimi yaxşı oğlanların köməkliyi ilə. Bizim partiyamız var…

 

-Oho, nə zor! Partiya qəşəng söhbətdir. Partiyalaşmağı sevirəm. Mənim siyasətdən başım çıxır. Kəlan partiyalar görmüşəm, dünən…

 

-Donald, partiyamızın adı “YaxşıSağOl” dur. Bizim ciddi fikirlərimiz var. Dünyanı dəyişmək vaxtıdır. Bəşəriyyət yeni həyatın, yeni yaşayış sisteminin astanasındadır. Bu soxasoxda aysberqlər əriyir, buzlaqlar çatlayır, ikibaşlı buzovlar doğulur, çinlilər isə panqolinləri yeyirlər, təsüvvür edirsən?

 

-Əlbəttə! Bu valehedicidir, yəni dəhşətlidir! Əslində mən panqolinləri çoxdan tanıyıram, çinlilərdən də əvvəl. Təsəvvür edin, panqolinlər çinliləri yesəydilər, nələr olardı!…

 

-Biz, yaxşısağolistlər, təklif edirik ki, dünyada olan bütün silahların mərmiləri, güllələri, çapından asılı olmayaraq hamısı, futbol topları ilə əvəz olunsun. Qoy atəş səsi gələndə heç kəs gizlənməsin, heç kəs zirzəmi və sığınacaqlara girməsin. Əksinə, aviabombardımana hazırlaşan təyyarə eskadriliyasının mühərriklərinin uğultusu eşidiləndə, qoy bütün uşaqlar çölə çıxıb sevinc dolu baxışlarını səmaya zilləsinlər. Qoy bombardımanı səbirsizliklə gözləsinlər, axı indi onların sevimli şəhərləri, qəsəbə və kəndləri, evləri… futbol toplarının yağışına tutulacaq! Əsl kef! Və fərqi yoxdur harada, istəyir Yəməndə, Suriyada, İraqda, Fələstində, İsraildə, Çində, Rusiyada, Fransada, Azərbaycanda – dünyanın istənilən ölkəsində, siyasətçi və dünya liderlərinin görüşləri – yüksək səviyyəli ciddi görüşləri deyirəm – “Uşaqlar üçün oyun meydançaları”nda keçirilsin, bu meydançalardan isə demək olar ki, hər bir yaşayış binasının ətrafında var. Əlavə görüş üçün yer, saray, iqamətgah, qəbul salonları, konfrans binaları nəyə lazımdır? Beləcə, çox vacib və çox məşğul olan personalar, xalqa, qara camaata yaxın olacaqlar!

 

-Sənə bir söz deyim, görürəm ağıllı oğlana oxşayırsan. Mənim oyunlardan çox yaxşı başım çıxır. Oyun meydançaları ciddi bir sahədir, buna mənim gücüm çata bilər, əlbəttə…

 

-İlk növbədə, səndən istədiyimiz budur, Donald, səni seçənlərə and veririk, şərait yarat Abışda partiyamızın filialı açılsın. Əvəzində sənə hər gün pulsuz dönər göndərərik, istəsən çörəkiçi, istəsən lavaşarası.

 

Sinyor İştveroni nitqini bitirib, əlindəki butulkada qalan qırmızı çaxırı başına çəkir. Donaldla sağollaşıb, dostu və lideri olan Heraklın nömrəsini yığır. Başkana zəng çatmır…

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir