Bildiyimiz kimi fotoqrafiyanın “atası” fransız ixtiraçı Jozef Nisefor Nyeps (1765-1833) hesab olunur. Bu ixtira üzərində çalışmağa Jozef hələ 1816-cı ildə başlayır. 1822-ci ildə çəkilməsinə baxmayaraq, o, ilk foto indiki dövrə gəlib çatmayıb. Tarixdə qalmış ilk fotoşəkil isə “Le Qrada pəncərədən açılan mənzərə” (1826) [şəkil 1] helioqravürü sayılır. Qeyd etmək lazımdır ki, bu şəkilin ərsəyə gəlməsi nə az, nə çox, 8 saat çəkib!
Yeri gəlmişkən, Nyeps öz ixtirasını tanıtdıra bilmir. Rəssam Lui Daqer (1787-1851) ondan daha fərasətli çıxır. O, Nyepsin ixtirasını təkmilləşdirərək 1839-cu ildə Fransa Elmlər Akademiyasına təqdim edir. Onun daqerotiplə çəkdiyi ilk fotoqrafiyası isə “Rəssam atelyesi” (1837) [şəkil 2] sayılır.
Qeyd etmək lazımdır ki, bu üsulla şəkil əldə etmək üçün, üzərinə işığahəssas yodlu gümüş yayılmış bürünc plastindən istifadə edilirdi. İşıqla təmas nəticəsində plastində təsvir əmələ gəlirdi. Sonra isə civə buxarları şəkil halına gətirilir, tiosulfat məhlulu ilə bərkidilirdi. Ekspozisiya 15-30 dəqiqə çəkirdi. Başqa sözlə, əgər siz şəklinizi bu tərzdə həkk etmək istəyirsinizsə, bu müddət ərzində obyektiv önündə oturmalısınız. Gözünüzü qırpsanız, yerinizdən tərpənsəniz…bahalı plastindəki şəkil zay olur.
Daqerotipiya prosesi çox bahalı idi (sözün düzü, hər bir texnologiya ilk çağlarında belə olur), çəkilişi yalnız mütəxəssislər edirdi, həvəskar fotoqrafiyadan isə söz belə gedə bilməzdi…
İndi isə keçək əsas mövzuya. Günümüzdə biz əksəriyyəti yararsız olan minlərlə şəkil çəkmək iqtidarındayıq. İki əsr əvvəl isə ölümündən sonra çəkilmiş (post mortem) şəkil insanın yeganə şəkli ola bilərdi. O dönəmlər şəkil çəkdirmək orta hesabla 7 dollar idi (indiki 200 dollar civarında), buna görə də bir çox insan bu lüksdən yararlana bilmirdi. Lakin əziz bir insanı itirdikdə, ondan yadigar saxlamaq üçün belə xərcə yol vermək olardı.
Post mortem – mədəni və ictimai hadisə, həmçinin dəbin tələbi olmaqla yanaşı, həm də hal-hazırda tarixin dərinliklərində itib-batmış, fotoqrafiya sənətinin janrlarından biridir. Bu janrdan bizə yalnız kolleksiyalarda saxlanılan köhnə şəkillər qalıb. Sözsüz ki, bizim üçün bu şəkillər qəribə, hətta eybəcər görünə bilər, lakin öz dövründə bu bir ənənə idi və müəyyən məqsədə xidmət edirdi – bu dünyanı tərk etmiş dəyərli insan barəsində xatirə saxlamaq.
Bu janrda ilk fotoqrafiya İppolit Bayara məxsusdur. O 1840-ci ildə “Suda batmış insan qismində avtoportret” əsərini yaradır. [şəkil 3]
Ölüm həmişə bəşəriyyətlə bir addımlayır, hər an bizə çatıb, çatır və çatacaq. Ondan qorxmaq olar, ona sirli bir şey kimi yanaşmaq və ya həyatımızın ayrılmaz hissəsi kimi qəbul etmək olar. Fotoqrafiyanın ilk çağlarında insanlar orta hesabla 35-40 il ömür sürürdülər, qoca olmaq hər kəsə qismət olmurdu. O dönəm ölüm halları o qədər çox idi ki, bu artıq adi hal almışdı. Uşaq ölümlərinin statistikası isə daha dəhşətli idi. Necə deyərlər “Tanrı verdi, Tanrı aldı”. Hamı bununla barışmışdı.
Lakin XIX-cu əsrin 40-50-ci illərində ABŞ-da və Qərbi Avropada yeni dəb populyarlıq qazanmağa başlayır – valideynlər əsasən ölmüş körpələrinin, uşaqlarının, gənc övladlarının şəkillərini çəkdirmək üçün fotoatelyelərə axışırlar. Bu cür şəkillərdə orta yaşlı və qoca insanlara nadir hallarda rast gəlmək olardı. Post-mortem fotoqrafiyalarda incəsənət baxımından insanın ürəyini sızladan, həm tragik, həm də kəskin bir amil var. Fotoşəkildəki ölmüş qohum ailənin tarixinə çevrilirdi, şəkil onun xarici görünüşünü saxlayaraq yaxınları və əzizləri üçün təsəlli olurdu. [şəkil 4]
Post mortem janrının əsas xüsusiyyətlərindən biri müəyyən avadanlıqlar, əsasən də xüsusi ştativlər vasitəsi ilə ölmüş insanlara müxtəlif təbii pozalar vermək idi. Canlı görsənmələri üçün onların gözlərini açırdılar, onları oturan və ya duran vəziyyətdə saxlayırdılar. Fotoqrafların yüksək bacarığı sayəsində bir çox şəkillərdə ölmüş insanı diridən fərqləndirmək çətin idi. Daqerotipiyanın yerinə digər yeni texnologiyalar – ambrotipiya və tintayp gəldikdən sonra ölülərin bağlı göz qapaqları üzərində göz bəbəkləri təsvir olunur, yanaqlara isə cəhrayı çalar əlavə edilirdi. [şəkil 5]
Fotoqraflar bu dəb sayəsində yaxşı pul qazanır və nəticə etibarı ilə öz xidmətlərini təkmilləşdirirdilər.
Məsələn, müştərilərini əsasən yatmış vəziyyətdə təsvir edirdilər. Onlara müxtəlif pozalar verirdilər. [şəkil 6/7]
Bəzən iş çox mürəkkəb olurdu, lakin mütəxəssislər çətin işin də öhdəsindən gəlirdilər. Bu fotodakı qız qatarın altında qalaraq həlak olub; qatar qızın aşağı ətrafını məhv edib, üst ətrafı isə salamat qalıb. [şəkil 8]
Ölmüş insanların fotoşəkillərini adətən sevimli əşyalarının [şəkil 9] və ya heyvanlarının əhatəsində edirdilər. [şəkil 10] Bəzi fotolara diqqətlə baxdıqda isə şəkildəki insanın canlı olmadığını yəqin etmək olar. [şəkil 11/12]
XX əsrin əvvəllərində fotoqrafiyanın inkşafı, dəfn mərasimi biznesinin vüsət alması, cəmiyyətin dəfn prosesini ciddi ictimai ayinə çevirməsindən sonra post mortem janrı yavaş-yavaş yox olmağa başladı. İndi diqqət ölmüş insana, onun üzünə, görünüşünə deyil, tabutun keyfiyyətinə, vidalaşma mərasiminin keçirildiyi məkanın gözəlliyinə verilirdi. Getdikcə post mortem bir janr kimi tamamilə yox oldu.
Son olaraq xüsusi ilə qeyd etmək lazımdır ki, post mortem janrında bir çox məşhur fotoqraf çalışıb. Məsələn, Qaspar-Feliks Turnaşon Nadar da ölmüş insanların fotoşəkillərini çəkməklə məşğul olub. O, Viktor Hüqonun ölümündən sonra çəkilmiş fotoşəkilinin müəllifidir. Nadarın fotoşəkillərini araşdıran əsərdə Rozalinda Krauss qeyd edir ki, post mortem fotoqrafiyası özlüyündə canlı və cansız arasında olan fərq problemini yaratdı. Süjetlərin çox olmasına baxmayaraq, erkən fotoqrafiyanın əsas mövzusu, nədənsə məhz ölüm idi.
Post mortem fotoqrafiyası, həmçinin canlıların ölü kimi təsvir olunması ideyası ilə də bağlıdır. Əsasən bu, erkən fotoqrafiya imkanlarının məhdud olmasından qaynaqlanırdı. O zaman çəkiliş bir anda olmurdu, yuxarıda qeyd etdiyimiz kimi, insan gərək uzun müddət obyektivin qarşısında oturmalı idi. Ölüm isə modelin hərəkətsizliyinə və qeyri-adi pozasına izah verə biləcək mümkün süjetlərdən biri idi. Qeyd etmək lazımdır ki, fotoqrafiyada canlının və cansızın müqayisəsi Rolan Bartın “Camera Lucida” əsərindəki əsas mövzulardan biridir.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.