Bu məqalə Visionariesdə yeni seriyanın bir hissəsidir. New York Times dünyanın hər yerindən, elm və texnologiyadan tutmuş mədəniyyət və idmana qədər öz sahələrinin sərhədlərini genişləndirən insanları seçib.

Rəssam Şirin Neşat sənət dünyasında şöhrət qazanmaq üçün qeyri-adi bir trayektoriya ilə hərəkət edib. Doğma ölkəsi İranı 1970-ci illərdə, inqilabdan və şahın süqutundan əvvəl gənc bir qız olaraq tərk etmiş və Berkli, Kaliforniya Universitetində təhsilini başa vurmuşdur. Öz dediyinə görə 30 yaşına qədər sənətə ciddi yanaşmırdı. Lakin 62 yaşlı Xanım Neşat foto, video və film mediasında ən çox fərqlənən rəssamlardan biri oldu.

 

İndi Nyu-Yorkda yaşayan və Buşvikdəki böyük emalatxanasında bir neçə köməkçisi ilə çalışan xanım Neşat sürgün, siyasi inqilab və İranın keçmişi və gələcəyi kimi mövzulara toxunan mövzularda sənət əsərləri yaradır. Karyerasının ən böyük sərgisi “Şirin Neşat: Günəşi yenə salamlayacağam”, oktyabrın 19-dan fevralın 16-dək Los-Ancelesdəki The Broad-da davam edir.

 

Sərgi 90-cı illərin məşhur “Allahın Qadınları”-xəttatlıqla fotonun üst-üstə düşdüyü seriya da daxil olmaqla onun üç illik karyerasına nəzər salır, lakin əsas diqqət “Xəyallar diyarı” adlı yeni bir işə yönəldiləcəkdir.

 

“Köhnə və yeni, qədim və çağdaş arasındakı bu birləşmə məni çox maraqlandırır.”

Bu, qonaq otağında divardan asılan tərzdə 111 Amerikalının fotoportretlərindən və  iki sürreal, ağ-qara videodan ibarətdir. Diptix hesab etdiyi videolarda, mühacirətdə olan bir İranlı fotoqraf Nyu-Meksiko ətrafında gəzir, insanların foto-portretlərini çəkir və yuxuda nə gördüklərini soruşur. Daha sonra məlum olur ki, bu fotolar və məlumatlar bunkerdə çalışan İran elm adamlarının gizli bir qrupu tərəfindən təhlil edilir. Aktrisa tərəfindən canlandırılsa da, fotoqraf/casus xanım Neşatın özüdür və bu cür qeyri-ənənəvi məlumat toplama onun sənətini alovlandıran vasitədir.

 

“Hər sənətkarın əsəri onun kim olduğunun və yaşadığı həyatın əksidir” deyə, yayda öz emalatxanasında deyirdi. “Avtobioqrafik əsər hazırlamaqda heç bir marağım yoxdur, amma əsərim şəxsi işdir.” Aşağıdakı söhbət redaktə olunub və qısaldılıb.

 

İnsanlar bu sərgi və xüsusilə yeni əsərlər haqqında nə bilməlidir?

Yuxu mövzusu məni çox maraqlandırır. Yuxular haqqında filmlər çəkməklə bir çox ictimai-siyasi, mədəni və emosional məsələlərə toxunmaq olar. Çünki yuxular günahsızdır. Onlarda universal nə isə var və onlar mədəniyyətləri aşır.

 

Filmdə iranlı və amerikalıların mürəkkəb və nüanslı şəkildə bir –birilərinə zidd olduğunu göstərmisiniz.

 

İran hökumətinin fanatizmi, bu ölkədəki fanatizm və İran və Amerika mədəniyyətləri arasındakı düşmənçilik illəri haqqında düşünün. Bir-birimizi qorxunc məxluq kimi təsvir edirik. Amerika mədəniyyətini, xalqını və hökumətini ləkələyirlər; amerikalılar müsəlmanları ruhdan salır. Və beləliklə,  bu hekayədə iranlılar insanları yuxuları vasitəsilə bir yerə toplayır. Mənim üçün bu, sürrealizm və absurdluqla hazırlanmış bir parodiya idi.

 

Film sahəsində kimlərdən təsirlənmisiniz?

 

Şübhəsiz ki, Abbas Kiarostaminin (2016-cı ildə vəfat edən iranlı rejissor) minimalizmindən, həmçinin [İnqmar] Berqman və [Andrey] Tarkovski kimi insanlardan. Mənim işlərim Skandinav və Rus filmlərinin melanxolik abu-havasına uyğundur.

 

“Yuxular haqqında filmlər çəkməklə bir çox ictimai-siyasi, mədəni və emosional məsələlərə toxunmaq olar”

Yaradıcılıq mənbəyiniz nədir?

 

Mən doğrudan da, gəldiyim İran mədəniyyətinə çox bağlıyam. Düşünürəm ki, bu işdə çox duyğular var və düşünürəm ki, bu, müəyyən mənada onu qeyri-Qərbə çevirən bir şeydir. İranda şeir mədəniyyəti var və hamımızın özümüzü ifadə şəklində dərin poetiklik var. Çox həsrət var, çox nostalji var. The Broad-dakı sərgi nəinki indiyədək keçirdiyim ən böyük sərgidir, eyni zamanda İrandan kənarda ən böyük İran icmasına sahib olan Los Ancelesin ən böyük göstərisidir.  Mən hiss etdim ki, bu gün mühacir olmaqdan, xüsusilə iranlı mühacir olmaqdan bir işin yaradılması vacibdir.

 

Bildiyim qədərilə “Yuxular diyarı”- nda bəzi xüsusi effektlərdən istifadə edilib. Ümumiyyətlə, texnologiya sizin işlərinizə necə təsir edir ?

 

Mən film çəkilişimizdə və hələ də foto işimdə 16 və ya 35 millimetrlik kamera ilə işləməkdə çox israr edirdim; həmişə film lenti ilə işləyirdik. Ancaq getdikcə rəqəmsal kameralara meyl etməyə başladım, çünki son nəticədə əldə etdiyim kontrol və azadlıq müqayisə olunmaz idi. Lakin işimdə həmişə bir tarazlıq var: köhnə, ənənəvi xəttatlığı əllərimlə yaradıram. Köhnə və yeni, qədim və çağdaş arasındakı bu birləşmə məni çox maraqlandırır. Hətta geyim tərzimdə də, Misirdən olan sürməni göz ətrafıma çəkərək çox müasir, minimal geyimlərlə birləşdirirəm.

“İranda şeir mədəniyyəti var və hamımızın özümüzü ifadə şəklində dərin poetiklik var..”

Uşaq vaxtı nəçi olmaq istəyirdiniz və uşaqlığınız bu gün sizə necə xitab edir?

 

Orta səviyyədən yuxarı bir mühitdə böyüdüyüm üçün çox şanslı idim, amma biz heç zaman muzeylərə getmirdik.  Böyüdüyüm yer kiçik bir şəhər idi və biz əyalətçi idik. Atam ziyalı idi, çox qeyri-adi bir iranlı idi; çox səyahət emiş, çox kitab oxumuşdu və eyni zamanda həkim və əkinçi idi. Buna görə düşünürəm ki, hər şeyin mümkün olduğunu düşünmək baxımından mənim ilham mənbəyim idi. Amma sənətkar olaraq məni yetişdirən şey həqiqətən instinktiv bir şeydir, hələ onun nə olduğunu başa düşmürəm.

 

İrana qayıtmaq sizing üçün siyasi səbəblərdən çətindir, bu sizə nə dərəcədə təsir edir?

 

Bu mənim üçün acılı-şirinli bir tarixdir. Çox şanslıyam ki, anam yanımdadır, ailəm hələ də İranda yaşayır. Ancaq gündəlik  anamla danışdığım zaman, əbədi olaraq necə ayrıldığımızı xatırlayırıq.

 

ABŞ-da ilk dövrünüz necə idi?

 

Bu ölkədə tək qaldım. Buna görə həyatımın gedişatına qərar verməli oldum. Sonrakı 10 il mənim üçün ayrıca qaranlıq bir dövrə çevrildi, çünki bu ayrılıqdan olduqca dəhşətə gəldim və maddi və emosional olaraq özümün necə qayğıma qalacağımı bilmirdim. Düşünürəm ki, bu gün gördüyüm işlərin çoxu – həzin tonu ilə, tərk edilmək, uzaqlaşmaq, daima kənarda qalmaq – hamısı mənim təcrübəmdən irəli gəlir. Bir növ sərt idi. Berkli universitetində oxuduğum müddətdə yaxşı tələbə deyildim. Məncə ən pis tələbələrdən biri idim. Bəhrə vermədim.

 

“Bu ölkəyə gələndə doğrudan da yalnız idim və öz ayaqlarım üzərində dayandım.”

Həyatınızdakı ən böyük dəyişiklik necə baş verdi?

 

Mən 10 il ərzində qeyri hökumət təşkilatında işləyirdim, bu təşkilat hal-hazırda da mövcuddur və Storefront İncəsənət və Memarlıq Mərkəzi adlanır. Bu müddət ərzində insanlar mənim işlərimdən xəbər tutdular və sərgilərə dəvət etməyə başladılar. Beləliklə də mən təsadüfən kəşf edilmiş oldum.

 

Lakin kəşf edilmək üçün diqqət çəkən sənət əsərləri yaratmış olmanız lazım idi, elə deyilmi?

 

Özümü ciddi qəbul etmə üçün mənə bir az zaman lazım oldu. Düşünürəm ki, bu ən uyğun yoldur. Təhsil alan rəssamların bir çoxu təhsillərini başa vurduqdan dərhal sonra karyera etməyi düşünürlər. Mən isə onlara deyirəm ki, “Siz həyat yaşamalısınız, karyera ehtiyacından sənət əsəri yaratmamalısınız.”

 

Sizin üçün uğur nədir?

 

Düşünürəm ki, fəxr etdiyim şeylərdən biri özümün özümü yaratmağımdır. Bu ölkəyə gəldiyimdə doğrudan da yalnız idim və öz ayaqlarım üzərində dayandım. Əgər saat burada dayansa, xəyallarımın bir çoxuna nail olduğumu düşünürəm.

 

Gələcəyinizi necə görürsünüz?

 

Hələ də yaratmaq istəyirəm. Özümü uğursuz hiss etmirəm, lakin hələ də mübarizə içərisində olduğumu hiss edirəm. Bunun müəyyən səbəbi də mənim özümdədir mən çox iddialıyam, çox böyük işlər görürəm, böyük risklərə girirəm.  Mediyamı dəyişdiyim üçün özümü yeni başlayan kimi hiss edirəm – artıq gənc olmasam da, özümü gənc rəssam kimi hiss edirəm. Hələ də özünü yenidən kəşf etmək istəyirəm və bu da məni ayaqlarım üzərində saxlayan, həyəcanlandıran səbəbdir.

Şirin Neşat Bruklin studiyasında. Gələn ay Los-Ancelesdə karyerasının ən böyük sərgisi açılır. Onun "yuxularla aludəsi" yeni əsərində əks olunur.
Xanım Neşatın "Allahın Qadınları" seriyasında xəttatlıqla üst-üstə düşən fotolar yer almışdır. (Şirin Neşat/Gladstone Qalereyası, Nyu York Brüssel)

Şirin Neşatın “Yuxular diyarı” əsərindən fraqment

Xanım Neşat valideyinləri ilə bir yerdə. O, İranda böyümüş, lakin 1970-ci illərdə yeniyətmə ikən İranı tərk etmişdir.
Xanım Neşatın Kaliforniya Universiteti, Berkeleydə oxuduğu zaman beynəlxalq tələbə bileti
Xanım Neşat 80-ci illərin sonu, Storefront İncəsənət və Memarlıq Mərkəzində işləyərəkən yaratdığı rəsm əsəri ilə
Bu məqalə VarYox tərəfindən “The New York Times” jurnalından tərcümə edilmişdir.
Tags: