Bu dəfə çoxlarının filmlərini tanıdığı və izlədiyi halda adını bilmədiyi və ya eşidib yadda saxlamadığı Spayk Conzun yaradıcılığı ilə tanış olacağıq. Əsl adı Adam Spiqel (Spayk Conz səhnə adıdır) olan amerikalı rejissor, prodüser, senarist və aktyor 22 oktyabr 1969-cu ildə anadan olub.
İlk rejissorluq işi 1991-ci ildə skeytbord sürən gənclər haqqında çəkdiyi “Video Days” (Video günləri) adlı 24 dəqiqəliq qısa filmdir. Uzunmetrajlı film yaradıcılığına isə senariləri Çarli Kaufman tərəfindən yazılan “Being John Malkovich”, 1999 (“Con Malkoviç olmaq” ) və “Adaptation”, 2002 (Adaptasiya) ilə başlamışdır. Karyerasına senarilərini özü yazıb, rejissorluğunu etdiyi “Where the Wild Things Are”, 2009, “Her” 2013 filmlərilə davam edən Spayk Conz, həm də Fatboy Slim, Veerez, “Beastie Boys” və Byörk üçün çəkdiyi kliplər, reklam filmləri, qısa və sənədli filmlərilə də məşhurdur. O, Oskar mükafatına 4 dəfə namizəd olub, bunlardan ilki “Con Malkoviç olmaq” filminə görə “Ən yaxşı rejissor” nominasiyası üzrədir. Filmin senaristi Çarli Kaufman senarini yazıb bitirdikdən sonra rejissor Fransis Ford Koppolaya göndərir. Spayk Conz həmin vaxtlarda F.F. Koppolanın qızı Sofia Koppola ilə evli idi. F.F. Koppola senarini kürəkəninə göstərir. Spayk o qədər bəyənir ki, senari üstündə özünün də işləməsi üçün Çarli Kaufmanla əlaqə saxlayır. Beləcə, Spayk Conz bu filmin rejissoru olur. O, Con Malkoviçə özü ilə eyni adda olan baş rolda oynamağı təklif edir, C. Malkoviç isə çox bəyəndiyinə və indiyədək gördüyü ən ağıllı şəkildə hazırlanan senari olmasına baxmayaraq, bu rolda özünün yox, başqasının çəkilməsini təklif edir. Hətta, Spayk Conz intervyularının birində qeyd edib ki, Holivudda filmi satmağa çalışarkən bir prodüser ona filmi başqa şəkildə, “Being Tom Cruise” formasında yazıb-yazmayacağını soruşub. Malkoviçin özü də Spayka baş rol üçün Tom Kruzu çəkməyi təklif edir. Lakin bir neçə ildən sonra o, Spaykın inadkar təklifini qəbul edir və kino tarixinin ən qəribə filmlərindən sayılan bu əsər ortaya çıxır.
Spayk Conzun adı son illərdə isə 2013-cü ilin ən populyar filmi kimi önə çıxan “Her” filmi ilə anılır. Film ona 71-ci Qızıl Qlobus və 86-cı Oskar mükafatlarında “Ən yaxşı senari” mükafatını gətirdi. Bu filmdə o, dünyanın qloballaşan, texnologiyanın həyatımızda böyük yer tutduğu bir zamanda insanın necə yalnızlığa məhkum olduğunu və bu “təklik”lə necə başa çıxmağın yollarını göstərməyə çalışırdı. Ümumiyyətlə, Spayk kinoda “Təklik” mövzusunu daha inandırıcı şəkildə işləyən tək-tük rejissorlardandır.
Yuxarıda adlarını çəkdiyimiz Fatboy Slim, Veerez, “Beastie Boys” və Byörk kimi sənətçilərin mahnılarına baxsaq, görərik ki, onlar təkcə musiqidən ibarət deyildirlər, sözlərdə daha dərin alt sütunlar var, hər şey özlüyündə səbəb-nəticə əlaqəsinə çevrilir və rasionallıqdan uzaqlaşır. “Being John Molkovich”, “Where the Wild Things Are” və “Her” filmlərinə fəlsəfi yöndən baxsaq, Spaykın təsadüfi şəkildə bu layihələrdə çalışmadığı hiss olunur. Bəs sual olunur: Nə üçün “məşhur” olsa da, tam mənada məşhur olmayan bu adamın adını çoxları yadda saxlamır?
Fikir versək, filmlərindən əlavə, kliplərini çəkdiyi sənətçiləri tam olaraq hip-hop, pank, elektonika, rəqs və ya avanqard kateqoriyalarından hansınasa aid etmək olmur. Bu kateqoriyalardan ancaq birinin içinə sığmırlar, amma eyni anda hamısında da mövcuddurlar. Spayk Conzun özü də belədir. Sonradan “kult”a çevrilsələr də, populyarlıq mənasında məşhur olmurlar, məsələn, həmin qrupların çoxu sonralar unudularaq yaddaşlardan silindilər.
Spayk Conzun isə bundan sonra unudulacağını təxmin etmirik, onun kimi rejissorlar hər şeydə bir az var olduğuna görə həyatımıza gördükləri işlərlə nüfuz edərək özlərinə yer qazanırlar.
Aytən Nəcəf VarYox jurnalının baş redaktorudur.