Sundance festivalından ən yaxşı filmlər
Sundance Film Festivalı Park Siti, Utahda yekunlaşıb və bu il festival çərçivəsində təqdim olunan, əsasən, indie ( müstəqil film) janrına meylli filmlər demək olar ki, bir siyahıya sığmayacaq qədər çoxsaylıdır. Amma aşağıda festival sonrası real dünyada baxmaq istəyəcəyiniz ( rejissorları əksərən qadınlar olan) filmlərin qısa siyahısını təqdim edirik.
“GƏNC, PERSPEKTİVLİ QADIN”
“Evanı Öldürmək” (“Killing Eve”) serialının ikinci mövsümünün prodüseri Emerald Fennel bu dəfə qisas fantastikası ilə rejissor kimi debüt edir. Film bir zamanlar gələcəyinə yüksək ümidlər bəslənsə də, ilk baxışdan naməlum, amma təxmin edə biləcəyimiz səbəblərdən təhsilini yarım qoymuş və indi gecələrini bardan-bara gedərək cinsi təcavüzkarları ovlamaq və onları çox xüsusi şəkildə hazırlanmış tələsinə salmaqla keçirən Kessinin (Keri Mulliqan) hekayəsini danışır.
Əgər Fennelin televiziya işi onun tərzi barədə nəsə deyə bilərsə, o zaman bu film qadın qəzəbi ilə üslublu komediyanın möhtəşəm sintezi, Villaneli xatırladan parlaq dodaq boyası ilə qaranlığın qarışığı tərzində bir iş olacaq. “Toxic” mahnısının bu məşum versiyası üçün filmə əlavə xallar düşür.
“DİK CONSON ÖLÜB”
Kirsten Conson bu il demensiyanın ilkin mərhələlərində olan atası haqqında qara komediya sənədli film janrında çəkdiyi filmlə tamaşaçıları heyrətləndirmişdi. Vulture vebsaytına “pretravmatik stres terapiyası” kimi təsvir etdiyi məşğələlərdə, ata-qız cütlüyü Dikin ölümünü dəfələrlə, müxtəlif dərəcəli absurd və ironiya ilə səhnələşdirərək lentə alıblar. Filmin izləyicilərdə güclü hisslər buraxacağı yəqindir (xoşbəxtlikdən Dik onillərlə psixiatr kimi fəaliyyət göstərərək, insanların hisslərini üzə çıxarmaq üzrə ixtisaslaşıb) və bizi itkilərimizlə necə üzləşməyimiz, necə əlvida deməyimiz və xatırlamağımız haqqında düşünməyi vəd edir.
“ŞERLEY”
Jozefin Dekerin “Lotoreya” və “Təpədəki Evin Kabusu” əsərləri ilə məşhur olan Şerley Cekson haqqında çəkdiyi non-biopik janrındakı film gənc bir cütlüyü müvəqqəti olaraq evinə alan Cekson (Elizabet Moss) və onun Benninqton kollecinin professor əri (Maykl Ştulbarq) haqqındadır. Bundan sonra baş verənlər hadisələrin “Kim Virciniya Vulfdan qorxur?” stilində gedişatını xatırladır, amma daha tükürpədici şəkildə əsl qorxu psixodraması ortaya çıxır.
“Madelinin Madelini” filminin rejissoru, Ceksonun mövzularını (Ceksonun bioqrafı Rut Franklinin qeyd etdiyi “xüsusən qadınların həssas olduğu psixi xəsarətlər” kimi) onun özünün təkmilləşdirdiyi janrın vasitəsilə işıqlandırmağa çalışır.
“KATİBƏ”
“MeToo dövrünün ilk böyük filmi” kimi təsvir olunan bu film, Harvi Vaynştayn hekayəsinin bədiiləşdirilmiş versiyasıdır. Filmin süjeti yüksək gücə sahib icraçı prodüserin katibəsi Ceynin bir iş günü ərzində irəliləyir və onun müdirinin zorakı davranışlar nümayiş etdirdiyi ilə bağlı artan əminliyini izləyir. Kadrdan kənar səslənmələri kənara qoysaq, adı çəkilməyən prodüser filmdə görünmür, belə görünür ki, rejissor Kitti Qrin maraqlı seçim edərək daha çox onun başçılıq etdiyi ekosistem, onu gücləndirən və cəzalandıran iyerarxiyaya üzərində diqqətini cəmləyib.
“KACİLYONER”
Miranda Culayın çoxdan gözlənilən üçüncü rejissor işi onun sonuncu filmindən demək olar on il sonra işıq üzü gördü. Film Old Dolionun (Evan Reyçel Vud) – fırıldaqçılar ailəsinin qəribə adlı qızının hekayəsini işləyir. O, mehribanlığında səmimi olan Melani (Cina Rodrigez) ilə tanış olur və bir növü oyanma yaşayır – sinisizm, fırıldaqçılıq və başqa nə varsa, hamısı haqqında. Culayın filmləri gözlənilmədən emosional zərbə endirən eksentrikliyi ilə tanınır, Kacilyoner komik zərbələri ilə birgə ağır zərbələr də endirə biləcəyini vəd edir.
“ZAMAN”
Ava DuVernayın “Onlar Bizi Görəndə” filmində ikinci komanda rejissoru kimi çalışmış Qaret Bredleyin bu sənədli filmi 20 ildən uzun müddətdir ki, ərinin həbsdən azad olunması üçün mübarizə aparan Luizianalı iş qadını və altı uşaq anası Foks Riçin hekayəsini danışır. Bredleyin ixtiyarına verilmiş “video gündəliklər” (Riçin 20 il müddətində çəkdiyi və ərinə göndərdiyi ailə videoları) şübhəsiz olaraq bu filmdə parlayacaq, Amerikadakı kütləvi həbs və bunun qaradərili ailələrə olan təsiri fonunda ailə sədaqətinin intim portreti rolunu oynayacaqlar.
“MİNARİ”
Li Ayzak Çunq dördüncü tammetrajlı filmi üçün Ozark dağları ilə bağlı uşaqlıq xatirələrinə dönür. Minari Arkanzasın balaca şəhərində yeni həyatına öyrəşməyə çalışan yeddi yaşlı Koreya əsilli amerikalı oğlan David haqqındadır. Onun atası (Stiven Yeun) ailəni Qərb Sahilindən köçürdüb və Davidin nənəsi də Koreyadan gələrək burada onlara qoşulub. Çunqun yarı-avtobioqrafik filmi Park Sitidə müsbət qarşılanıb və artıq A24 şirkəti filmin paylanma işlərini öz üzərinə götürüb (üstəlik, Variety filmi “Moonlight” və “Lady Bird” kimi açıqürəkli yarı – memuarlara bənzədib, hansı ki, bu növ filmlərdən nə qədər çəksən, yenə də bəs etmir).
HEÇ VAXT, NADİRƏN, BƏZƏN, HƏMİŞƏ
Sundance-ə sakit, indie yeniyetmə filmlərinin çıxması baxımından həmişə etibar edə bilərik və “Heç Vaxt, Nadirən, Bəzən, Həmişə” Pensilvania əyalətindən Nyu – Yorka valideyn razılığı olmadan abort etmək üçün səyahət edən hamilə yeniyetmə və ona dəstək olan xalası qızının hekayəsi bu janra edilən təsirli əlavələrdən biridir. Eliza Hittmanın filmi iki gənc qadının psixikasına və dostluğuna açılan intim baxışdır, onlar sağlamlıq seçimlərindən, böyük şəhərin küçələrindən, kişilərin əyri baxışlarından və verməli olduqları böyük qərarlardan baş çıxarmağa çalışarkən, aralarında sadəcə bir ağır çamadan yük var.
“ÇEÇENİSTANA XOŞ GƏLMİSİNİZ”
2017-ci ildə Çeçenistanın lideri Ramzan Kadırov respublikada “anti – gey təqibləri” kimi bilinən, dövlət tərəfindən maliyyələşən qorxunc (və kifayət qədər müzakirə olunmayan) əməliyyatları başlatdı. Nəticədə homoseksual çeçen kişilər işkəncə, saxlanma, yoxa çıxarılma və qətl ilə üz-üzə qaldı. Devid Fransın bu sənədli filmi (“Vəba Zamanı Sağ Qalmaq” və “Marşa P. Consonun Ölümü və Həyatı” kimi əhəmiyyətli filmlərin müəllifi) homoseksual kişi vətəndaşları respublikadan çıxarmağa, onlara dəstək göstərməyə və başqa bir yerdə sığınacaq tapmalarına yardım etməyə çalışan ağlasığmaz anderqraund aktivist şəbəkəsindən bəhs edir. Film Sundance tənqidçilərini heyrətləndirib və şübhəsizdir ki, iyunda baş tutacaq HBO premyerasından sonra izləyicilərə dərin hisslər yaşatmağa davam edəcək.