Azərbaycanın tanınmış sənətçiləri beynəlxalq incəsənət sektorunda arasıra mənfi münasibətlə üzləşdiklərini deyirlər.
Son illərdə qərb demokratiyaları xarici siyasətlərində tez-tez “ikili standartlar” tətbiq etməkdə günahlandırılır.
Beynəlxalq siyasət və insan hüquqları mütəxəssisi və hazırda Kanadanın Vankuver şəhərinin Simon Fraser Universitetində alim və mühazirəçi olan Amin Sacunun bir məqaləsində incələdiyi kimi Qərb liderləri və institutları Rusiyanın Ukraynanı işğalına etiraz etmək üçün beynəlxalq hüquqa söykənsələr də, digər münaqişə zonalarında bu hüququ gözardı edə bilərlər.
2020-ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasında müharibə başlarkən, “Qərbin bəzi media qurumları münaqişəyə dair məlumat verəndə açıq-aydın qərəzli münasibət göstərdilər”, – Brüsseldə yerləşən müstəqil media qurumu “EU Reporter” belə yazır. Məqalədə deyildiyi kimi, istər müstəqil ekspertlər, istərsə dünyaca tanınmış media qurumları (məsələn, Birləşmiş Krallıqda yerləşən BBC və Fransada yerləşən The Observers) Azərbaycana qarşı doğruluğu təsdiqlənməyən “saxta xəbərlər” paylaşırdı.
Bundan əlavə, “Dağlıq Qarabağı” çəkinmədən “mübahisəli ərazi” adlandırır və bununla da ərazini Azərbaycan Respublikasının bir hissəsi sayan beynəlxalq hüququ inkar edirdilər. Hətta bəzi qərb xəbər saytları torpaq münaqişəsini dini münaqişə kimi qələmə verməyə çalışırdı. Məsələn, BBC bir məqaləsində “Ermənistan əhalisinin əksəriyyətcə xristian, Azərbaycan əhalisininsə müsəlman” olduğunu ayrıca vurğulamaq ehtiyacı duymuşdu.
Bəs incəsənət dünyası siyasətdən uzaqdırmı?
Çağdaş Azərbaycan sənətçiləri, əksinə, siyasətin tez-tez incəsənətə qarışdığını deyirlər. Bu yazı üçün müsahibə verən sənətçilər Ermənistan və Azərbaycan arasında 2020-ci ildə baş vermiş müharibə zamanı və müharibə bitdikdən sonra özlərinə qarşı diskriminasiya halları ilə üzləşdiklərini deyirlər.
455 sözlü müsahibədən nə qaldı və necə qaldı?
2020-ci il noyabrın 3-də “Artnet News” jurnalından gələn elektron məktub azərbaycanlı sənətçiləri çox ümidləndirmişdi. Onlar düşünmüşdü ki, bu, müharibə şəraitində – qarşılıqlı düşmənçiliyin tüğyan etdiyi bir vaxtda incəsənətdən faydalanıb dialoq qurmaqdan ötrü bir fürsət ola bilər. Jurnalın Avropa üzrə redaktoru Keyt Broun “birbaşa regionda yaşayan sənətçilərlə danışaraq, onların Dağlıq-Qarabağ münaqişəsinə dair narahatlıq, təcrübə və ümidləri haqqında yazı yazmaq” istədiklərini bildirirdi. Di gəl, məqalə dərc ediləndə yazı üçün müsahibə verən azərbaycanlı sənətçilər “sarsıntı keçirir”. Azərbaycanın ünlü sənətçisi Faiq Əhmədin meneceri Olqa Seleznyova deyir ki, o da, Faiq də digər azərbaycanlı sənətçilər kimi düşünmüşdülər ki, bu məqalə incəsənətin savaşsonrası yaraları necə sağalda biləcəyi və 30 illik münaqişədən sonra münasibətlərin və dialoqun qurulmasına necə kömək edəcəyi haqqında olacaq. Ancaq belə olmadı. Faiq Əhmədin sözlərinə görə, redaktə zamanı onun müsahibəsini tam kəsib-doğrayaraq, 455 sözlü müsahibədən yalnız 2 cümlə saxlamış və bu da yetməz kimi, cümlələrdən birini qəsdən kontekstdən çıxarmışdılar. Onun müsahibəsində bütün etnik qruplara məxsus insanların Azərbaycanın qanuni sərhədləri daxilində barış içində yaşamaq istədiyini və incəsənətin yaraları sağaldıb insanları birləşdirə biləcəyinə ümid etdiyini söylədiyi hissədən “Artnet News” yalnız bir cümlədən yararlanmışdı: “O deyir ki, artıq Şuşada sərgi hazırlamağa başlayıb”. Orijinal mətnsə belə idi: “Azərbaycan həmişə multikultural, multietnik və bütün dinlərə dostca yanaşan yer olub. Mən Azərbaycanın bütün xalqlarının … ölkənin qanuni sərhədləri çərçivəsində sülh içində yaşamalarını istəyirəm. Və mən bilirəm ki, işğaldan qurtarılma tarixi yaxındır. O üzdən, mən artıq Şuşada sərgi hazırlamağa başlamışam. İncəsənət hər birimizin anlayacağı dildir, incəsənət sərhəd tanımır, yaraları sağaldır və fərqli insanları birləşdirir”.
Qərəzsiz xəbər fotosu necə olmalıdır?
Məqalədə beynəlxalq hüquq pozulur və 2 dəfə “Dağlıq Qarabağ” “mübahisəli ərazi” adlandırılır. Bakıda yaşayan fotojurnalist Əhməd Muxtar deyir ki, sözügedən jurnal “jurnalistikanın ədalət və tərəfsizlik prinsiplərini də pozur”. Onun sözlərinə görə, belə həssas mövzulu məqalələrdə tərəfsizliyi qorumaqdan ötrü orada verilən ilk foto diqqətlə seçilməlidir. Həmin foto ya tam tərəfsiz olmalı, ya hər iki tərəfin həqiqətini əks etdirməli (bundan ötrü iki fotonu yanbayan vermək olar), ya da tərəflər arasında körpü quracaq bir fotoşəkil olmalıdır. Bu məqalədə isə ilk foto xristianlara məxsus “məbədin dağıntıları içində dağıdılmış dini rəsmin şəklidir”, yerdəqalan iki fotoda da xristian ikonası və monastırı görüntülənib. Əhməd Muxtar Azərbaycanın Ağdam rayonundan olan məcburi köçkündür. 1993-cü ildə Ermənistan ordusu Ağdam rayonuna hücum edib onu işğal etdiyi zaman Əhməd ailəsi ilə birgə Ağdamdan qaçmağa məcbur qalıb. O, hələ uşaq yaşlarından Ermənistanla Azərbaycan arasındakı münaqişədən əziyyət çəkdiyindən, iki ölkə arasında sülhü təbliğ etmək qərarına gəlib və 10 ildən çoxdur ki, ardıcıl şəkildə sülh layihələrinə qatılaraq, onların fəal iştirakçısına çevrilib. Münaqişə mövzusu və sülh fəaliyyətlərində təcrübəli fotojurnalist kimi Əhməd Muxtar “Artnet News” saytının məqaləsindən ciddi narahatlığını gizlətmir: “Belə qərəzli məqalələr yazmaqdan daim çəkinmək lazımdır. Axı bu cür yazılar, adətən, münaqişəni qızışdırır və özəlliklə tərəflər arasında aktiv müharibə getdiyi bir ortamda düşmənçiliyi artırır”.
Amma məqalə yenə də dərc edilir
Məqalədə Azərbaycan tərəfinin itkiləri haqqında ya heç yazılmayıb (məsələn, Ermənistan ordusunun müharibə zonasından uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinə raket hücumları və nəticədə çoxsaylı mülki əhalinin ölməsi və yaralanması, ev-eşiksiz qalması qeyd edilməyib), ya da olub-bitənlər ümumi və qeyri-spesifik sözlərlə təsvir edilib (məsələn, “Azərbaycanın bir neçə tarixi yeri də dağıdılıb” deyilir, amma nə yerin və dağıdılan qurumların adı, nə də onların nə zaman və kim tərəfindən dağıdılması haqqında bilgi verilib). Erməni tərəfinin itkiləri isə, tam tərsinə, detallarıyla təsvir edilir. Məqalə üçün müsahibə verən azərbaycanlı sənətçilərin hamısı etiraz etsə də, məqalədən sadəcə müsahiblərin fotoşəkilləri çıxarılıb və mətn iki redaktəyə məruz qalıb (məqalənin sonunda qeyd edilən dəyişikliklər). Bütün etirazlara baxmadan məqalə həm dərc edilib, həm də müəlliflər hər hansı digər dəyişiklikdən boyun qaçırıblar.
“Köklü” sözü çox millətçi ifadədir?
Bundan bir neçə ay sonra, 2021-ci ilin fevralında Bakıda yaşayan fotoqraf Mələk Bayramlı Qarabağ mövzulu layihəsinə görə “DokuBaku” adlı beynəlxalq film festivalı nəzdində keçirilən DokuBaku LAB laboratoriyasından səsvermə zamanı çıxarılıb. Münsiflər heyətinin əcnəbi üzvləri onun layihəsini “çox millətçi” adlandırıb və bunu Mələyin layihəyə yazdığı qısa açıqlama mətnində muğam musiqisini Qarabağın köklü musiqi növü olduğunu bildirməsiylə əsaslandırıb. Münsiflər heyətinin əcnəbi üzvlərinin fikrincə “köklü” sözü çox millətçi bir ifadə olub, müsabiqənin tərəfsizlik qaydalarına zidd sayılmalıdır. Mələk bir azərbaycanlı olaraq Qarabağ haqqında danışmağa icazə verilmədiyindən çox məyus olduğunu vurğulayır və seçim komitəsi tərəfindən senzuraya məruz qaldığını hiss etdiyini deyir. Axı layihəsinin məzmun və üslubuyla bağlı heç bir konstruktiv tənqid almadığı halda, əcnəbi münsiflərin Ermənistanla Azərbaycan arasındakı münaqişəyə dair qərəzli fikirləri ucbatından layihəsi kənarlaşdırılıb. “DokuBaku” Azərbaycanda keçirilən müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. Festivala təqdim olunan filmləri müstəqil azərbaycanlı və əcnəbi peşəkarlardan ibarət seçim komitəsi seçir. DokuBaku LAB festival çərçivəsində yerli kinorejissorlar üçün keçirilən təlim proqramıdır.
Parisdə yaşayan azərbaycanlı rəssam Babi Bədəlov deyir ki, Qarabağ münaqişəsi erməni perspektivindən təqdim edildiyi zaman qərb təşkilatları nadir hallarda ciddi tərəfsizlik tələb edir: “2021-ci ildə çəkilmiş “Black Bach Artsakh” (“Qara Bax Artsax”) filmi sakitcə Avropanın şəhərlərini gəzdi və filmin nümayişini maliyyələşdirən Avropa təşkilatları nə etirazlarını bildirdi, nə də tərəfsizlik tələb etdi”. “Black Bach Artsakh” Qarabağın erməni sakinləri ilə 2007-ci ildə alınmış müsahibələr əsasında Ayreen Anastas və Rene Gabri tərəfindən çəkilmiş filmdir və beynəlxalq hüquqda Azərbaycanın qanuni ərazisi sayılan Qarabağda görüntülənib. Özünü “müstəqil dövlət” elan etmiş “Artsakh”ın suverenliyini, Ermənistan da daxil, BMT üzvü olan heç bir dövlət tanımır. Amma yenə də filmin adı suverenliyi tanınmayan dövlət adını əks etdirir və məzmunu isə yalnız Qarabağın erməni sakinlərinin mövqelərindən ibarətdir. Qarabağın azərbaycanlı sakinləri filmdə yer almır və heç bir yerdə qeyd edilmir ki, filmdəki müsahibələrin alındığı zamandan 13 il öncə 800 minə yaxın azərbaycanlı Qarabağdan qaçmaq məcburiyyətində olub. Səbəb də odur ki, Ermənistan ordusunun hücumları nəticəsində sözügedən torpaqlar 1991-ci ildən 1993-cü ilədək 3 il ərzində tam işğal edilib və orada tək bir azərbaycanlı sakin də qalmayıb.
13 il öncə və 13 il sonra arasında ortaq nöqtə var?
Film Berlin Beynəlxalq Kino Festivalında və daha sonra Avropanın başqa şəhərlərində, o cümlədən Avropa İttifaqının Əməkdaşlıq layihəsi olan ‘4Cs: from Conflict to Conviviality Through Creativity and Culture’ (red. azərbaycanca: ‘4C: Yaradıcılıq və Mədəniyyət Vasitəsilə Münaqişədən Şənliyə’ layihəsi) tərəfindən Parisdə və Londonda göstərilib. Azərbaycan hökumətinin rəsmi etirazından sonra Berlin Beynəlxalq Film Festivalı filmin təsvirinin bir hissəsini öz internet səhifəsindən silsə də, filmi proqramdan çıxarmaqdan imtina edib. İMDB filmlər saytında da filmin təsviri hissəsi boş saxlanılıb. Paris və Londondakı nümayişlərdəsə filmin təsviri təşkilatçıların internet səhifələrində öz ilkin formasında – faktlara əsaslanmayan, saxta məlumatlardan ibarət və spekulyativ biçimdə verilib. Təsvirdə deyilir: “Film Artsakh adlı yerdə 2007-ci ilin hadisələrini yada salır – bu il orta nöqtədir – Dağlıq Qarabağın erməni əhalisinin azadlıq və öz müqəddəratını çözmə mübarizəsində düşmənçiliyin dayandığı 1994-cü ildən 13 il sonra və Azərbaycanın avtoritar hökumətinin Türkiyə hərbçilərini və minlərlə Suriyalı muzdlu əsgəri cəlb edərək bu əraziyə öz suveren torpağı kimi hakim olmaq üçün onu işğala başladığı 2020-ci ildən 13 il öncə”.
Bütün hallarda film Azar Mahmudianın kuratoru olduğu “Sensible Grounds (red. azərbaycanca: Məntiqli əsaslar)” adlı proqram çərçivəsində göstərilib.
Beynəlxalq hüquq nə vaxt yada düşməlidir?
Berlin Beynəlxalq Film Festivalı Almaniya Federativ Hökumətindən maliyyə dəstəyi alır. Parisdə filmin nümayişini Ensad və Creative Europe, Londonda isə Royal College of Art ilə Creative Europe birgə maliyyələşdirib. Qeyd edək ki, Ensad və Royal College of Art, uyğun olaraq, Fransa və Birləmiş Krallıq hökumətlərindən maliyyə dəstəyi alan dövlət təhsil müəssisələridir. Creative Europe isə “Avropa Komissiyasının mədəniyyət və audiovizual sektorlara dəstək vermək məqsədi daşıyan proqramıdır” və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Bu yaxınlarda Berlin Beynəlxalq Film Festivalı öz internet səhifəsində Rusiyanın Ukraynaya qarşı müharibəsini pislədiyinə dair banner yerləşdirib və buna müharibənin “beynəlxalq hüququ pozduğunu” səbəb göstərib. Amma 2021-ci ildə “Black Bach Artsakh” filmini proqrama salan zaman həmin beynəlxalq hüquq yada düşməyib.
Üzr istəmək problemi həll edirmi?
Bu il martın 9-da Düsseldorf şəhərində yerləşən Weltkunstzimmer İncəsənət Mərkəzi Cənubi Qafqazlı sənətçilərə rezidensiya (red. – yer, iqamətgah) imkanı yaratdığını elan edib. Sözügedən mərkəz Hans Peter Zimmer Fonduna məxsusdur. Bu elandakı bir məqam diqqət çəkir. Bildirilir ki, layihəyə yalnız Ermənistan və Gürcüstan sənətçiləri qatıla bilər. Zuzu Zakaria – Finlandiyada yaşayan Norveçli, amma etnik azərbaycanlı elektron musiqi bəstəkarı və ifaçısı həmin elana çox təəccübləndiyi deyir, axı Cənubi Qafqaz bölgəsini əhatə edən bütün beynəlxalq layihələr hər üç ölkəni – Azərbaycan, Ermənistan və Gürcüstanı nəzərdə tutur. Zuzu Weltkunstzimmer Mərkəzinin Facebook paylaşımına ictimai etirazını bildirən bir neçə azərbaycanlı sənətçi arasında idi. Martın 27-də Mərkəz etirazlara cavab verərək mətndə “buraxılmış səhvə görə üzr istəyir” və paylaşımındakı “Cənubi Qafqaz” sözünü “Ermənistan və Gürcüstan” sözləriylə əvəzləyir. Mətnə dəyişiklikdən sonra paylaşımın şərhlər bölməsini qapadır. Zuzu düşünür ki, Azərbaycanı layihəyə daxil etməmək ayrı-seçkilikdir və “layihəni dövlətin maliyyələşdirməsi də nəzərə alınaraq” buna yol verilməməliydi. Mayın 9-dan iyulun 3-dək baş tutmuş bu rezidensiyanı Almaniyanın Şimali Rayn-Vestfaliya Torpağının Mədəniyyət və Elm Nazirliyi və Düsseldorfun Mədəniyyət Ofisi maliyyələşdirib.
Azərbaycan sənətçilərinə qarşı ən son ayrı-seçkilik “Cənubi Qafqazda Sənədli Fotoqrafiya” layihəsi çərçivəsində baş verib. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi bu tədbir 2022-ci ilin iyulunda Tbilisidə keçirilib. Söhbət beşillik olması nəzərdə tutulan, Ermənistan, Azərbaycan və Gürcüstanda sənədli fotoqrafiya və film sahəsinin inkişafına dəstək məqsədi daşıyan layihənin birinci ilindən gedir. Gözlənilməz şəkildə erməni sənətçilər azərbaycanlı sənətçilərlə yan-yana sərgilənməkdən boyun qaçırır. Sərginin təşkilatçıları – Gürcüstan Sənədli Fotoqraflar Assosiasiyası və Adjara Qrup – azərbaycanlı iştirakçılarla məsləhətləşmədən erməni sənətçilərin sərginin ilk iki həftəsində, azərbaycanlılarınsa son 2 həftədə sərgilənməsini qərara alır.
“Səsinizi duyurun və ədalət tələb edin”
Üstəlik, sərginin azərbaycanlı sənətçilər olmadan – gürcü və erməni sənətçilərlə açılışına da qərar verilir. Sərgiyə seçilmiş azərbaycanlı fotoqraflardan Sitarə İbrahimbəyli deyir ki, “Çox məyus olduq. Bizi heç bu müzakirəyə çağırmamışdılar. Bizi fakt qarşısında qoyub layihənin bu cür icra ediləcəyini dedilər”. Azərbaycanlı sənətçilərə açılışda iştirak edə bilməyəcəkləri üçün bağlanış mərasiminə qatılmaları təklif edilib. Amma açılış zamanı məlum olur ki, erməni sənətçilərin əsərlərinin bir hissəsi Qarabağ münaqişəsini əhatə edir və beynəlxalq hüququ pozan mətnlərlə müşayiət edilir. Azərbaycanlı sənətçilərin və Azərbaycanın Tbilisidəki səfirliyinin rəsmi etirazından sonra təşkilatçılar təkcə bu mətnləri deyil, onlarla birgə sərgidə nümayiş etdirilən bütün fotoların mətnlərini çıxarmağı qərar alırlar. Nəticədə, sərgidə iştirak haqqı qazanmış 10 azərbaycanlı fotoqrafdan 6-sı ayrı-seçkilik və sayqısızlıq hiss etdiyindən, layihədən çıxır. Sonda təşkilatçılar azərbaycanlı iştirakçılardan baş verən narahatlıq üçün üzr istəyib və gələn il layihənin keçirilməsinə, əsərlərin seçilməsinə və sərginin təşkilinə daha diqqətli və detallı yanaşacaqlarını söz veriblər.
“Biz bir çox beynəlxalq layihələrdə iştirak edirik və bir sıra təşkilatlardan dəstək görürük. Amma bu o demək deyil ki, biz yanlış hallara susmalıyıq. Üzləşdiyimiz ayrı-seçkilik halları həm peşəkar, həm də mənəvi cəhətdən bizə mənfi təsir edir. Buna son verilməlidir. Biz bütün beynəlxalq təşkilatlara və maliyyə qurumlarına səslənir və tələb edirik ki, onlar beynəlxalq hüquqa riayət etsinlər və tərəfsizliyi qorusunlar. Qərəzli yanaşmalara dəstək verərək münaqişəni dərinləşdirməsinlər. İnanıram ki, incəsənət yaraları sağalda bilər və mədəniyyət insanları birləşdirə bilər. Həmkarlarıma isə demək istəyirəm ki, diskriminasiya ilə üzləşdiyiniz zaman özünüzü əsla çarəsiz hiss etməyin, səsinizi duyurun və ədalət tələb edin”, – Sitarə İbrahimbəylinin sözləridir.