74-cü Kann Film Festivalı

Pandemiyanın dünyaya və xüsusilə də, kino aləminə yaşatdığı böyük zülmdən sonra 2020-ci ildə keçirilməli olan 73-cü Kann Film Festivalının təxirə salınması biz – “kino dəliləri” üçün yenilənməyə şans oldu. Amma bir ildən sonra festivalın direktoru Tyeri Fremo bizi yenidən dəli edəcək xəbəri – 74-cü Beynəlxalq Kann Film Festivalının 6-17 iyul tarixləri aralığında onsayt formatda keçiriləcəyini elan etdi.

24 rejissorun yeni filmlərini nümayiş edəcəyi festivalın əsas proqramında münsiflər heyətinə prezident qismində dəvət edilən Spayk Li həmçinin özünün yeni “Da 5 Bloods” filminin premyerasını festivalın əlavə proqramında (Out of the Competition) edəcək.

Deməli, açılışı fransız “art house” rejissoru Leos Karaksın ilk ingilis dilli “Annette” filmi ilə ediləcək əsas proqramda Pol Verxovun “Benedetta”, Bruno Dyumonun “Par un Demi Clair Matin”, Şon Penin “Flag Day” və digər filmlərlə yanaşı, nəhayət ki, bir çox insanın gözlədiyi və çəkilişlərinin çox hissəsinin Fransada olduğu Ves Andersonun “The French Dispatch” filmi də yer alır.

Həmçinin, iki dəfə Oskar qalibi olmuş iranlı rejissor Əsgər Fərhadi yeni “A Hero”, rusiyalı məşhur və bir çox kino mütəxəssisləri tərəfindən ciddi təzyiqlərə məruz qalmış rejissor Kirill Serebrennikov isə “Petrov’s Flu”, 2001-ci ildə “The Son’s Room” filminə görə “Palme d’Or” qazanmış italiyalı rejissor Nanni Moretti isə yeni “Three Floors” filmi ilə müsabiqəyə qatılır.

Festival ərzində bizi digər maraqlı nüanslar da gözləyir. Misal üçün, ilk dəfə 13 yaşında Kann Festivalında “Taxi Driver” filmində aldığı rol ilə qatılan Jodi Fosterə bu dəfə festivalın fəxri “Palme d’Or”u təqdim ediləcək. Nüfuzlu rejissorlardan olan Qaspar Noe özünün yeni sürpriz əsəri olan “Vortex” filmini festivalın Premyera Bölməsində (Premiere Section) nümayiş edəcək. Filmdə həmçinin ikonik italiyalı rejissor Dario Argento da rol alıb.

Ənənəvi olaraq festivalla paralel keçirilən “Critics` week” (Tənqid həftəsi) və “Directors` fortnight” (Rejissorların 15 günü) proqramları da 7 iyuldan etibarən baş tutacaq. Tənqid həftəsində bizi 13 filmin dünya premyerası gözləyir. Maraqlı nüans isə bu proqramın münsiflər heyətinə 2007-ci ildə festivaldan “4 months, 3 weeks and 2 days” filminə görə “Palme d’Or” ilə qayıdan rumıniyalı rejissor Kristian Mundjiu prezident qismində dəvət olunub. “Rejissorların 15 günü”nə isə 25 filmin nümayişi təsdiqlənib.
Qısası, uzun sürən pandemiyadan sonra bizi əsl kino səyahəti gözləyir. Hazırsınız?

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir