Geştalt terapiyada texniki bacarıqlara və yaradıcılığa müqayisəli baxış (ikinci hissə)
“Estetik baxış diqqətimizi duyğularımıza yönəldir. Estetik üsulla biz – geştalt-terapevtlər öz duyğularımızdan istifadə edib kontakt sərhəddində başqasını, özümüzü və sahəni tanıya bilirik. Biz müştəri ilə olan kontaktda duyğularımızdan, bu duyğulardan kontakt üçün yaranan enerjidən istifadə edərək ünsiyyətdə nəyin bizim daxilimizdə “titrəmə” yaratdığına cəmlənirik. Səhnənin ən titrədici hissəsində “drama” var: kontakt üçün enerji az qala partlamağa hazırdır, çünki kontakt hələ tamamlanmayıb. Terapevt müştəridəki bu halı – prosesi tamamlamaq üçün olan gərginliyi (now-for-next) tanıyır və eksperiment təklif edərək onu reallaşdırmağa şərait yaradır” (M. Spagnuolo-Lobb).
Psixoterapevt prosesin axınına və gözəlliyinə diqqət yetirərək ona təsir edir. Bunun üçün o, həm kontaktda nə ola biləcəyinə, həm də nəyin çatmamasına əsaslanır. Olmama (dissosiasiya) da kontakt prosesinin vacib hissəsidir, o xaric not kimi və ya musiqi əsərinin ahəngində əlaqəsizlik kimi qavranıla bilər.
G.Francesetti xarici diaqnozu psixoterapevtik vəziyyətin ərazisinin xəritəsi ilə müqayisə edir. Estetik diaqnoz isə terapevtin bu situasiya ilə səyahət edərkən istifadə etdiyi istiqaməti duymasıdır. Hər iki diaqnoz tipi terapevt üçün vacibdir. Xəritə ümumi bir baxış və anlayış verir, oriyentasiya hissi tanış olmayan ərazi ilə hərəkət etməyə və vəziyyətə əsasən qərarlar qəbul etməyə kömək edir.
Estetik meyar həmçinin sahə fenomenlərini görə bilmək üçün də vacibdir. Müəlliflər onları 3 komponentə ayırır: kontaktda varlıq (presence), sintonluq (köklənmə) və rezonans. Sintonluq anlayışı empatiya anlayışı ilə üst-üstə düşür. Terapevtin rezonansı isə psixoterapevtik görüş zamanı yaranan hisslərdir, lakin müştərinin hisslərinə uyğun deyil, məsələn, müştəri kədərlidir, lakin terapevt bu zaman darıxır. Rezonans psixoterapevtə müştərinin əziyyətinin görünməyən tərəfləri – “Ayın görünməyən tərəfi” haqda məlumat əldə etməyə kömək edə bilər (M. Spagnuolo-Lobb).
Psixoterapiyada diaqnoz formalaşdırmaq üçün istifadə olunan üç perspektivə də nəzər salmağı təklif edirəm.
- Simptomatik perspektiv. Psixoterapevt simptomlara diqqət yetirir, hansı funksiyaların pozulduğunu müəyyənləşdirir. Geştalt terapiyada da özünəməxsus qüsurlu işləmə əlamətləri var, məsələn “introektor” və ya “sərhəddi şəxsiyyət tipi”. Tibbi modeldən fərqli olaraq, geştalt terapiyadakı simptom hər hansı bir pozuntunun “möhürü” deyil, daha dinamik olan self-paradiqmanı təsvir edir. Bundan əlavə, geştalt terapiyada simptomatik diaqnoz relyasionaldır, müştərinin daxilində baş verənləri deyil, onun başqası ilə kontaktda nə yaratdığını təsvir edir. Məsələn, introeksiya müştərinin terapevtlə ünsiyyətdə yaratdığı şeydir. Bu da onu digər psixoterapevtik və tibbi modellərdən fərqləndirir. Beləliklə, psixoterapevtin diqqət mərkəzində müştəri deyil, psixoterapevt-müştəri arsındakı kontaktdır. Simptomlar isə donmuş səhnədən dinamik prosesə çevrilir. Simptomatik yanaşmanın üstünlüyü ondadır ki, bu üsulla müştərinin diqqətimizi üzərində cəmləməli olduğumuz xüsusiyətini önə çıxarmaq olar. Məsələn, müştəri psixotik quruluşa malik ola bilər, yaxud intihar davranışı olar və ya həyatında travmatik bir təcrübəyə sahib ola bilər. Bütün bunlar hər bir halda ona müvafiq kontakt üsulunun tətbiq olunmasını tələb edir.
- Kontekstual və ya sistem perspektivi. Bu baxış sistemli ailə psixoterapiyasından götürülüb. Simptoma daha geniş bir kontekstdə baxılır: problemli davranış ətrafında sistem necə yaradılır, problem necə təyin edilir, problem necə yaradılır, hansı fayda gətirir və s. Simptomatik yanaşmadan fərqli olaraq, burada simptom fərdin funksiyası deyil, sistem (məsələn, ailə) daxilindəki qarşılıqlı münasibətlərin bir hissəsidir. Simptomatik perspektivdə xətti səbəb-nəticə əlaqələri əsas izahedici mexanizmdirsə, kontekst perspektivində sirkulyar (dövri) səbəblər belə bir mexanizmə çevrilir. Kontekstual perspektiv linqvistik reallıqlardan yaranır, bu, onu sahə perspektivindən fərqləndirir, sahə perspektivi nitqöncəsi reallığa əsaslanır. Sahə estetik yolla, yəni hisslər vasitəsi ilə qavranılır.
- Birgə yaradıcılıq perspektivi. Psixoterapevt müştərinin nə deməsinə deyil, onu necə söyləməsinə, terapevtin özündə bununla əlaqədar hansı reaksiyanın yaranmasına və bu görüşdə kontaktın necə inkişaf etdiyinə fokuslanır. Depressiyası haqda danışan müştəri, həm də bu depressiyanı “terapevt-müştəri” kontaktına gətirir. Bu zaman psixoterapevt depressiyanın burada və indi necə yaradıldmasına, psixoterapevt və müştərinin hər birinin depressiyanın birgə yaradılması üçün göstərdikləri səylərə fokuslanır. Nə müştəri, nə də terapevt ayrılıqda qiymətləndirilmir, situasiyaya diaqnoz qoyulur. Müştərinin və psixoterapevtin hər birinin sahəni yaratmağının öz üslubu var, onların görüşü zamanı yaranan sahə hər dəfə unikaldır və burada həmişə yeni, unikal addımlar atıla bilər.
Xarici və daxili diaqnozların, eləcə də sahə prosesinin qiymətləndirilməsi kateqoriyalarını nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, xarici diaqnostika psixi və terapevtik proseslər haqqında biliklərə əsaslanıb, iş üçün faydalı şablonlar şəklində təşkil olunub. Bunu texne adlandırmaq olar: terapevt müşahidə etdiyi prosesləri bu proseslər haqqında biliklərlə müqayisə edir, diaqnoz qoyur və müdaxilə üçün hazır texnikalardan istifadə edir. Simptomatik və kontekstual perspektivlər xarici diaqnozun üsulları olacaq, diaqnoz qoymaq üçün təlim zamanı qazandığımız biliklərə əsaslanacağıq. Burada psixoterapevt öz ustalığına, bilik və təcrübəsinə güvənir, texniki bacarıqlarından yararlanır.
Birgə yaradıcılıq perspektivi isə estetik diaqnostikada aktualdır. Estetik diaqnostika psixoterapevtin özünü və situasiyanı dərk etməsinə (onun konqruyentliyinə), hisslər vasitəsi ilə qavramaya, ünsiyyətdə baş verənlərə heyrətlənməyə və öz hisslərinə toxunulmağa hazır olmağa, heç bir məna tapa bilmədiyin şəraitdə tolerant qalma qabiliyyətinə və sair xüsusiyyətlərə əsaslanır. Bu yolla terapevt ünsiyyətdə gözəllik yaradır, yaradıcı iş görür. Beləliklə o, canlı ünsiyyəti donmuş şəkillə (yəni xəstəlik barədə təsəvvürlə) əvəz etmək və müştəri deyil, onun haqqında öz təsəvvürünü müalicə etmək təhlükəsindən qurtarır. Bunun üçün psixoterapevt sahə prosesinə əsaslanacaq. M.Parlettin sahəni xarakterizə etmək üçün təqdim etdiyi 5 prinsip: təşkilatlanma, vahid zamanda başvermə, təkrarolunmazlıq, dəyişən proses və mümkün əhəmiyyət prinsipləri bizim üçün elə bir yer təsvir edir ki, burada universal biliklər, müdriklik, və ya texniki bacarıqlar deyil, praktiki müdriklik, hər bir konkret situasiyada düzgün qərar qəbul etmək bacarığı daha əhəmiyyətli olur. Yəni, fronezis episteme, sofiya və texnedən daha üstün olur.
- Francesetti də öz məqaləsində sahə nəzəriyyəsinin texne deyil, fronezis olduğunu qeyd edir.
Sintonluğa və rezonansa əsaslanan terapevt müştəri ilə kontaktda varlığını (presence) modulyasiya edir və bu zaman yalnız kontakta fokuslanır. Yəni estetik diaqnostikada terapevtin ünsiyyətdə qalmağı və bundan sonra nə edəcəyini müəyyənləşdirmək üçün kənardan nəyəsə, yaxud kiməsə ehtiyacı yoxdur. Ünsiyyəti qiymətləndirmək üçün o, öz intuisiyasına güvənir və dərhal növbəti müdaxilənin necə olacağını təyin edə bilər. Bu proses koqnitiv analizindən əvvəl baş verir və nitqdən öncə yaranır. Sonradan terapevt, bəlkə də nə üçün belə bir qərar verdiyini izah edə bilməyəcək. Deyəcək ki, bunu həmin anda daha düzgün bilərək edib. Təsvir olunan yolla estetik meyar həm də diaqnoz və terapiya arasında əlaqə yaradır, bununla da diaqnostika və terapiya proseslərinin vahidliyini göstərir.
Qeyd etmək lazımdır ki, sahə perspektivində sahə haqqında ümumi biliklər ola bilər, əvvəldən sınaqdan keçirilmiş texnologiya istifadə olunar. Müxtəlif müəlliflər öz əsərlərində bir sıra sahələri tədqiq və təsvir edirlər: məsələn, depressiv, psixotik, panik sahələrin xüsusiyyətləri təsvir olunub. Bu biliklər həm təhsil prossesində tələbələrə, həm də psixoterapevtik kontakt zamanı terapevtlərə kömək edir. Sahə prosesinin tanınması texneyə aid olacaq.
Diaqnozdan sonrakı mərhələ terapevtik mərhələ olacaq. Diaqnostika üçün bilik və bacarıqlar vacib idisə (yəni texne və episteme), terapiyada intuisiya və kontaktın intensionallığı (niyyəti)- yəni fronezis daha vacib olacaq. Xarici diaqnostikaya əsaslanaraq terapevt kontaktın necə yaradıldığını və necə davam etdiyini, bu zaman yaranan çətinlikləri müəyyənləşdirir və dəyişiklik yaratmaq üçün eksperiment təklif edir. Eksperiment daha kiçik və ya daha böyük yaradıcı yanaşma ilə aparıla bilər. Daha böyük yaradıcılıq azadlığı yeni təcrübə yaradar, bu da terapevtik dəyişikliyə səbəb ola bilər. Eksperimentdən sonra digər bir vacib element terapevtin düşündüyü müdaxiləni reallaşdırmaq üçün düzgün zamanı necə seçməsi olacaq. Qədim yunanlar vaxtı təsvir etmək üçün minimum 4 ifadədən istifadə edirdilər. Ümumiyyətlə zaman, təqvim vaxtı – “xronos”, müəyyən bir zaman parçası – “ora”, qısa bir an, moment “stiqmi” və hər hansı işi görmək üçün ən əlverişli vaxt, uğur anı – “kayros”. Kayros duyğusu terapevtə intervensiya üçün daha düzgün vaxt seçməyə və beləliklə də intervensiyanın səmərəliliyinin artırılmasına kömək edəcək. Ancaq psixoterapiya seansında zamanın necə keçdiyinə diqqət yetirmək yaradıcı yanaşmanın vacib bir hissəsidir, müdaxilə üçün uyğun vaxt seçərkən terapevt yaradıcı akt reallaşdırır. Beləliklə, kayros texniki bacarıqlarından fronezisə doğru bir körpü olacaq.
Estetik (daxili) diaqnoz terapevti sahə prosesinə, “arada” yarananlara yönəldir.
Bu proses daha çox hisslərə və intuisiyaya əsaslanıb bilikləri az əhəmiyyətli tutsa da, hər halda öz koqnitiv dayaqları var. Onlardan əsas olanları yəqin ki, bunlardır:
- Terapevtik görüş improvizasiya ilə gedən birgə yaradıcılıqdır və bu birgə yaradıcılıq ümumiyyətlə sağlam münasibətlərin tipik xüsusiyyətidir.
- Yaradıcı adaptasiya (uyğunlaşma) insanın vacib bacarığıdır və bu səbəbdən onun davranışı ən düzgün qərar kimi qəbul edilməlidir. Nəyin yanlış işlədiyini müəyyənləşdirmək və onu düzəltməyə çalışmaq psixoterapevtin məqsədi olmalı deyil. “Orqanizm-mühit” sahəsinin öz homeostazının olmasına, xeyirlə şərin vahid bir tamlığın hissələri olması ideyasına etibar etmək lazımdır.
- Psixoterapevtik görüşü kontakt olaraq qiymətləndirmək vacibdir, həm terapevt, həm də müştəri kontaktın fazalarının inkişafına təsir göstərir. Zaman terapiyada vacib amildir, eyni hadisə görüşün əvvəlində, ortasında və ya sonunda olarsa, fərqli mənalar daşıyacaq.
- Terapevtik kontakt zamanı dəyişikliklərin yaranmasına psixoterapevt öz metodu (psixoterapiya məktəbi) və özünün dəyişmə təcrübəsi ilə, müştəri isə öz sorğusu və dəyişmək üçün olan riski ilə təsir edirlər.
- Spagnuolo-Lobb terapevtik görüşün improvizasiya yolu ilə getməsinin lazım olduğunu təklif edir; bu, fikirləşmə və planlaşdırma nəticəsində baş vermir, tərəfdaşların öz biliklərini arxa planda qoyaraq özləri münasibətlərin bir alətinə çevrilməsi zamanı insanın insanla görüşü kimi baş verir. Bəlkə də terapevt müəyyən anda adəti müdaxilə üsulundan imtina edəcək, çünki özündə yaranan rezonansa diqqət yetirəcək və bu barədə danışmağa başlayacaq. Beləliklə, özünü bir şəxsiyyət kimi kontakta gətirəcək. Bununla o, full-kontaktın yaranmasına vasitəçi olacaq, bu anda etdiyi intervensiya isə lazım olan anda (yəni kayros anında) lazım olan fəaliyyət olacaq. Terapevtin bu duyğusu sahədən yarandığına görə kayros anını həm müştəri, həm də qrup hiss edəcək (əgər bu hadisə qrupda baş verirsə).
Terapevtin varlığının (presence) estetik üsulu onu kontaktın intensionallığına, kontaktda yaranan duyğulara və həmin duyğulardan yaranan enerjiyə yönəldir. Bu enerji kontaktı növbəti addıma istiqamətləndirir. Spagnuolo-Lobb yeddi yaşlı bir oğlanı nümunə gətirir. Atası ondan məktəbdə işlərinin necə getdiyini soruşur, bu zaman uşağın gözləri parlayır. Uşaq məktəbdə necə yaxşı qiymət aldığını və ya yaşıdları ilə oynayarkən necə bir qol vurduğunu danışmaq istəyir. Bu hal, ünsiyyəti növbəti addıma keçirmək üçün enerji yaradır. Valideyn ünsiyyəti davam edib tamamlamaq üçün olan bu enerjini hiss edə bilər, onu dəstəkləyərək yarımçıq qalmağa qoymaz. Eynilə psixoterapevt də hərəkəti tamamlamaq üçün bu gərginliyi hiss edir. Terapevtin estetik duyğusu, bu gərginliklə əlaqədar özündə yaranan vibrasiya (titrəmə) şəklində olacaq və o, bu intensiyanı (niyyəti) həyata keçirmək üçün bir eksperiment təklif edə bilər. Bu iş üsulu “sonra üçün indi” (now for next) adlanır və əgər kayros əsasən xarici diaqnoza əsaslanan terapiya üsuludursa, “now for next” estetik diaqnostikadan yaranan bir yoldur.
Geştalt terapiyanın tədrisi metodikası və bu sahədə aparılan elmi tədqiqatlar, həm təhsil prosesini asanlaşdıran, həm də həmkarlar arasında ortaq bir dilin formalaşmasına kömək edə biləcək “xəritələr” yaradılmasını tələb edir. Geştalt-terapevtlər həm də patopsixoloji sahələrin xəritələrini hazırlayır, beləliklə, müxtəlif psixiatrik xəstəliklərdə geştaltın necə yaradıldığını təsvir edirlər. Bu üsulla depressiya, panik pozuntular, şizofreniya sahələri təsvir edilir. Nəzərə almaq lazımdır ki, psixoterapiya prosesi tədris və elmi tədqiqat proseslərindən fərqlənir. Təhsil zamanı fenomenin təsviri bizim psixoterapiya seansı zamanı həmin fenomeni necə qavramağımızı əks etdirə bilmir. Belə deyək, “xəritələr” “ərazinin relyefindən” fərqlidir. Amma təhsil bizə anlama və geniş baxış bucağı verir. Axı deyək ki, panik pozuntu sahəsinin bir hissəsi olan psixoterapevtin fonunda bu sahə barədə biliklər də varsa, məsələn, o bilir ki, panika zamanı fiqur qalır, amma fon dağılıb və ya bu sahədə qaçılan bir şey, məsələn tənhalıq hissi var; bu çox faydalı ola bilər. Psixoterapevtin bu zaman məqsədi insana hansısa standartları təqlin etmək deyil, ona öz potensialını açmağa kömək etməkdir. Bu ona oxşayır ki, caz musiqiçisi Jam sessions zamanı canlı və həqiqi olmalıdır, amma bu hala çatmaq üçün geştalt-terapiya dili ilə desək, öz akademik biliklərini fonda saxlayır.
Bilik və bacarıqlar müştəri ilə işləyərkən psixoterapevt üçün vacibdir. Bu psixoterapiyada texne hissəsidir. Texne bir çox cəhətdən kömək edir, terapevt problemləri tanıyır, onlarla necə davranmağı bilir. Mən tibbi təhsilli bir insanam, bu hissəyə çox güvənirəm, hazır diaqnozlar və müalicə metodları vasitəsi ilə düşünürəm və sahədə olan proseslərini başa düşmək üçün müxtəlif müəlliflərin sahədə yaranan fenomenləri təsvir edib müxtəlif sahələrin təsnifatını verərək möhkəm zəmin yaratmaq istəyini yaxşı başa düşürəm. Mən Spagnuolo-Lobbun psixoterapevtin birgə rəqsi barədə oxuyub əvvəl başa düşmürdümsə, sonra birgə rəqsin səkkiz addımı ilə kontaktın fazaları (prekontakt, kontakt, full-kontakt və postkontakt) arasında analogiya görüb özüm üçün aydınlaşdırdım. Yaradıcı qavramaq və fikirləşmək üçün mənə biliklər və texniki bacarıqlar şəklində yaxşı zəmin lazımdır.
Həmçinin yaradıcılığa “sehrli” bacarıq kimi baxmamaq da olar. Məncə, bu, xüsusi köklənməyə ehtiyac duyulmayan bir haldır. Biz və münasibətlərimiz yaradıcılıqla doluyuq və yalnız özünü duymaq və yeni təcrübələrə açıq olmaq bunun üçün kifayət edər.
Texneni psixoterapevtin bilən hissəsi, fronezisi isə onun intuitiv hissəsi adlandırmaq olar. Bu hissələrin hər biri ona özünəməxsus şəkildə kömək edir. Hissələr bir-birinə mane ola və ya bir-birini tamamlaya da bilər. Onlardan nə dərəcədə səmərəli istifadə etmək olar, bax bu, psixoterapevtin yüksək sənətkarlığının göstəricisi olacaq.
Vazeh Abbasov, geştalt-terapevt, psixiatr
Rus dilində oxumaq üçün linkə keçid edin:
Взгляд на ремесло и творчество в гештальт-терапии. © 2020, В.Аббасов