Geştalt terapiyada texniki bacarıqlara və yaradıcılığa müqayisəli baxış

 Geştalt terapiyada texniki bacarıqlara və yaradıcılığa müqayisəli  baxış

Postmodern dövrünün elmin əsaslarını dağıtdığı, insan təbiətinə baxışı dəyişdirdiyini nəzərə alsaq, psixoterapiyada yaradıcılıq konseptini necə araşdırmaq olar? Şəxsi inkişaf bu gün artıq sağlamlıq və yaradıcılıq üçün mütləq şərt deyil, indi iki insanın kontaktı, bu kontaktdan yaranan və xəfif anlaşılan həqiqət daha böyük əhəmiyyət kəsb edir.

Qərb fəlsəfi fikrində insan təcrübəsini ölçmə Aristotelə söykənir. Aristotel öz “Nikomaxın Etikası” əsərində təcrübəni qiymətləndirmənin bir neçə üsulunu ayırır. Episteme – kontekstdən asılı olmayan, universal, dəyişməyən, vacib, rasional analitik təfəkkürə əsaslanan həqiqətlərin tapılması. Məsələn, riyaziyyatda düsturların tapılması; Texne (techne) – faydalı əşyaların yaradılmasına yönəldilmiş sənətkar bilikləri, artıq yoxlanılmış texnologiyalara əsaslanıb məqsədə çatmaq üçün müəyyən davranışın təkrar edilməsi; Sofiya (sophia) – müdriklik, universal biliklərə əsaslanan təfəkkür, dərin həqiqətləri görə bilmə; və sonda Fronezis (phronesis) – kontekstə bağlı, praqmatik, dəyişilə bilən, gələcək fəaliyyətə yönəlmiş, uzağı görə bilən təfəkkür, düzgün qərar qəbul etmə bacarığı. Fronezis azərbaycan dilində yaradıcılıq anlamını verir.

Bu məqalənin ilkin variantı rus dilindədir və rus təfəkkürünə əsaslanıb. Bu dildə «ремесло»- quru, mexaniki, cansız iş və «творчество» – yeni şeylər yaratmağa yönəlmiş, hər dəfə unikal nəticələr verən yaradıcı yanaşma kimi anlaşılan, bir-birinə qarşı qoyulan iki aspekt var. Məqalənin bir məqsədi rus dilində olan «ремесло» ifadəsinin daha geniş anlamından istifadə edib ona texniki bacarıqlar – texne kimi baxmaq və psixoterapevtin işini texne və yaradıcı yanaşma olan fronezis meyarları ilə qiymətləndirməkdir. Məqalənin ikinci məqsədi texne və fronezis anlamına müasir psixoterapiyada geniş yayılan sahə konsepti çərçivəsində baxmaqdır. Bunu daha yaxşı görmək üçün həm də individual paradiqmada olan baxış müqayisəli şəkildə verilir.

Yaradıcılıq sözünün cazibəsi var və biz də işimizdə yaradıcı olmaq, şablonla iş görməmək istəyirik, halbuki onların da işimizdə böyük əhəmiyyəti var. Biz işimizdə bəzi şablonlar yaradırıq, sonra isə onlardan istifadə edirik, məsələn, müştərini daha yaxşı başa düşmək üçün kontaktın pozulmasının növlərini tanımağı və ya indi hansı “self” funksiyasının aktiv olduğunu aydınlaşdırmağı öyrənirik. Sanki hansısa  xəritələr yaradırıq və bu xəritələr vasitəsilə ərazini təsvir etmək istəyirik. Bu da texne kimi təsnif edilə bilən bir şeydir. Texne bir növ biliklərimizin, fəaliyyətimizin və təcrübəmizin sistemləşdirilməsidir. Yaradıcılığın təməli və dayağıdır. Texniki bacarıqları başqasına öyrətmək də asandır. Texniki bacarıqlar heç də mexaniki və cansız iş deyil. Əgər psixoterapevtin işi birdən cansız olarsa, mexanikləşərsə və onun hisslərinə əsaslanmazsa, bu, supervayzerə və fərdi psixoterapiyaya müraciət etmək üçün bir göstəriş ola bilər.

Sahə kontekstində texniki bacarıqların və yaradıcılığın təsviri fərdi kontekstdən fərqlənəcək. Sahə paradiqması fərdi təklikdə fəaliyyət üçün yetərli hesab etmir, onu mövcud olduğu mühitdən ayırmır,  münasibətlərdə “aralarında” nələrin baş verdiyinə cəmlənir. Subyektiv hisslər və təcrübə fərdin düşüncəsinin məhsulu deyil, onlar fərdin digər fərd ilə kontaktında yaranır və hər dəfə yalnız bu sahəyə xas olur. Beləliklə, bu kontekstdən baxdıqda yalnız müştərinin yaradıcılığını necə inkişaf etdirmək və ya özünün necə yaradıcı bir terapevt olması barədə yox, daha çox “terapevt-müştəri” münasibətində birgə yaradıcılıq haqqında düşünmək lazımdır.

Sahə nəzəriyyəsini müxtəlif  elmi yanaşmalar təsvir edir. Məsələn, fenomenologiya, geştalt-psixologiya, geştalt-terapiya, mürəkkəb sistemlər nəzəriyyəsi. Sahənin özünəməxsus xassələri var. Əsas istinad nöqtələri tamlıq, bütün elementlərin qarşılıqlı əlaqəsi, vahid zaman prinsipi, unikallıq, dəyişkənlik, prosesin axıcılığıdır. Sahədəki bəzi obyektlər məkanda yerləşib. Məsələn, kompüter və ya masanı biz birbaşa qavrayırıq. Digərlər obyektlər məkanda yox, zaman çərçivəsində yerləşir. Məsələn, musiqi. Musiqini qavramaq  üçün biz onu sona qədər dinləyirik. İkincilər – “temporal” adlandırdığımız obyektlər  fenomenoloji sahədə daha əhəmiyyətlidir. Məhz temporal obyektlər – terapevtlə müştəri arasında yaranan, tədricən inkişaf edən və real hadisəyə çevrilənlər, həm terapevtin vəziyyəti qiymətləndirməsinə, həm də müdaxilə etməsinə imkan yaradır.

Fenomenoloji sahə fiziki xassələrə malik deyil və bununla da elektrik və maqnit sahələrindən fərqlənir. Amma yenə də bu sahəni qavramaq mümkündür. Məsələn, psixoterapevtik qrupa gecikmiş adam qrupda yaranmış təşvişli və ya depressiv sahəni hiss edə bilər. O, bunu atmosfer (abu-hava) kimi qəbul edir və öz hissləri vasitəsi ilə bu atmosferə qoşula bilər. Adam bu atmosferə yoluxa bilər, özü də təşviş hissi keçirməyə başlayar, yaxud tamamlayıcı mövqe tutaraq başqalarına təsəlli verməyə başlayar ya da öz vəziyyəti ilə atmosfer arasında fərqi görər, özünün yaxşı əhval-ruhiyyədə olduğunu qeyd edər. Sahə, beləliklə, “sanki tam varlıq” (almost entities) kimi təsvir olunur. Obyektiv varlıqlardan fərqli olaraq, “sanki tam varlıqlar” zamanda davamlı deyillər, zaman keçdikcə yox olurlar. İkincisi,  onların səthləri yoxdur, məkanda həll olunurlar.

G.Francesetti geştalt terapevtlər arasında sahəni anlamanın iki formasını təsvir edir və bunları fenomenal və fenomenoloji sahələr adlandırır. Bəzi müəlliflər, məsələn, J. M. Robine, elə hesab edirlər ki, hər bir insan özünə xas sahəyə malikdir, insanın sahəsi, onun özü tərəfindən yaradılır və ətraf mühitin təsiri ilə dəyişir (fenomenal sahə).  Bu baxışı insanın görmə sahəsinə, yəni onun müəyyən anda görə biləcəkləri bütün şeylərin məcmuəsinə, yaxud affektiv sahəyə, yəni hal-hazırda insanın keçirdiyi bütün emosiyaların yığınına bənzətmək olar. Bu kateqoriyalarla fikirləşən geştalt terapevtlər təqribən belə ifadələrdən istifadə edə bilərlər: pasient öz depressiv sahəsi ilə mənim sahəmə müdaxilə etdi.

Fenomenoloji sahə nəzəriyyəsini dəstəkləyənlər (M. Spagnuolo-Lobb, G. Francesetti) sahəni birgə fəaliyyətin nəticəsi kimi izah edirlər. Yəni yuxarıdakı nümunədə  bu depressiv sahəni müştəri və psixoterapevt birlikdə yaradır. Belə yanaşma psixoterapevtə bu kontaktda daha aktiv və məsuliyyətli status verir. Bu kontekstdə həmçinin psixoterapevt müştəri ilə deyil, müştəri ilə özü arasında yaranan sahə ilə işləyəcək, bunu da kontaktda varlığı (presence) vasitəsi ilə edəcək.

İki nəfər kontakta (ünsiyyətə) daxil olaraq özünü aşkar edir və fenomenoloji sahə yaradır. Sahə statik deyil, müəyyən bir ünsiyyət tipinə meyillənir. Bu meyil ünsiyyətin intensionallığı (niyyətliliyi) adlanır. Potensial və onu reallaşdırmaq üçün fürsət yaranır. Sahə ilə subyektlər arasındakı əlaqə dövridir, subyektlər sahəni yaradır, sahə də formalaşır və subyektlərin təcrübəsini formalaşdırır. Sahə hər iki subyektin təcrübəsinin unikal sintezidir. Onların hekayələri qarşılaşır və yeni bir şey yaranır.

Sahəni qavramanın çətinliyi ilə bağlı sahə nəzəriyyəsində çoxlu debatlar mövcuddur. Sahə anlayışı sadəcə metafora deyilmi? Sahə obyektivdir (yəni onu alətlərlə ölçmək olar), yoxsa qavrama sahəsi kimi mövcuddur? Əgər bu, qavrama sahəsidirsə, sahə yalnız qavrayan şəxsə aiddir, yoxsa birgə reallıqdır? Sahəni necə görəcəyimizdən asılı olaraq, məsələn, birgə qavranılan sahə kimi, yaxud iki individual sahənin görüşməsi kimi; kontaktda olan funksiyaların anlamı, məsələn, intuisiya, empatiya, rezonansın anlamı dəyişəcək. Bəlkə də dolayı yolla texniki bacarıqların və yaradıcılığın anlamı da bir qədər dəyişmiş olacaq.

Geştalt terapiyada texne və fronezisə baxarkən ilk növbədə psixoterapevtik prossesi diaqnostik və terapevtik hissələrə bölək. Amma əlbəttə ki, bu bölgünün şərti olduğunu nəzərə alaq. Çünki, kontaktda nə baş verdiyini qiymətləndirmək üçün olan fəaliyyətimiz həm də terapevtik təsir yarada bilər və həmçinin terapevtik intervensiyalar da diaqnostikaya kömək edər. “Diaqnostika” və “diaqnoz” sözləri yalnız tibbi məna daşımayacaq, həm də kontaktı və pasienti qiymətləndirmək üçün bütün cəhdləri əks etdirəcək. Yəni “introyektor” və “aktiv olan Personeliti funksiyası” da diaqnoz olacaq.

Diaqnoz bizə psixoterapevtik vəziyyəti qiymətləndirmək üçün lazımdır. Diaqnoza istinad edərək  harada olduğumuzu və haraya hərəkət etməli olduğumuzu başa düşürük. Biz də ünsiyyəti müxtəlif yollarla qiymətləndirəcəyik.

“İki növ qiymətləndirmə var: daxili və müqayisəli. Daxili qiymətləndirmə davam edən hər prossesin içində mövcuddur; bu, bitməmiş situasiyanın tamamlanmağa doğru irəliləməsi,  gərginliyin zirvəyə qalxması və partlayışa keçməsidir, prossesin final istiqamətidir. Qiymətləndirmə standartı aktın özündə yaranır və  aktın tamlığının bir parçasıdır. Müqayisəli qiymətləndirmədə standart aktdan kənar yaranır. Akt başqa bir aktla müqayisədə qiymətləndirilir”. (Perls. Hefferline. Goodman. 1994)

Qurucu babaların ardı ilə G. Francesetti və həmmüəlliflər diaqnozun iki tipini: daxili (estetik) və xarici diaqnozu ayırd edirlər. Bəzən psixoterapevt kontaktda aşkar etdiyi fenomeni ona məlum olan müxtəlif fenomen nümunələri ilə müqayisə edir, oxşar əlamətləri müəyyən edir və fenomeni təsnif edir. Bu tip diaqnoz xarici diaqnoz adlanır. Amma bu üsulun bəzi riskləri var. Risk ondan ibarətdir ki, psixoterapevt müşahidə etdiyi fenomeni fenomen modelləri ilə müqayisə etməyə başlayanda kontaktda onun varlığı (presence) azalır. Yəqin ki, xarici diaqnoz psixoterapevt görüş zamanı situasiyanı anlamasını itirərsə,  ya da artıq görüşdən sonra faydalı ola bilər. İkinci diaqnoz növü geştalt terapiya üçün xarakterikdir. Bu halda psixoterapevt müşahidəçi mövqeyi tutaraq, təsvir və təsnifat işləri ilə məşğul olmur, özü ilə pasient arasında  münasibətdə yaradılan və tamamlanmağa doğru inkişaf edən fenomenlərə cəmlənir. Bələdçilik üçün psixoterapevt fenomenlər haqqında biliklərə və onların müqayisə olunmasına deyil, estetik qiymətləndirməyə, yəni öz hissləri və duyğuları vasitəsi ilə qavramaya əsaslanır. Buna görə də bu diaqnoz daxili diaqnoz adlanır, çünki prosesin daxilində yaranır və ya estetik diaqnozdur. Çünki hisslər vasitəsilə qavrayışa söykənir. Psixoterapevt öz işində intuisiyasına, implisit biliklərinə əsaslanır. Bu, koqnitiv işlənmə olmadan, verbal prossesə qədər baş verir.

“Estetik baxış diqqətimizi duyğularımıza yönəldir. Estetik üsulla biz – geştalt-terapevtlər öz duyğularımızdan istifadə edib kontakt sərhəddində başqasını, özümüzü və sahəni tanıya bilirik. Biz müştəri ilə olan kontaktda duyğularımızdan, bu duyğulardan kontakt üçün yaranan enerjidən istifadə edərək ünsiyyətdə nəyin bizim daxilimizdə “titrəmə” yaratdığına cəmlənirik. Səhnənin ən titrədici hissəsində “drama” var: kontakt üçün enerji az qala partlamağa hazırdır, çünki kontakt hələ tamamlanmayıb. Terapevt müştəridəki bu halı – prossesi tamamlamaq üçün olan gərginliyi (now-for-next) tanıyır və eksperiment təklif edərək onu reallaşdırmağa şərait yaradır” (M. Spagnuolo-Lobb).

Psixoterapevt prosesin axınına və gözəlliyinə diqqət yetirərək ona təsir edir, bunun üçün o, həm kontaktda nə ola biləcəyinə, həm də nəyin çatmamasına əsaslanır.  Olmama (dissosiasiya) da kontakt prossesinin vacib hissəsidir, o xaric not kimi və ya musiqi əsərinin ahəngində əlaqəsizlik kimi qavranıla bilər.

G.Francesetti xarici diaqnozu psixoterapevtik vəziyyətin ərazisinin xəritəsi ilə müqayisə edir. Estetik diaqnoz isə terapevtin bu situasiya ilə səyahət edərkən istifadə etdiyi istiqaməti duymasıdır. Hər iki diaqnoz tipi terapevt üçün vacibdir. Xəritə ümumi bir baxış və anlayış verir, oriyentasiya hissi tanış olmayan ərazi ilə hərəkət etməyə və vəziyyətə əsasən qərarlar qəbul etməyə kömək edir.

 

 

Müəllif: Vazeh Abbasov. Geştalt-terapevt, psixiatr

Məqalənin ikinci hissəsi yaxın zamanda dərc olunacaq. Rus dilində oxumaq üçün linkə keçid edin.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir