Arktikadan açıqca

Foto: Trenton Brenson

 

Hər şey iki bacı, uşaqlar üçün kitab layihəsi və planetimizə olan dərin sevgi ilə başladı. Son 1.5 il ərzində sevimli bacım Səltənət və mən ekoloji mövzuda uşaqlar üçün kitab seriyasının üzərində çalışmışıq. Trilogiyanın birinci hissəsi olan Təhlükəli Plastiklərin İşğalı kitabı bu ilin sonunda Azərbaycan və İngiltərədə nəşr olunacaq və imkanlar qapısını açan bu layihə sayəsində mən 2041 Foundation təşkilatı tərəfindən dünyanın ən ucqar nöqtəsi – Şimal Qütbünə təşkil olunan maarifləndirici ekspedisiyada iştirak edən ilk azərbaycanlı olacam!

 

 

Bir az bu ekspedisiya haqqında danışmaq istərdim …

 

Ekspedisiyaya dünyaca məhşur qütb araşdırmaçısı, Yer üzündə ilk dəfə həm Cənub, həm Şimal qütbünə səyahət etmiş insan olan Ser Robert Swan rəhbərlik edir. Mənim qəhrəmanım olan bu insan, məqsədli macəralara atılmış və həyatını əsrarəngiz Qütb dairələrinin qorunmasına həsr etmək üçün 2041 Foundation təşkilatını qurmuşdur.

 

Mən  və Cənab Robert Svon

 

2041 Foundation iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizə aparmaq üçün planetimizin davamlılıq, yenilənə bilən enerjilər və yaşıl həyat tərzi vasitəsilə qorunması barədə dünyada dəyişiklik etmək istəyən insanları maarifləndirməyə xidmət edən QHT-dir. Yaşıl döyüşçüləri ən son araşdırmalar, texnologiyalar və iqlim dəyişikliyində baş verən hadisələr haqqında daha dərindən məlumatlandırmaq (mühazirə və vörkşoplar vasitəsilə) məqsədilə Şimal Qütbü və Antarktikaya ekspedisiyalar təşkil olunur və hərəkətə keçən həll qrupları şəklində birgə fəaliyyət göstərmək üçün platforma  təmin edilir. Mənim bu ekspedisiyada iştirak etmək üçün seçilməyimin səbəbi, gənc insanlar arasında ətraf mühitlə bağlı problemlər haqqında məlumatlılığın artırılması məqsədilə Eko Hekayələr kitablarının yazılmasında iştirak etməyim idi. Ekspedisiyada iştirak etməkdə məqsədim karbon ayaq izi mövzusunda uşaqlar üçün  yazdığımız ikinci kitab üçün araşdırma aparmaq və həyata keçirə biləcəyim ideyaları əldə etmək idi.

 

Dünyanın dörd bir yanından 86 insan, müxtəlif yaş və peşə sahibi olan kişilər və qadınlar Norveçin Svalbard arxipelağından National Geographic Araşdırma gəmisinə minərək həyatlarının macərasına yelkən açdılar. O vaxt hələ bu səyahətin bizim həyatımızı nə qədər dəyişəcəyini bilmirdim.  10 gün müddətində buzun bizə imkan verdiyi qədər üzərək Şimal Qütbündən sadəcə 600 mil aralı olan 80 dərəcə şimala çatdıq. Səyahət müddətində hər gün yenilənə bilən enerji, iqlim elmləri, 4-6 mühazirə, hekayə söyləmə üzrə vörkşoplarda (öyrəndiklərimizi cəmiyyətə yararlı şəkildə çatdıra bilməmiz üçün) iştirak edir və tundrada dağa qalxma və yaxud Şimal Buzlu okeanında kayakinq kimi şən fəaliyyətlərə qoşulurduq!

 

Foto: Trenton Brenson

 

Öz zəngin bilikləri ilə məni qürurlandıran və ilham verən bir sıra insanlarla tanış oldum. Texas Universitetinin müəllimi, multi milyonluq korporasiyaların rəhbərləri, Kairns şəhərinin (Avstraliya) meri, QHT rəhbərləri, məktəb müəllimləri, mühafizəkarlar, eko dayanıqlı startap qurucuları, davamlılıq elmləri üzrə təhsil alan tələbələr və digərləri!

 

Foto: Trenton Brenson

 

Şimal qütbünün vəhşi gözəlliyi nə zamansa gördüklərim arasında ən gözəl təbiət mənzərəsi idi,  bu vaxta kimi insan tərəfindən toxunulmamış zirvəsi qarla örtülmüş dağlar okeanı qucaqlayırdı, heyrətdən çənəmi düşürən vəhşi təbiət mənzərələri isə məni özümü 5 yaşlı uşaq kimi hiss edib həyəcanlanmağa vadar edirdi. Səyahətimizin ən sevdiyim məqamlarından biri mühazirələrimizə vəhşi təbiət mənzərələri ucbatından ara verilməsi idi. Kimsə göyərtədən balina və ya qütb ayısı gördüyü zaman ayağa durub getməsi tamamilə yolverilən (hətta dəstəklənən) bir hərəkət idi və biz də bunun tam dadını çıxarmağa çalışırdıq. Mən morjlar, beluqa balinaları, qozbel balina, 7 ədəd qütb ayısı, çoxlu sayda Şimal maralı və Qütb bölgələrinə aid quşları gördüm…, lakin 200 yaşlı Qrenlandiya balinasını görəndə ürək döyüntülərim artdı. Şimal qütbündə yaşayan bütün növlərdən ən nadiri olan Qrenlandiya balinası ondan əldə olunan yağdan ötrü ovlanaraq tükənmək həddinə çatıb və təsəvvür edə bilərsinizmi ki, 30 ildir Şimal Qütbündə çalışan NatGeo təbiətşünası onu ilk dəfə gördü? O qədər şanslı idik! Bütün həyəcan və beyində fırtına yaradan mühazirələrə və ətrafda olan ilhamverici insanlara baxmayaraq, hamımızın ürəyi daha şiddətlə döyünməyə başladı.

 

Foto: Ahmed AlDhaheri

 

Foto: Trenton Brenson

 

Arktikaya çatanda özümü narahat hiss etdim və gördüm ki, bura heç də buzlu və soyuq deyildi. Bu vaxta qədər xizək sürmək üçün geyinilən palto və ya yarım termallarımdan istifadə etməmişdim, çünki kifayət qədər soyuq deyildi.

 

 

Bu fotolara baxın və mənə deyin görüm, Arktikanın belə bir yer olduğunu təsəvvür edirdinizmi?

 

Arktikanın 90-cı illərdən bəri 5 dəfə daha sürətlə əridiyini bilirdinizmi? Bu həyəcanverici bir xəbər və həyatımızın təhlükə altında olduğunu bildirən geniş miqyaslı bir böhrandır. Buz bu nisbətdə əriməyə davam edərsə, dəniz səviyyələri yüksəlməyə davam edəcək, vəhşi həyat yox olacaq və biz evsiz qalacağıq. Bu ərimənin səbəbi iqlim dəyişikliyinin birbaşa nəticəsidir, hansı ki, hər birimizin məsuliyyət daşıdığı bir mövzudur.

 

Planetimiz on illərlə ekosistemimizə mənfi təsir göstərən sənayeləşmə və gündəlik fəaliyyətlərimiz nəticəsində təhlükə altındadır. Müasir həyatımızın elementləri nəzarətdən çıxmış və hal-hazırda iqlim böhranı ilə üzləşməyimizə səbəb olmuşdur. Kütləvi material istehlakının həddindən artıq  yüksək səviyyədə olmasından tutmuş, qida istehlakımız (birdəfəlik plastik qablaşdırma, ərzaq idxalı, mal-qara və əkin sahələrini əkib-becərməyimiz), səyahət etdiyimiz üsullarına  (benzinlə işləyən avtomobillər / təyyarələr və s.) qədər  hər şey dəniz səviyyəsinin yüksəlməsi, qeyri-adi temperatur dəyişiklikləri və çirklənmiş okeanlar və quru da daxil olmaqla kəskin iqlim dəyişikliyinə gətirib çıxarmışdır. Əslində isə iqlim böhranı haqqında düşüncə tərzimizi dəyişdirməliyik, çünki qorunmağa ehtiyac duyan planetimiz deyil, iqlim dəyişikliyinin nəticələri ilə üzləşərək təhlükədə olanlar bizlər – insanlarıq. Bu barədə bir az düşünün.

 

 

 

İşin yaxşı tərəfi bundan ibarətdir ki, texnologiya və rəqəmsal dünya əsrində biliklərimiz əvvəlki dövrlərlə müqayisədə daha çoxdur. Beləliklə bütün bu biliklər bizə hərəkətə keçmək üçün geniş imkan yaranır.

 

Gözəl və çiçəklənən ölkəmizdə, Qafqazda bir ilkə imza atmaq və bölgəmizdə yaşıl hərəkata rəhbərlik etmək imkanları boldur. Coğrafi cəhətdən kiçik bir xalq olaraq, sürətlə irəliləyərək sayımızdan və heyrətamiz resurslarımızdan istifadə edə bilərik. Mən burada  məsələni sadələşdirirəm, lakin eyni zamanda çox real bir baxış bucağı təklif edirəm. Yenilənə bilən enerji istifadəsinə keçə (biz günəşli və küləkli bir xalqıq! Günəş və Külək enerjisi qalib olsun!), bərpa olunan enerjini inteqrasiya etmək üçün 9 iqlim qurşağından istifadə, karbon əldəetmə texnologiyalarına sərmayə yatıra,  bütün ölkə daxilində birdəfəlik istifadə edilən plastiki qadağan, yerli, dayanıqlı resurslardan əldə edilən ərzaq məhsullarına üstünlük verməklə fermerlərimizi dəstəkləyə və daha nələr, nələr edə bilərik! Fürsətlər çoxdur!

 

Ətraf mühitlə bağlı maarifləndirmə  işləri dünyada sürət yığmaq üzrədir,  belə ki, dövlətlər BMT-nin Paris razılaşmasına qoşulduqları üçün, bir çox ölkələr təkistifadəli plastikləri qadağan edir və daha çox bərpa olunan enerjiləri inteqrasiya edir, amma əlbəttə ki, daha sürətli hərəkət etməliyik. İdeal bir ssenaridə,  biz 2050-ci ilə qədər istixana effekti yaradan qazların atmosferə atılmasını sıfıra çatdırmalıyıq. və bu prosesi asanlaşdırmaq üçün Paris razılaşması kimi beynəlxalq müqavilələr mövcuddur, lakin siyasətçilərimizi bu məsələyə daha ciddi yanaşmağa məcbur etməliyik.

 

İstixana effekti yaradan qazların atmosferə atılmasını sıfıra çatdırmaq nə deməkdir? Temperaturun daha da yüksəlməsinin, yəni qlobal istiləşmənin qarşısını almaq üçün həyat tərzimizi atmosferə istixana qazları yönəltməməyə uyğunlaşdırırıq. Bu, benzinli avtomobillərdən elektrikə keçid, günəş və külək enerjisinin evlərimizə, iş yerlərimizə və məktəblərimizə intqerasiya edilməsi və həyatımızı daha da yaşıllaşdırmağın yollarını düşünmək kimi dəyişikliklərin edilməsi deməkdir. Bu dəyişiklikləri həyata keçirmək və  bu keçidi daha da sürətləndirmək üçün kömək etmək üçün  milli səviyyədə hökumətimizdən dəstək və subsidiyalara ehtiyacımızın olduğu danılmazdır, lakin BU GÜN fərdi səviyyədə belə  edə biləcəyimiz çox şey var.

 

Atdığımız hər addıma şüurlu bir filtr tətbiq edə biləcəyimiz və həyat tərzimizdə daha dərin dəyişikliklər edə biləcəyimiz Dörd yol.

 

  1. QİDALANMA TƏRZİNİZİ nizamlayın

Daha az ət istehlak edin. Niyə? Mal-qara üçün yer ayırmaq və heyvanlardan ayrılan yüksək metan həcmli tullantılar daxil olmaqla bir çox səbəb (bu tullantılar atmosferdə qlobal istiləşməyə səbəb olan dəhşətli dərəcədə yüksək miqdarda CO2 yayır) var. Bilirəm ki, bu bizim ağız sulandıran dolma və kabablarımızla çətindir, hətta şəxsən mənim üçün böyük bir problemdir,lakin indi mən yerli qaynaqlı dəniz məhsullarından daha çox istifadə etmək və əti ayda yalnız bir dəfə yeməkdə qərarlıyam. Burger və steyklər, sizi sevirəm, amma planetimizi daha çox sevirəm. Tamamilə vegetarian olmağınız gərəkli olduğunu söyləmirəm, lakin ət istehlakınızı həftədə bir dəfəyə endirmək və ya daha da azaltmaqla böyük dəyişiklik yaratmış ola bilərsiniz!

 

Əti bir kənara qoyaq, yerli mənbələr vasitəsilə əldə olunan və davamlı olan (karbon tullantılarının boşqabınıza qədər səyahət etməsinin qarşısını almaq üçün) məhsulu istehlak etməyi də unutmamalıyıq. İstehlak etdiyiniz qida ilə  maraqlanın və suallar verin!

 

  1. SƏYAHƏT üsullarınızı tənzimləyin

Bilirəm ki, avtomobilinizə atlamaq və yaxud təyyarəyə minmək asandır (aviasiya qlobal tullantıların 12%, yol nəqliyyatı is 74% -inə cavabdehdir), lakin ekoloji  daha təmiz səyahət üsulları seçməliyik. Velosipedlər, ictimai nəqliyyat, elektrik enerjisindən istifadə edən nəqliyyat vasitələri, paylaşma avtomobilləri, skuterlərdən istifadə etmək və hamımızın bildiyi köhnə üsul – piyada gəzmək gündəlik səyahətlərimiz üçün ən yaxşı eko alternativlərdən sayılır. Mümkün olduğu yerlərdə daha uzun məsafələr üçün qatara bilet almaq və olduğumuz yerdə daha uzun vaxt keçirməklə daha az uçmaq (mən özüm də hələ ki bu xüsusiyyətimin üzərində çalışıram!) olar. Elə yaşadığımız yerin özündə kəşf ediləsi gözəl məkanların olması bizə bəxş edilən nemətdir, buna görə də tətil keçirmək üçün həmişə okeanın o biri  tərəfinə səyahət etmək kimi bir ehtiyacımız yoxdur!

 

  1. İSTEHLAKINIZI azaldın

Ümumiyyətlə daha az birdəfəlik və maddi əşyalar istehlak edin. Biz həqiqətən sadə varlıqlarıq və təbiətdə nə qədər çox vaxt keçirsək, xoşbəxt və sağlam olmağımız üçün nə qədər az bir şeyə ehtiyacımız  olduğunu başa düşəcəyik. Minimalist həyat tərzini seçin və bunun gətirdiyi yüngüllükdən zövq alacaqsınız. Bunu həyatınızın hər tərəfinə, evinizə, avtomobilinizə, çantanıza, ofisinizə tətbiq edin və həyatınızın müsbətə doğru dəyişdiyini izləyin.

 

Qida istehlakı baxımından BÜTÜN birdəfəlik istifadə edilən plastik əşyalardan qaçmalı və daha davamlı alternativlərə keçməliyik. Supermarketdəki plastik çantalar, kafelərdəki plastik qablar, restoran və məktəblərdə plastik saman və stəkanlar. Daha çox göstəriciyə ehtiyacınız varsa, buranı ziyarət edin! Plastik bir kənara, birdəfəlik kağız stəkan və digər “təkrar istifadə edilə bilən” materiallardan istifadə etmək üzərində işləməyimiz gərəkli olan növbəti bir vərdişdir. Təəssüf ki, təkrar istifadə həll yolu DEYİL. Qorxuducu statistika göstərir ki, təkrar istifadə edilə bilən əşyaların yalnız 5% -i HƏQİQƏTƏN təkrar istifadə edilir. Təsəvvür edin! Bəs qalanları hara gedir? Parklarımızı və çimərliklərimizi çirkləndirir, torpaq ərazilərini doldurur, okeanda zibil yamaqları yaradır və vəhşi təbiətin incə məxluqlarının ev və qarınlarını ürəkparçalayacaq şəkildə zəbt edir.

 

Birdəfəlik  materiallardan istifadə vərdişini azaltmaq üçün yanınızda öz eko dəstinizi gəzdirmək vərdişinə başlayın. Unutmayın ki, bunu mükəmməl yerinə yetirmək məcburiyyətində deyilsiniz, lakin vacib olan bu yolda davamlı çalışmaqdır.

 

Bel çantası və ya avtomobilinizi doldurula bilən bir şüşə, daşınan qab-qacaq dəsti, parça çanta və ehtiyac duya biləcəyiniz digər əşyalarla təchiz edin  və dünyanın sizə göstərdiyi təbəssümü izləyin.

 

  1. Daha çox KARBON NEYTRAL həyat tərzi sürün və ağac ƏKİN!

Bu nə deməkdir? Bu müasir həyat tərzimiz nəticəsində geniş həcmdə istixana qazı (qlobal istiləşməyə yardımçı olan,  xüsusilə CO2) yaymağımız deməkdir, buna görə də karbon izimizi mütəmadi olaraq hesablamalı, mümkün olduqca azaltmalı və qalan hissəsini əvəz etməliyik.(məsələn, ağac əkməklə! Ağaclar təbii olaraq atmosferdən karbon qazını udur!) Zamanla inkişaf etdirə biləcəyimiz asan həyat tərzi seçimimiz çoxdur.

 

Qida tullantılarınızı (və bu hansı şəkildə əldə olunur), məişət tullantılarını (bərpa olunan enerjiləri birləşdirə bilsəniz), avtomobilinizi (avtomobilinizi paylaşın və ya elektriklə işləyən avtomobillərdən istifadə edin!), daxili və beynəlxalq səyahətlərinizi, ofisdə və digər yerlərdə necə azalda biləcəyinizi düşünün.

 

Güzəşt edilməsi çətin olan sahələr mövcuddur (mənim üçün bu  səyahət və bütün uçuşlardır!), bu isə  karbon tullantılarını balanslaşdırmaq və onları əvəz etməklə hərəkətlərimizə görə məsuliyyət daşımalı olduğumuz deməkdir. İnternetdə karbon izinizi hesablaya bilərsiniz (məsələn, BU veb səhifə uçuşdan  tutmuş yeməyinizə qədər hər şeyi hesablamaqda əladır!).  Bundan sonra  ağac əkmək (və ya bu işi pul qarşılığında kiməsə gördürməklə) və ya təmiz enerji texnologiyalarına və ya digər yaşıl təşəbbüslərə yatırım etməklə tullantılarınızı NECƏ azaldacağınıza dair  qərar qəbul edə bilərsiniz.

 

Ümid edirəm ki, bu məsləhətlər faydalı olacaq, inanın ki, bu dəyişiklikləri etmək asan olmadığını bilirəm, lakin bu sadəcə vərdiş və qətiyyət məsələsidir. Birlikdə axınları dəyişdirə bilərik!

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir