Leyla Axundzadə

 Leyla Axundzadə

Kurator, incəsənət tarixçisi, sənətçi və mədəni mentor Leyla Axundzadə (1953-2010) Sovet İttifaqının süqutundan sonra meydana gələn Azərbaycanın müasir incəsənət icmasının ən nüfuzlu simalarından biri idi. Leyla xanım Moskvada dünyaya gəlmiş və Bakıda mədəniyyət sahəsində işə başlamazdan əvvəl Moskva Dövlət Universitetində təhsil almışdır.  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tarix kafedrasının müdiri olaraq o, fəaliyyətə yeni başlayan rəssamları toplayaraq daha geniş əhatəli müasir incəsənət icmaları, sərgilər, kataloq, təqaüd proqramları və estetik eksperimentlər vasitəsilə öz təcrübələrini artırmalarına yardım edirdi.

 

Bir mentor olaraq o, gənc rəssamları, Sovet təsirinin sona çatmasından sonra açılmış imkanlar çərçivəsində azərbaycanlı insanın şəxsiyyətini araşdırmağa təşviq edirdi. 2000-ci ildə o, Zamanın Qanadları adlı art-qrupun əsasını qoyaraq yeni fəaliyyətə başlayan rəssamların istifadə etdikləri müxtəlif yeni texnikalar vasitəsilə yaradılan işlərdən ibarət və öz növbəsində bir ilk olan eyniadlı sərgini təqdim etmişdir. Bir çox tanınmış beynəlxalq rəssamlar onun layihələrində iştirak edir, o isə öz növbəsində əlaqələrindən və təcrübəsindən istifadə edərək müstəqil sərgilərin keçirilməsi üçün qrant və digər vəsaitlərin əldə olunması üçün çalışırdı. Leyla xanım gənc rəssamları akademik normalar çərçivəsindən kənara çıxmağa, öz işləri haqqında yazılar və tənqidi məqalələr yazmağa, işlərini sənədləşdirməyə və arxivləşdirməyə, özləri üçün imkanlar yaratmağa çağırırdı. Növbəti illərdə Azərbaycanın incəsənət sahəsi üçün çox əhəmiyyətli tədbirlər keçirildi – 2002-ci ildə 6 ölkənin rəssamlarının iştirak etdiyi, Bakıda keçirilən Orientalism sərgisi, 2003-cü ildə Azərbaycanlı və beynəlxalq rəssamları bir araya gətirərək ilk dəfə olaraq incəsənət və texnologiyanı araşdırmağa həsr olunmuş Aluminum Biennalesi,  2005-ci ildə Fransız Səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş, 22 müxtəlif ölkənin rəssamlarının iştirakı ilə keçirilən Kişi və Qadın beynəlxalq festivalı,  və 2007-ci ildə  İtaliyada 52-ci Venesiya Biennalesində Azərbaycanda yeni yaranmış və eksperimental müasir incəsənət təcrübəsini xaricə təqdim edən Azərbaycan Pavilyonu. Daha sonra Mədəniyyət Nazirliyində işləməyə başlayan Leyla xanım artıq fəaliyyət miqyasını daha da genişləndirərək, eyni zamanda, o dövrdə hələ tikilməkdə olan Heydər Əliyev Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərirdi. Lakin 2010-cu ildə Leyla xanım avtomobil qəzası zamanı aldığı zədələr nəticəsində faciəvi və gözlənilməz şəkildə vəfat edərək özündən sonra Azərbaycanın incəsənət sahəsində sanki bir boşluq qoymuşdur.

 

Leyla xanım Azərbaycanın bugünkü müasir incəsənətinin ən görkəmli nümayəndələri olan Orxan Hüseynov, Rəşad Ələkbərov, Elşən İbrahimov, Fərid Abdullayev, Faiq Əhməd, Niyaz Nəcəfov, Fəxiryyə Məmmədova, Fərid Rəsulov və digərlərinə mentorluq etmişdir.  O həmçinin sayılıb-seçilən rəssam və kuratorlar olan Səbinə Şıxlınskaya və Cahangir Səlimxanovla birgə müxtəlif layihələr üzərində çalışmışdır. Leyla xanımın dünyasını dəyişməsindən sonra onun gördüyü işlərin enerji və xoş niyyətini əsas götürərək  2011-ci ildə Aida Mahmudova tərəfindən incəsənət icmasının ehtiyac duyduğu Yarat Müasir İncəsənət Məkanının əsası qoyulmuşdur. Leyla xanımın ölümü onun həmkarları və mentorluq etdiyi gənclər üçün sarsıntı olsa da, bu günkü Azərbaycan incəsənətinin proqramları, yeni yaranmış təşkilatlar, müstəqil sərgi və layihələr, həmçinin Bakını dünyaya tanıdan eksperimental təcrübədə onun təsiri hiss olunmaqdadır. Ola bilsin ki, bu gün Leyla xanım bizimlə birgə müasir incəsənətin inkişafını izləyib ondan zövq ala bilmir, lakin onun irsi yaşayır və etibarlı əllərdədir.

Leyla Axundzadə

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir