Dağların Başı / Xinalig Edition
VarYox komandası hələ 2018-ci ildə Xınalıq kəndində olarkən, öz gücü ilə kiçik bir art layihə həyata keçirmişdi. Bu art layihədə Azərbaycanın çox dəyərli incəsənət adamları, rəssamları və musiqiçiləri iştirak etmişdi. Onlar üç gün ərzində Xınalıq kəndinin məktəbində 60-dan çox uşaq üçün musiqi və rəsm vörkşopları keçirmişdi. Bu layihə çərçivəsində biz Xınalıq kəndindən ali məktəbə daxil olan ilk qız tələbə Aynurə ilə tanış olduq və təhsil almasında ona dəstək olduq. Bu, VarYox-u Xınalığa bağlayan ilk addımlardan biri idi.
Bu art layihədən və Aynurə ilə tanışlıqdan sonra VarYox komandası, Xınalıq icması ilə əlaqələrini saxlamış və mütəmadi olaraq Xınalığa art ekspedisiyalar təşkil etmişdi. Və bütün bu görüşlər zamanı yaranan fikirlərin nəticəsi olaraq, Xınalıqda Art Rezidensiya ideyası yarandı. VarYox və Dövlət Turizm Agentliyinin ortaq layihəsi ilə, bu gün artıq Xınalıqda Art Rezidensiya layihəsi baş tutur.
VarYox platforması 16 avqust – 8 sentyabr 2019-cu il tarixlərində, Dövlət Turizm Agentliyi ilə birgə Xınalıqda Art Rezidensiya layihəsi həyata keçirəcək. Layihənin məqsədi yaradıcı incəsənət adamlarının iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaqdır.
Layihə zamanı rəssamlar; Faiq Əhməd, Vüsal Rəhim və memarlar; Rəcəb Əliyev, Nərgiz İbrahimova 3 həftə ərzində Xınalıqda məskunlaşaraq yerli əhali ilə birbaşa ünsiyyətə olacaqlar. Hal-hazırda Xınalıqda yaşayan insanların əsas məşğuliyyəti və gəlir mənbəyi toxuculuq və maldarlıq, son illərdə isə turizmdir. Layihənin əsas məqsədi Xınalığın təbii və mədəni resurslarından istifadə edərək, bu kimi məşğuliyyət sahələrinə yaradıcı yanaşma tətbiq etmək və müxtəlif yeni fəaliyyət növlərinin və məhsulların yaradılmasını həyata keçirməkdir. Rəssamlar, Xınalıqda artıq bu kimi fəaliyyətlərlə məşğul olan və bu fəaliyyətin gələcəyini müstəqil şəkildə görə bilən, yeni şeylər ərsəyə gətirmək istəyən qadın qruplarla işləyəcək. Layihə zamanı rəssam və memarlar, bitki mənşəli məhsulların, xüsusən də bitki çaylarının xəttini inkişaf etdirmək üçün oradakı əhali ilə birlikdə çalışacaq. Ot bitkilərinin növlərini, onların müxtəlif məqsədlər üçün tətbiqini, necə toplanacağını, qorunub saxlanmasını və qablaşdırılacağını təyin edəcəklər. Həm də daşlardan, çiçəklərdən və s. xatirə əşyaları hazırlamaqla məşğul olacaqlar.
Layihə zamanı həmçinin yerli əhalinin xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi ilə bağlı təlimlər aparılması və ingilis dili kursunun təşkili planlaşdırılır.
Layihənin son 3 günündə isə yerli və xarici musiqiçilərin iştirakı ilə “CAUCASUS ALL FREQUENCY” adlı musiqi festivalı baş tutacaq. Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər festivalda öz musiqilərini ifa edəcək və müxtəlif master-klasslar keçəcək. Eyni zamanda layihə zamanı yaradılan məhsulların satışı məqsədilə yarmarka, yoqa və meditasiya vörkşopları (Highflyoga – Anna Sola Basee, Gafar Ganizadeh), performanslar və Salaam Cinema-nın təşkilatçılığı ilə açıq havada kino nümayişi təşkil olunacaq.
Və bununla da Xınalıq layihəsinə böyük diqqətin cəlb olunması nəzərdə tutulur.
Festivalda iştirak etmək istəyən və bu gözəl anı bizimlə paylaşmaq istəyən hər kəsi bu festivala dəvət edirik. Giriş sərbəstdir. Hər həftə Xınalıq camaatına və festivala marağı olan hər kəsə detallı məlumatlar veriləcək. Gözünüz bizdə olsun 😉