İsfar Sarabski
— Ora sözün əsl mənasında tamam başqa qitədir, demək olar ki ayrı bir planetdir. Bizə Braziliyadan danış.
— Bəli, razıyam. Ora həqiqətən də tamamilə başqa bir planetdir. Mən tez-tez səfərlərdə oluram, kifayət qədər yerlər görürəm amma Braziliya məni valeh etdi. Məni ölçülər cəzb etdi. Rahat, bütün köksümlə nəfəs almaq üçün imkan yarandı. Havadan həzz aldım. Buna başqa cür adlar vermək də olar. Məhz sadə söhbətdən həzz aldım. Əlbəttə ki, bütün bunların hamısı üçün saundtrek samba idi. Mən əvvəllər də bu janrın pərəstişkarı idim, lakin indi samba mənim üçün nəsə… çox yaxın bir şey oldu. Braziliya, xüsusilə də Rio, sözün əsl mənasında mənim üçün bir kəşf oldu.
— Jobimin əhvalını yaşaya bildinmi? İpanemanın qumlarına ayaq basmağa imkan oldu?
— Əlbəttə bu əhvalı hiss etdim və mənim üçün inanılmaz dərəcədə xoş idi, çünki mən Antoni Karlos Jobimin böyük pərəstişkarıyam. Və mən bunun məhz həmin çimərlik olduğunu anlayıb qavradıqda (D.H. – The Girl From Ipanema A.K.Jobimin ən məşhur bəstəsidir. Bossa nova janrının klassikası sayılır) sevincimin həddi-hüdudu yox idi. Okeanın hipnoz edici səsi, portuqal dilinin xoş sədaları, samba ritmləri – Rionu məhz belə təsəvvür edirdim.
— Onlar da, biz də cənubluyuq. Temperament baxımından bənzədiyimizi düşünmüsən mi? Yoxsa…?
— Bəli, yeri gəlmişkən, bu da mənim üçün yeni bir kəşf oldu. Portuqal dilində danışmadığıma baxmayaraq özümü rahat hiss edirdim. Söhbət saniyələr içində qurulurdu, samba rəqsinin hərəkətlərini təkrar etmək istədikdə isə insanlar mənə gülümsəyir, baxır və dəstək verirdilər. Mənimlə gözəl Rio şəhərinin sakinləri arasında olan bu xoş təmas hiss olunurdu.
— Bir az musiqi barəsində danışaq. Sən oraya trio və tarzən Şəhriyar İmanovla uçdun. Bir sıra şəhərlərdə konsertlər verdin. Yəqin diqqət mərkəzində milli lad və motivlər dururdu. Tamaşaçılar sizi necə qəbul etdi? Dinləyicilərdən o əsl emosiyaları almaq mümkün oldu mu? Bu vacib amildir, çünki görünməz əlaqəni həmişə publikaya uzadıb həll etmək olardı.
— Musiqiyə gəldikdə. Bilirsiniz, hər şey olduqca maraqlı idi. Ora çatan kimi iki saatlıq master-klass keçirdik. Master-klasa gələn yerli sakinlərin sayı məni çox sevindirmişdi. Onlar milli alətlər, muğam haqda maraqlı suallar verir xalq ladları ilə maraqlanırdılar. Şəhriyar muğamın doğulmasının və inkişafının tarixi, tarın tarixi haqda bəhs etdi. Başqa sözlə, Azərbaycanın xalq yaradıcılığı barəsində ekskurs apardı. Mən isə, öz növbəmdə, caz musiqisi ilə muğamın sintezi və bunun tarixi barəsində danışdım. Bunun niyə və necə başladığını, indi, bu günədək nə əldə etdiyimiz haqda danışdım. İnsanlar həqiqətən də maraqlanırdılar, buna görə biz də ilhamlanmışdıq və işimizi böyük məmnuniyyətlə görürdük. Yeri gəlmişkən, konsert proqramında diqqətin xalq musiqisinə cəmləşdiyini deməzdim. Konsert proqramı, praktiki olaraq, tamamilə mənim müəllif kompozisiyalarımdan ibarət idi. Qeyd etmək istəyirəm ki, onlar işıq üzü görəcək albomumda yer alacaqlar. Lakin pleylistə həmçinin solo ifa etdiyi Şəhriyar İmanovun müəllif kompozisiyası, Pyotr İlyiç Çaykovskinin “Qu quşu gölü”nə aranjman, eləcə də caz standartlarından biri “Bewitched” daxil edilmişdi. Yəni, proqram mənim müəllif treklərimdən başlayırdı, sonra Şəhriyar öz solo kompozisiyası ilə meydana çıxaraq tamamilə ab-havanı dəyişirdi və sonda biz artıq Edge, Novruz və G-man-la birgə ifa edirdik. Hər konsertdən sonra insanlar məmnun qalırdılar. Yaradıcılıqla maraqlanır, Azərbaycan həyatı və mədəniyyəti barədə suallar verir və ümumiyyətlə bol-bol xoş sözlər və arzular səsləndirirdilər.
— Kifayət qədər ölkə gəzdiyindən, necə deyərlər, gözün doyub. Yaxşı, de görək Braziliya sənin yaddaşında hansısa xüsusi bir yer tuta bilibmi? Bəs ürəyində?
— Deyərdim ki, tutub. Məhz Rio mənim ağlımı və qəlbimi fəth etdi. Bəli, bütün dünyada məmnuniyyətlə qayıtdığım şəhərlər, möhtəşəm dinləyicilər var; ümumiyyətlə isə dünyanın hər bir nöqtəsi özlüyündə unikal və gözəldir. Hər bir ölkənin və şəhərin öz maraqlı energetikası var. Amma Rio mənə qucaq açdı və mən təcili sürətdə ora qayıtmağı düşünürəm. Mən orada həm mənəvi, həm də fiziki baxımdan yeni bir şey kəşf etdim. Bütün bu gəzintilər, rəqslər, okean, hava, samba, insanlar – bunlar hamısı ruhən mənə çox yaxın oldu. Və yenə də sambaya gəldikdə deyə bilərəm ki, o mənə güclü təsir etdi. Mən 8 musiqiçinin – 4 zərbçinin, 3 instrumentalistin (gitara, mandolina, soprano saksofon və klarnet bir-birini əvəz edirdilər) və bir vokalistin çıxış etdiyi bir tədbirə qatılmaq imkanı əldə etdim. Mən qulaq asır, dinləyiciləri və rəqs edənləri müşahidə edirdim. Onlar bu musiqini necə də gözəl hiss edirdi! Və bu onlarda çox gözəl alınırdı. Havada nə qədər pozitiv hisslər uçuşurdu! Bunun onlar üçün vacib olduğu, onların buna qiymət verdiyini və bu mədəniyyəti qoruyub saxlamağa çalışdıqları aydın görünürdü. Çünki, heç kimə sir deyil ki, insanlar hazırda əsasən pop-musiqi dinləyir və Braziliya gəncləri də istisna deyil. Mənə dedilər ki, həm orta, həm də yaşlı nəsil öz folklorunu, sambasını qorumaq üçün əlindən gələni edir. Düşünürəm ki, bu onlarda yaxşı alınır! Bir əcnəbi kimi, böyük həzz aldım və ciddi olaraq oraya qayıdıb samba axşamlarına getməyi düşünürəm. Qulaq asmağı və rəqs etməyi!..