Aleksandr Rodnyanskinin və Sergey Melkumovun film şirkəti iki gənc rejissorun filmlərinin çəkilişlərinə start verdiyini elan edib.

Prodüserlər Aleksandr Rodnyanskinin və Sergey Melkumov tərəfindən əsası qoyulan “Non-Stop Production” kinoşirkəti Kantemir Balaqovun “Uzunduraz” və İsmayıl Səfərəlinin “Gecə qabarması” filmlərinin çəkilişlərinə start verildiyini elan etdi.

“Biz çox istedadlı iki gəncin filmləri üzərində çalışırıq. Kantemir Balaqov ötən il debüt filmi ilə kino sahəsinə uğurlu giriş etdi, İsmayıl Səfərəlinin isə bu, ilk addımı olacaq. Biz hər ikisinə çox inanırıq. Hər iki filmin ssenarisi insanın taleyi, iradəsi və çətinliklərin öhdəsindən gəlmək bacarığından bəhs edir. Şadıq ki, kinoşirkətimiz Kantemir və İsmayıla öz xeyallarını reallaşdırmağa  kömək edəcək. Biz bundan sonra da yeni və istedadlı müəlliflərin axtarışına açığıq”, – deyə A.Rodnyanskiy qeyd edib.

Kantemir Balaqovun “Sıxlıq” filmi  70-ci Kann Film Festivalının “Xüsusi baxış” konkurs proqramında iştirak edərək FIPRESCI (Beynəlxalq kinomətbuat federasiyası) mükafatına layiq görülüb. “Uzunduraz” onun ikinci tammetrajlı filmidir. “Gecə qabarması” isə 2016-cı il “Kinotavr” festivalının layihələr pitçinqində ən yaxşı film kimi qiymətləndirilib. Film İsmayıl Səfərlinin ilk rejissor işi olacaq.

“Uzunduraz” müharibədən sonra Leninqrada qayıdan, ətraf və öz daxili dünyalarındakı “dağıntılara” rəğmən orada yeni, sakit həyat qurmağa çalışan iki cəbhəçi gənc qadının hekayəsidir.

“Gecə qabarması”nda isə hadisələr Xəzərin sahilində, Abşeron yarımadasında yerləşən kiçik balıqçı kəndində baş verir. Sara adlı qız dənizdə itkin düşən, lakin cəsədi tapılmayan balıqçı atasının öldüyünə inanmaq istəmir. Saranın ailəsi və kənd sakinləri  formal da olsa, dəfn mərasiminin keçirilməsini təkid edirlər, çünki ağsaqqların fikrincə kənddə ard-arda baş verən bədbəxtliklərin səbəbi dəfn edilməmiş balıqçıdır. Sara üsyan edərək ailəsinin iradəsinə və ənənələrə qarşı gəlir. Sanki təbiət onunla birgə üsyan edir – qasırğa yaxınlaşır,  Sara isə atasını axtarmaq üçün coşqun dənizə yollanır.

Aleksandr Rodyanski

2 iyul 1961-ci ildə Ukraynada doğulub. Valideynləri film sektorunda olub. 30-dan çox film və 20-dən çox televiziya serialının müəllifidir. Machete və Sin City kimi kult filmlərdə prodüsser işləyib. 2014-cü ildəki Leviafan filmi ilə Kann festivalında qalib olub.

Tags: