VarYox.az komandası olaraq Danimarka Mədəniyyət İnstitutunun dəstəyilə Gazelli İncəsənət Evində keçirdiyimiz “Qadınlar Fotoqrafiyada” adlı 1 günlük foto sərgimizdə sizi salamlayırıq. Sərgidə 21 yerli qadın fotoqrafın qadın obrazını təsvir edən seçilmiş fotoları nümayiş etdirilir.
Sərginin məqsədi qadın fotoqraflara platforma verərək fotoqrafiyada və ümumiyyətlə incəsənətdə gender bərabərsizliyinin aradan qaldırılmasına töhfə verməkdir. Qadın obrazına dair fotoları seçməklə isə dünyada qadın olmağın müxtəlifliyinə diqqət çəkmək və femininliyə dair stereotipləri şübhə altına qoymaq nəzərdə tutulub. Fotoların satışından əldə edilən gəlir “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə ianə ediləcəkdir.
Sərgilənən fotoların bir qismi müxtəlif qadın portretləridir. Onlar müxtəlif yaşda olan Azərbaycanlı və əcnəbi qadınlardır; onların fərqli dini və etnik mənsubiyyətləri və bir-birindən fərqli həyat tərzləri var. Fotoların digər qismi isə fotoqrafların baxışıyla dünyada qadın olmağı simvolizə edən səhnələrdir və bunlarla fotoqraflar qadınların məhdudiyyətlərdən qopmaq və öz kimliyini azad yaşamaq arzusunu ifadə etməyə çalışıblar.
İncəsənətdə gender bərabərsizliyi qlobal bir problemdir. Sektorda çalışanların əksəriyyəti qadın olsa da, qərarverici vəzifələrdə onların sayı azdır. Həm dünya muzeylərində, həm də fərdi kolleksiyalarda qadınların əsərləri məhdud saydadır. Sərgilərdə təmsil olunmaqda, xüsusilə də fərdi sərgilərinin keçirilməsində qadınlar kişilərdən xeyli geridədir. İncəsənət təhsili alan qadınlar çox olsa da, bu sahədə karyera quran və yaşamı boyunca bu karyeranı davam etdirən qadınlar azdır. Bütün bu bərabərsizliyə səbəb qadınların daima üzləşdiyi sosial, maliyyə və mədəni məhdudiyyətlər və stereotiplərdir.
Mövcud bərabərsizliyi aradan qaldırmağın ən effektiv yollarından biri qadınlara mütəmadi olaraq özlərini ifadə etmək üçün şərait yaratmaq və onlara bilik və bacarıqlarını təkmilləşdirməkdə dəstək verməkdir. Bu sərgilə də məhz buna nail olmağa çalışmışıq. Qeyd edək ki, sərgidə iştirak edən fotoqraflara sərgi çərçivəsində marketinq və satış üzrə bir günlük təlim keçirilmişdir.
Sərgidə iştirak edən fotoqraflar aşağıdakılardır:
Aygün Əzimli, Aynur Kazımova, Əmirə Süleyman, Fidan Nazim Qızı, İqlimə Məmmədli, İradə Qədirova, Kseniya Şirinova, Lali Binyatova, Ləman İmanova, Məryəm Mirzəyeva, Nadejda Cavad, Nailə Dadaş-zadə, Nərgiz Yusifova, Nərminə Ağayeva, Marta Ramazanova, Rəna Əffəndi, Şəhla Abbəkirova, Şərəf Nağıyeva, Sitara İbrahimbəyli, Surə Mədətova və Tomris Ələkbərova.
Sərgi ilə bağlı hər hansı əlavə məlumata ehtiyac olarsa, bizə yazın: [email protected]
Müəllif: Əfsanə Tahirova