Oktyabrın 17-də Tiflisin “Erti” qalereyasında açılışı keçirilən “Sabah dünən olacaq” sərgisi çərçivəsində Qafqaz bölgəsinin müasir rəssam və fotoqraflarının əl işləri nümayiş etdirilir.

Sərgidə rusiyalı rəssam, III Moskva Gənc İncəsənət Bienalının laureatı Aslan Qaysumov, Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, bir çox Rusiya və beynəlxalq sərgilərin iştirakçısı Lusine Canyan, məşhur dağıstanlı rəssam Taus Maxaçeva və Venesiya bienalında 2 dəfə nümayiş etdirilmiş “Frozen Conflict” seriyasının müəllifi azərbaycanlı fotoqraf Sitarə İbrahimova iştirak edirlər. Gürcüstanın müasir incəsənətini isə rəssamlar Koki Ramişvili və Tato Axalkaçişvili təmsil edirlər.

Təşkilatçılar qeyd ediblər ki, sərginin tematikası tarix, geosiyasət və bölgədə mövcud olan münaqişələrlə bağlıdır.

Sərginin qonaqları Taus Maxaçevanın “Qafqaz tipləri” (Types du Caucase) adlı işlərini – üzərində Qafqaz xalqlarının və dini qruplarının təsviri olan Rusiya imperiyasının poçt açıqcalarının toplusunu görmək imkanı əldə edəcəklər.

İsveçdə yaşayan Lusine Canyan və ölkəmizi təmsil edən Sitarə İbrahimova öz əsərlərində Dağlıq Qarabağ münaqişəsinin tarixini əks etdirirlər.

Qroznı əsilli Aslan Qaysumov Çeçen müharibələri dövründə (1996-1999 illər) nəşr edilən açıqcalardan ibarət şəxsi kolleksiyasını təqdim edəcək.

Koki Ramişvilinin “Mənim pəncərəmdən müharibə” videolayihəsi sənətkarın 1991-1992-ci illərdə Tiflisdə çəkdiyi unikal kadrlardan ibarətdir.

Tato Axalkaçişvilinin yeni işi isə insanların yaddaşlarında cərəyan edən, uşaqlıq xatirələri və vətən anlayışı haqqında erkən təsəvvürlərdən tutmuş zamanın reallıqları səbəbindən dəyərlərin çevrilməsinədək, xüsusi münaqişə növləri ilə bağlıdır.

Sərginin bütün əsərlərini Taus Maxaçevanın “Mənzərə” adlı məşhur layihəsi birləşdirəcək. Bu layihə 40 taxta skulpturdan – postamentə qoyulmuş və Qafqaz silsiləsini xatırladan avar, çeçen və digər xalqların burunlarından ibarətdir. Avar dilində “burun” və “dağ” sözləri eyni cür səslənir. Dağıstanlı rəssam kollektiv yaddaş və Qafqazın ümumi tarixi haqda fikirlərini məhz bu cür ifadə edir.

Sərgini Moskvanın “Qaraj” Müasir İncəsənət Muzeyinin kuratoru Andrey Miziano təqdim edir. Sərgi bu ilin dekabrının 15-dək davam edəcək.

“Erti” qalereyası Tiflis şəhərində, Pavle İnqorokva küçəsi 19 ünvanında yerləşir.

Tags: