Gürcüstanlı fotoqraf Dina Oqanova əsasən Gürcüstan və keçmiş Sovet ölkələrində uzunmüddətli layihələrlə işləyir. O, bir neçə muzeyin, o cümlədən Nyu Yorkdakı Metropoliten Muzeyinin şəxsi kolleksiyasında yer alan məhdud sayda çap edilmiş (87) “My Place” adlı ilk gürcü handmade foto kitabın müəllifidir. 2007-ci ildən bəri davam edən “I am Georgia” layihəsi fotoqrafın karyerasında ən önəmli layihələrindən biridir.
Sakartvelo Dina Oqanovanın vətənidir. O, burada doğulub, böyüyüb və deyir ki, buna görə həm çox xoşbəxtdir, həm də qürur duyur. Sakartvelonun ərazisi kiçik olsa da, çox səmimi atmosferi var. Təxminən 4 milyon əhalisi olan ölkənin hissəsi paytaxt Tbilisidə yaşayır. Sakartvelo Qərbi Asiya və Şərqi Avropanın kəsişməsində yerləşir. Qərbdən Qara dəniz, şimaldan Rusiya, cənubdan Türkiyə və Ermənistan, cənub-şərqdən isə Azərbaycanla həmsərhəddir. Gürcüstan keçmiş SSRİ-nin tərkibində olan 15 respublikadan biridir. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra müstəqil olub. Burada vətəndaş müharibəsi (1992) və Rusiya ilə müharibə (2008) nəticəsində qaçqın olan çox sayda insan var. Ölkənin ən gözəl hisssələri hesab olunan Abxaziya və Cənubi Osetiya müharibədən bəri Rusiyanın işğalı altında olsa da, qanuni olaraq hələ də Gürcüstanın bir hissəsidir. Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkələr kimi tanıyıb.
Gürcüstanda insanlar öz adət-ənənələrinə sadiqdir. Buranın müxtəlif yerlərində çox sayda ənənəvi, xüsusilə dini bayramlar var. Əhalinin 80%-i pravoslavlardır.
Dina Oqanova: “Gürcüstan mənim üçün xüsusi yerdir və bunu sözlə izah etmək həmişə çətindir. Gürcüstan həm ən böyük sevgi, həm iztirab, həm də xoşbəxtlikdir. Təmiz hava və yeni səslər, real hekayələri olan real insanlar, dostlar və ailə albomu, qırmızı şərab, dağlar və dalğalar, gözəl rəqs və keçmişin qoxusu, sehrdir… Bura xəyallar ölkəsidir”