Kim Ki-Duk – ilk dəfə 32 yaşında film izləyən rejissor

Kim Ki-Duk Cənubi Koreya kinematoqrafiyasının ən məşhur nümayəndələrindən biridir. Filmləri Avropanın prestijli festivallarının mükafatlarını qazansa da, öz ölkəsində asanlıqla qəbul olunmayıb və diqqətdən kənarda qalıb. Lokal auditoriyası onun filmlərinin “qorxunc”, “təhlükəli”, “dəhşətli” və “Avropasayağı” olduğunu deyir. Yəqin ki, izləyicilərin çərçivələnmiş fikirləri Kim-in yaradıcılığının digər Cənubi Koreya rejissorlarından fərqləndiyindən və müraciət etdiyi mövzulardan irəli gəlir. Rejissorun bioqrafiyası da onun Cənubi Koreya üçün belə qeyri-standart süjet xətti və ekran ekspozisiyasına təsirsiz qalmayıb.

O, 1960-cı ildə kiçik dağ kəndində anadan olub. 9 yaşında olarkən ailəsi Seula köçüb. Maddi çətinliklərdən dolayı 16 yaşında Kim məktəbi tərk edib və fabrikdə işə başlayıb. İyirmi yaşında olarkən orduda xidmət edir, eyni zamanda kilsədə könüllü olaraq görmə məhdudiyyətli insanlara kömək edirdi. 1990-cı ildə Paris İncəsənət Kollecinə daxil olduqdan sonra rejissor orada “street artist” kimi işləməyə başlayır. Onun bioqrafiyasındakı ən maraqlı və təəccüblü faktlardan biri ilk dəfə 32 yaşında film izləməsidir. “Koreya cəmiyyətində film izləmək və onu anlamaq yalnız bilikli insanlar üçündür” stereotipi var idi. İlk dəfə izlədiyi “Silence of the lambs” və “Les Amants du Pont-Neuf” filmləri onu kinematoqrafiyaya ilhamlandıran ekran əsərləri olub.

1996-cı ildə “Crocodile” adlı debüt filmini Koreya Film Konsulluğunun təşkil etdiyi ssenari müsabiqəsində qazandığı maliyyə hesabına çəkmişdi. 1998-ci ildə çəkdiyi “Birdcage Inn” Qərb tənqidçilərinin diqqətini çəkərək elə o vaxtdan ən nüfuzlu Avropa kino festivallarının adət edilmiş rejissoruna çevrildi. 2004-cü ildə yenidən Venesiyada “Empty House” filmi üçün “Kiçik Qızıl Aslan”, Berlində “Samaria” üçün “Gümüş Ayı” mükafatlarının laureatı oldu. Növbəti mükafatı – Un Certain Regard o, 2011-c ildə müəllifi – rejissor, ssenarist, operator, editor və aktyoru özü olduğu yarım sənədli film “Arirang” ilə Kann kino festivalında qazandı. Çox keçmədən 2012-ci il istehsalı olan “Pieta” adlı filmi ilə bir dəfəyə Venesiya Film Festivalının 5 mükafatının da qalibi olub. Yeri gəlmişkən, Kim Ki-duk 3 əsas Avropa kino festivalı – Venesiya, Berlin və Kann-ın mükafatlarına layiq görülmüş yeganə Cənubi Koreyalı rejissordur.

Maraqlıdır ki, bütün filmlərinin ssenari müəllifi özü idi. Hətta bəzi filmləri ümumiyyətlə ssenari olmadan çəkilib. Məsələn, Spring, Summer, Fall, Winter… And Spring filmində hazırlanmış ssenari yox idi. Müsahibələrinin birində çəkiliş zamanı hər hansı ideya gələrsə və ya yeni prespektivlər taparsa, anidən ssenarini dəyişdirdiyini vurğulamışdı. Düşünürdü ki, belə spontanlıq onun filmlərinə gözlənilməz detallar əlavə edərək daha təbii edir. Bu üsul onun tərzini yeni yaranmış müstəqil Amerikan və Fransız dalğasının rejissorlarına yaxınlaşdırırdı.

Filmlərində üstünlük şiddət səhnələrindədir və bununla o, xarakterlərinin daxili ziddiyyətlərini maksimuma çatdırır. Öz coğrafiyasındakı kolleqalarından fərqli olaraq, Kim Koreya cəmiyyətinin problemlərini önə çıxarmaqdan çəkinmir. İntiqam və qurtuluş motivli “Pieta” filminin də sujet xətti  qəddarlıqla dolu ana-oğul münasibətlərinə əsaslanır. Ən kritik olanlar arasında Address UnknownThe Coast Guardfilmləri var.

Kim Ki-dukun əsərlərində vizual sənət nitqdən daha qabarıqdır. Məsələn, “Empty House” filmində bir saat yarım ərzində 200-dən çox söz eşitmək olmur. Rejissorun fikrincə, sözlər çox vaxt aldadıcı və mənasızdır. Rejissorun daxili hiss və duyğuları göstərmək üçün obrazları çox danışdırmağa ehtiyac yoxdur – onları qəhrəmanların manevralarından, hətta zorakı hərəkətlərdən istifadə edərək də ifadə edə bilər. Lakin Kimin istifadə etdiyi işarə dili – zorakılıq izləyicilərini buna təşviq etmək məqsədli deyil. Onun fikrincə, obrazlarının səssizliyi onların keçmişdə yaşadıqları travmalardan qaynaqlanır.

Kimin yaradıcılığı metaforalarla doludur. Spring, Summer, Fall, Winter… And Spring ” filmində Kim insan həyatının müxtəlif dövrlərindən və dövri mövcudluğundan alleqoriya ilə bəhs edir. Əsas qəhrəmanın qızı dəniz sahilinə apardığı “Bad guy” filminin final səhnəsi obrazların kriminal aləmin romantikliyini və orta sinif dəyərlərini rədd edərək nə qazandıqlarını göstərir. 2018-ci ildə Kim Ki-duk imzası çəkilmiş film “Human, Space, Time and, Human”  özündə fundamental və fəlsəfi bir sualın cavabını tapmağa çalışır: insan həyatının mənası nədir?

Maraqlıdır, bu sualın cavabını o özü tapa bilmişdi ya yox? Amma təəssüf ki, bir neçə gün öncə  59 yaşında Latviyada Coviddən vəfat etdi.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir