Tanınmış ailənin nümayəndəsi və daha çox yaratdığı heykəllərlə məşhurlaşan Mahmud Rüstəmov, beynəlxalq səviyyədə tanınmış müasir sənətçidir. O, Ə.Əzimzadə adına Dövlət İncəsənət Akademiyasının Heykəltəraşlıq fakültəsi, Azərbaycan Dövlət İncəsənət Universiteti və Ömər Eldarovun rəhbərlik etdiyi yaradıcılıq vorkşoplarının məzunudur. 1990-cı illərdə öz işlərini sərgiləməyə başlamış və 1998-ci ildə Bakıda ilk fərdi sərgisini keçirmişdir. Mahmud Azərbaycanda çoxsaylı sərgilərdə iştirak etmiş, həmçinin kommersiya məqsədli və ictimaiyyət üçün yaradılmış əsərləri ilə məşhurlaşmışdır. O, 1999-cu ildə İngiltərənin Oksford şəhərində keçirilən “İncəsənət fəaliyyətdə” (“Art in Action”) festivalında təmsil olunan yeganə azərbaycanlı heykəltəraş idi. 2000-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən “İlin heykəltəraşı” adına layiq görülmüşdür. Digər sənətçi ailə üzvləri – atası Aslan və böyük qardaşı Teymur ilə birgə Bakıda ictimaiyyət üçün əsərlərin, o cümlədən Xocalı faciəsinə həsr olunmuş abidənin (2008), Heydar Əliyevin heykəlinin (2007) və Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun xatirəsinə həsr olunmuş memorialın yaradılmasında iştirak edib. Mahmudun işləri 2007, 2009 və 2011-ci illərdə Bakıda keçirilən Beynəlxalq Müasir İncəsənət Bienali və 2012-ci ildə Yarat tərəfindən təşkil edilın Bakı İctimai İncəsənət Festivalında nümayiş etdirilmişdir. Festivalda təmsil olunmuş “Alternativ” adlı layihəsində təqdim olunmuş, əlində yel dəyirmanı tutan yad planetlinin bürünc heykəli və bir hissəsi toyuğu, digəri isə kərgədanı xatırladan canlının heykəli, eləcə də nar, Mahmudun surrealist və yumor sahibi biri olduğunu önə çıxarmışdır. Mahmudun 2013-cü ildə Yay Qalereyasında heykəltəraşlıq işlərinin sərgilənmiş və 2019-cu ildə Bakı Muzey Mərkəzində qarışıq media texnikası ilə yaradılmış işlərinin təmsil olunması da daxil olmaqla bir neçə fərdi sərgisi baş tutmuşdur. Mahmudun yaratdığı İmadəddin Nəsiminin heykəli 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda qoyulmuşdur. Onun əsərləri Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Türkiyə, İspaniya, Norveç, Hollandiya və Azərbaycanda ictimai və şəxsi kolleksiyalarda təmsil olunur.
Mahmudun estetikası tekstura, maddiyat və forma arasındakı əlaqəyə yönəlib. Onun monumental əsərləri ən çox bürünc və ya qranitdən yonulsa da, kiçik həcmli əsərlərində mərmər və taxta kimi materiallardan da istifadə edir. Bakı Muzey Mərkəzində keçirilən son “Un/Published’” adlı fərdi sərgisində heykəltəraşlıq, qrafika və rəsm əsərlərindən ibarət müxtəlif vizual texnika və mövzuları əhatə edən sənət əsərlərini təqdim etmişdir. Plastikdən hazırlanmış işlərinə görə tanınan bir rəssam olaraq bu sərgidə onun baxış bucağının genişliyi müzakirə obyektidir. Onun əsəri divar üzərində asılı olan, işlərin səthində mücərrəd oymaların incəliklərinə heykəltəraşlıq keyfiyyəti bəxş edən panellərdən ibarətdir. Onların naxış və rəng ikonoqrafiyasında retro-futuristik bir həssaslıq var. Onun Kubist tərzində işlənmiş olan taxta heykəlləri oynaq və kinetik xüsusiyyətlərə malikdir – təbii material olan taxta əsərə insan hərəkətinin axıcılığını əks etdirən istilik bəxş edir. Digər əsərlərində Mahmudun insan formaları üzərindəki fokusu qadın fiqurlarında istifadə olunan hissiyyatlı və intim cizgilərin rəsmlə işlənməsində özünü göstərir. Bürüncdən hazırlanmış kiçik qadın heykəllərindəki təbiət printləri onun müxtəlif mediadan ustalıqla istifadə etmək bacarığından xəbər verir. Onun ən yaxşı işlərindən bəzilərində, özlüyündə sanki Azərbaycanın xalça mədəniyyətinə həsr edilmiş bir memorial olaraq xalça ikonoqrafiyasının dinamizmi və materialın sərtliyi arasında ziddiyyət yaradan ənənəvi xalça naxışlarının oyulduğu panellərdən ibarət səthlər mərmərdən yonulmuşdur. Onun monumental heykəltəraşlığın hüdudlarından kənara çıxan araşdırmaları yaradıcılıqda müxtəlif mediadan istifadə etməklə ustalıq səviyyəsini göstərir və insan emosiyalarının ötürülməsi üçün materiallardan hərtərəfli istifadə bacarığını üzə çıxarır.
Mahmud Rüstəmov
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.