Marina Abramoviç bədənini həm mövzu, həm də vasitə olaraq istifadə edərək avanqard ifa əsərləri yaratmaqla tanınan serb sənətçisidir. Performans, səs, video, heykəltəraşlıq və fotoqrafiyanı öz təcrübəsində istifadə edən Abramoviç bədənin və həmçinin ağlın limitlərinin təsirlərini araşdırmaq üçün təhlükəli və dramatik performansları ilə məşhurdur. Onun fikrincə cəmiyyətdə sənətçinin funksiyası kainat haqqında fərqindəlik yaratmaq, düzgün suallar vermək, ağlı və zehni yüksəltməkdir.
1946-cı ildə Serbiyanın Belqrad şəhərində anadan olan Abramoviç həmin şəhərin “Təsviri İncəsənət Akademiyası”nda rəssamlıq təhsili alır. Lakin sonrasında performans sənəti ilə maraqlanmağa başlayır. Amsterdamda yaşamağa başladığı zamanlar alman performans sənətçisi Ulay (Frank Uve Lysipen) ilə tanış olur. Cütlük 1980-ci illərin sonlarında ayrılıqlarına qədərki müddət boyu əməkdaşlıq edir. Birlikdə etdikləri işlərin çoxu gender idendifikasiyası mövzusu ilə əlaqəlidir. Ən məşhuru 1977-ci il tarixli “İmponderabilia” performansıdır, hansında ki, onlar muzeyin dar girişində çılpaq şəkildə bir-biriləri ilə üz-üzə dayanaraq, ziyarətçiləri aralarından sıxışaraq keçməyə və bununla da bir növ onlardan birini seçməyə əsaslanır. 1988-ci ildə münasibətlərini bitirmək qərarına gəldiklərində, ayrılmanı simvolik olaraq Böyük Çin səddinin hər iki son tərəfindən piyada gəldikləri və vida etmək üçün ortada görüşdükləri bir performans ilə tamamlayırlar.
1974-cü ildəki “Ritm 0” adlı performansında Abramoviç qızılgüldən doldurulmuş silaha qədər 72 müxtəlif obyekt ilə 6 saat ərzində bir otaqda hərəkətsiz qalaraq tamaşaçıları istədikləri obyekti arzu etdikləri kimi istifadə etməyə dəvət edir. Bu performans yalnız təhlükəli olduğu üçün yox, həmçinin müəllifin sonradan işinin adi bir elementinə çevriləcək təsadüfi çılpaqlığa görə də mübahisələrə səbəb olur.
Abramoviçin profili 1997-ci ildə Venesiya Bienalında “Qızıl Şir” mükafatını qazanması ilə daha da yüksəlir.
2010-cu ildə Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində Abramoviçin “Sənətçi İndidir” adlı əsərinin geniş retrospektivi baş tutur. Retrospektivdə sənətçinin əvvəlki işlərini yenidən canlandıran bir qrup performansçılar da var idi. Performanslar tez-tez orijinal təqdimatların enerjisini və gözlənilməzliyini sildiyi üçün tənqid olunsa da, onlar və yeni performans Abramoviçin daha da tanınmasına səbəb olur.
Bundan sonra o Cey-Z, Ledi Qaqa, Ceyms Franko kimi pop ikonaları ilə əməkdaşlıq edir. İncəsənət qalereyalarındakı seminarlarda və daha sonra öz təşkilatları ilə, xüsusən Nyu-York əyalətindəki “Marina Abramoviç İnstitutu” vasitəsilə performans sənətinin prinsiplərini öyrətməyə davam edir.
Abramoviç hal-hazırda Nyu-york şəhərində yaşayır və işləyir. Əsərləri dünyaca məşhur bir çox muzeyin kolleksiyalarında yer alır.