Natəvan Vahabova
Natəvan Vahabova Bakıda anadan olmuş gənc azərbaycanlı fotoqrafdır. 2004-cü ildən bəri Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan Natəvan ötən il Tiflis Multimedia və Fotoqrafiya Muzeyi nəzdində Cənubi Qafqazdan olan qadın fotoqraflar üçün nəzərdə tutulmuş qrant proqramı çərçivəsində Yustina Mielnikeviçin mentorluğu ilə “Children of Shelter” (“Sığınacaq uşaqları”) adlı layihəsini təqdim etmişdir.
Fotolayihə Bakıdakı qadın sığınacaqlarından birində yaşayan qadınlar və onların uşaqlarının gündəlik yaşamını əks etdirir. İnsan hüquqları müdafiəçilərinin təqdim etdiyi statistikaya əsasən 2019-cü ildə Azərbaycandakı qadınların 43%-i psixoloji və fiziki zorakılığa məruz qalıb və 29% hallarda isə zorakı olan bu qadınların həyat yoldaşları və ya digər qohumlarıdır. Sığınacaqdakı qadınların əksəriyyətinin həyat yoldaşları və qohumları olmasına baxmayaraq, onlar məcburi şəkildə övladları ilə burada məskunlaşıblar. Buradakı uşaqlar məktəbə gedir, oyuncaqları ilə oynayır, bayram keçirir, gülərək, əylənərək, ağlayaraq heç nə olmamış kimi həyatlarına davam edirlər. Çox vaxt isə anaları onları sığınacaqda qoyaraq işləməyə gedirlər. Sığınacaq 18 ildir ki, mövcuddur və sakinləri tez-tez dəyişsə də, demək olar ki, o boş qalmır.
Aytən Nəcəf VarYox jurnalının baş redaktorudur.