Azərbaycanın paytaxtı Bakıda doğulan və Türkiyənin İstanbul şəhərində yaşayan fotoqraf Rəna Əffəndi Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən neft borularının ətrafında yaşayan insanların həyatlarını işıqlandıran işi sayəsində beynəlxalq dərəcədə tanınmağa başlayıb. Onun yaradıcılığı eyni anda həm artistik, həm də dokumentaldır – zərif kompozisiyalar vasitəsilə Rəna şəhər, sənaye və ya kənd şəraitindən asılı olmayaraq bölgələrdə yaşayan insanların hekayələrini çatdırır, həssas vizual obrazlar vasitəsilə onlara təmtəraqlıq və – bir növ – səs hüququ verir.
2002-ci ildən təcrübə yığmağa başlayan fotoqrafın adı artıq 2005-ci ildə nüfuzlu National Geographic jurnalının “All Roads” adlı fotokonkursunda çəkilir. Yeri gəlmişkən, bu məqam bir növ onun karyerasının qalxışının nişanəsi olur. 2006-cı ildə Rəna “Getty Images Editorial Photography” qrantına və “Giacomelli Memorial Fund” mükafatına layiq görülür və öz işini Fransada sərgiləyir. Onun əsərləri bir çox beynəlxalq nəşrlərdə, o cümlədən National Geographic, The New Yorker, Newsweek, TIME, The New York Times Magazine, Vogue, Marie Claire, The Sunday Times, Le Monde, Le Figaro, Newsweek, International Herald Tribune, Courrier International, Oqonyok və s. yerlərdə təqdim edilir. 2009-cu ildə fotoqraf “Boru arzular: neft kəməri boyunca həyatların səlnaməsi” adlı ilk kitabını nəşr edir. Burada Rəna 1700 kilometrlik Bakı-Tiflis-Ceyhan neft kəməri boyunca mövcud olan icmaları və mənzərələri çəkməklə iqtisadi böyümənin insani qarşılığını və ətraf mühitin vəziyyətinin pisləşməsini göstərir. Rəna Əffəndinin 2013-cü ildə işıq üzü görmüş və atasının Sovet dövründəki fəaliyyətinə həsr olunmuş “Maye torpaq” adlı monoqrafiyası environmentalizmi (ətraf mühitin qorunmasına yönəlmiş ictimai ekoloji hərəkat) geniş şəkildə işıqlandırır. Bu kitabda fotoqraf oz şəkillərini Sovet dövründə entomoloq kimi çalışan atasının yığdığı kəpənək təsvirləri ilə müqayisə etməklə Azərbaycanın təbii gözəlliyinin nə qədər kövrək olduğunu tamaşaçıya göstərməyə çalışır. Qeyd etmək lazımdır ki, Rəna bir çox mükafata, o cümlədən “Alexia 2018 Professional Grant”, “the Prince Claus Fund Award for Culture and Development”, 2014-cü ildə “World Press Photo”, təsviri incəsənət kateqoriyası üzrə “SONY World Photography”, “Getty Images Editorial Grant”, fotoqrafiya və davamlılıq kateqoriyası üzrə “Prix Pictet Award” mükafatlarına layiq görülüb. Rəna Əfəndi dünyanın bir çox yerlərində sərgi keçirib və onun işləri müxtəlif kolleksiyalarda, o cümlədən Saatchi Qalereyası, Miami Art Basel, Istanbul Modern və 52-ci Venesiya Bienalı çərçivəsində təqdim olunub.
Azərbaycanda yeniliklərə imza atan qadın fotoqraf kimi Rənanın yaradıcılığının ən gözə çarpan mövzularından biri, mədəni və ətraf mühit amillərinə baxmayaraq insanların, xüsusilə də qadınların öz şəraitlərini dəyişmək uğrunda mübarizəsi ilə bağlıdır. Onun son layihələrindən biri kimi Makedoniya və Yunanıstan arasındakı sərhədləri aşan Yaxın Şərq və Afrika qaçqınlarının şəkilləri seriyasında ibarət “Kəsişmə nöqtəsi” işini qeyd etmək olar. Kamerasının obyektivi sayəsində Rəna bu qaçqınların çarəsizliyini və insanlığını sezir. Onun portretləri müharibədən qaçan insanların yoxsulluğunu və terroru, ölkələrindəki şiddət və iqtisadi tənəzzülü, həmçinin hazırki şəraitlərini və heç nəyə baxmayaraq həyatda qalmaq istəyi ilə birlikdə şəxsiyyətlərini və ləyaqətlərini ifadə edir. Bununla birgə Rəna Əfəndi Azərbaycanla bağlı iki mühüm fotoreportajın müəllifidir. 2006-cı ildə onun “Xınalıq kəndi” layihəsi Qafqaz dağlarında Rusiya ilə sərhəd ərazilərdə yerləşən ucqar Xınalıq kəndinin sakinlərinə həsr olunmuşdu. Bunun səbəbi isə sakinlərin kənd əhalisinin azalmasına və müasirliyin artmasına baxmayaraq, öz ənənəvi həyat tərzini qoruyub-saxlaya bilməsidir. Rəna Əfəndinin 2018-ci ildə National Geographic üçün hazırladığı “Xəzər əsrarəngizliyi” adlı gəzinti fotoları toplusu (traveloq), köhnə və yeni icmalarla birlikdə memarlığın bir-birinə qarşı qoyulması ilə bakılıların təsvirlərinin hekayəsini əks etdirir. Sanki bununla bu traveloq şəhərdə və Abşeron yarımadasında müasir həyatın mürəkkəbliyini təsvir etməyə çalışır. Fotoqrafın Azərbaycan xalqına qarşı sevgi və hörmətini onun çərçivə və perspektiv istifadəsində, Azərbaycan haqda hekayəsində görmək olar. Gün işığına bürünmüş təsvirlər şəhəri nostaljik və gələcəyə ümidli tərzdə təqdim edir; fotoqrafın Azərbaycan xalqına cəmləşmiş diqqəti Bakını həqiqətən də canlı şəhər edən insanlığı vurğulayır.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.