Dəb fotoqrafı Karmen Çen (Carmen Chan) Puma, J. Crew, Burberry və DKNY kimi brendlər üçün çalışıb. Mədəniyyət saytı Hypebeast ondan hansısa müəllif işlərini nümayiş etdirməyi xahiş etdikdə, Karmen öz dostlarına – Honq-Konqda yerləşən “Star Crossed Tattoo” döymə salonunda işləyən bir qrup rəssama – müraciət etdi.
“Açığı, döymə vurdurmaq olduqca əla işdir. Mən bundan həzz alıram”
Beləliklə, o ortaformatlı Mamiya RZ67 adlı lent kamerasını götürüb portretləri çəkməyə başlayır. Fotoqrafın “Bunun əhəmiyyəti yoxdur” (It Doesn’t Matter) layihəsi insanlar və döymələri arasında münasibətlərə həsr olunub. Fotoqraf deyir: “Döymələr şəxs haqqında onun üzü qədər məlumat verir. Üz qədər olmasa da, elə onun qədər effektivdirlər”
İnsanlar fərqli səbəblərə görə döymə vurdururlar: hakimiyyətə qarşı üsyanı nümayiş etdirmək, baxışlarını ya da inanclarını göstərmək; “nöqtə-vergül şəklində döymə” layihəsindəki kimi, nəyəsə dəstək olmaq və ya sadəcə gözəllik üçün. Çenin fikrincə, səbəbindən asılı olmayaraq, bu “çox şəxsi bir şeydir”.
Fujifilm FP3000B ağ-qara lenti istifadə edən Çen, ikili ekspozisiya tətbiq edərək, modellərinin üzlərini və döymələrini çəkirdi. Kameranın seçimləri, lenti tərpətmədən istənilən sayda şəkil çəkməyə imkan verirdi – nəticənin incəsənətə dönüşməsi üçün təcrübəli göz tələb edən aldadıcı dərəcədə sadə texnika. Karmen Çenin sözlərinə görə, kadrların düzgün uzlaşdırılması adətən bir neçə cəhd tələb edir, lakin 5 kadrdan o yana getmir.
Bu portretlərdə, hər bir modelin üz ifadəsi aydın oxunur, döymələri isə ön fonda, kabus kimi sallanır. Qadının baldırındakı gızılgül budağı sanki onun profilini qəlibləyir. Düşüncələrə qərq olmuş kişinin gözləri yol çəkir, caynaqlarını və dişlərini nümayiş etdirən pələng döyməsi isə sanki onun başına dolanaraq çiynində istirahət edir. Bəzi modellər nümayişkəranə duruş sərgiləyir; digərlərinin gözlərində kədər oxunur; hamısı introvert kimi görünür.
Fotoqraf öz layihəsini modellərin birinin qolunda həkk olunmuş şüardan götürüb.
Çen ona döymə ilə bağlı sual verdikdə, o belə cavab vermişdi: “Düşünürəm ki, öncə “Bunun əhəmiyyəti yoxdur” sözləri abırsız və haradasa nihilistik bir şüar idi. Lakin 5 il ötdükdən sonra onlar tamam fərqli bir şeyə dönüşdülər. Anladım ki, bu sözlərin əks tərəfində, ekzistensializmin müsbət tərəfində sonsuz imkan durur. Həyatımdakı xoşbəxtliyə görə özüm cavabdehəm, bu mənim seçimimdən asıldır”