«Verbotene Klänge: Sechs Suiten» («Qadağan edilmiş səslər: Altı süita») layihəsi konsert pianoçusu Fidan Ağayeva-Edlerin “Kreuzberg Records” səsyazma şirkəti ilə birgə əməkdaşlığının CD məhsuludur. Bu, Nasist Almaniyası dönəmində sürgün edilmiş və təqiblərə məruz qalmış bəstəkarlara ithafdır. Proqram Arnold Şönberq, Ernst Krenek, Ervin Şulhof, Bernt Aloiz Zimmerman, Ursula Mamlok və Verdina Şlonskinin süitalarından ibarətdir. Berlin şəhəri müxtəlif zamanlarda fəaliyyət göstərən bu bəstəkarların hamısını birləşdirən ortaq məkan rolunu oynayır. Berlin həmçinin pianoçu Fidan Ağayeva-Edlerə qucaq açan şəhərdir.
Azərbaycanda doğulub böyüyən, Norveçdə və Almaniyada təhsil alan pianoçu Fidan Ağayeva-Edler, həqiqətən də öz musiqi və incəsənət estetikasını inkişaf etdirə biləcək, mədəniyyətlərarası metropolis olan Berlində məskunlaşmağı seçir. Müasir musiqi səhnəsində fəal olan sənətkarımız digər bəstəkarlardan yaradıcı impulslar alır. Fidan xanım inanır ki, musiqi tariximizin öyrənilməsi ətrafımızda daha yaxşı, təhlükəsiz və dözümlü dünya yaratmağa kömək edə bilər. Almaniyada, Avropada və bütün dünyadakı cari vəziyyəti nəzərə alsaq, bu layihə bir çox müstəvidə aktual olmağa başlayır. Fidan Ağayeva-Edler fəal olaraq qadın bəstəkarların musiqisini dəstəkləyir:
“İlk solo albomum üçün mən 6 qısa musiqi parçasından ibarət kolleksiyanı, 6 süitanı seçmişəm. Onların arasında çoxdan bəyəndiyim Arnold Şönberqin Opus 25 Süitası, Ernst Krenekin “Kleine” süitası, Ervin Şulhofun “Cazda rəqs süitası”, bundan əlavə isə mənim bu yaxınlarda etdiyim şəxsi kəşflərim: 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Bernt Alois Zimmermanın “Extemporale” süitası, həmçinin adları çoxlarına tanış olmayan, ya da yaddan çıxan iki qadın bəstəkarın süitaları var. Bunlardan biri Verdina Şlonski – İsrailin ilk qadın bəstəkarı və musiqişünasıdır. Onun “Gündəlikdən səhifələr” əsərini ifa edəcəm. Digəri isə, Ursula Mamlok – Berlində doğulan və uzun müddət ABŞ-da yaşayan, lakin son 10 ilini orada yaşamaq üçün yenidən Berlinə qayıdan alman-amerikan bəstəkarıdır. Mamlokun isə “2000 not” parçasını ifa edəcəm. Bu bəstəkarların hamısını birləşdirən ortaq cəhət, müxtəlif zamanlarda fəaliyyət göstərdikləri Berlin şəhəridir. Onların hamısı burada doğulub, təhsil alıb və ya təqiblər ucbatından şəhəri tərk etməyə məcbur olublar. Bir sözlə, onlar Berlin şəhərini, mənim kimi, özünə ev seçiblər. Bu süitalarda bəstəkarlar Menuet, Qavot, Jiqa, Saraband, Vals kimi qısa parçalardakı məşhur orta əsr, barokko və klassik elementlərindən istifadə edir. Seqmentləri adlandırmaq üçün isə Fokstrot, Stomp, Slou və Tanqo kimi müasir rəqslərdən istifadə edirlər”.
Qısa məlumat: 70 il ötməsinə baxmayaraq, o dönəmin musiqisi hələ də məşhur deyil. Qismən bu komponent dilin inkişafı, qismən isə nasistlər tərəfindən Avropada uzun müddət qadağa qoyması və sürgün edilmiş bəstəkarların kütləvi qətli və emiqrasiyası ilə bağlıdır.
“Degenerat incəsənət” – 1920-ci illərdə nasist rejimi tərəfindən müasir incəsənəti ifadə etmək üçün kəşf olunan termindir. 1930-cu illərdə nasist Almaniyasında müxtəlif rəssamlar, bəstəkarlar, yazarlar yəhudi, kommunist, hətta olduqca proqressiv “qeyri-alman” (qeyri-ənənəvi) olması səbəbindən qadağan edilmişdi. Fovizm, Kubizm, Dadaizm, Simvolizm kimi cərəyanlar bəyənilmirdi. 1937-ci ildə Münhendə 650 modernist incəsənət əsərindən ibarət “Degenerat İncəsənət” adlı sərgi baş tutur. Burada həmçinin, sürgün edilmiş bəstəkarların bəzi parçaları səslənir. Bu müasir incəsənətlə bağlı mənfi təəssürat yaratmaq niyyəti daşıyırdı. Müharibənin başlaması ilə proqressiv bəstəkarların əksəriyyəti Avropanı tərk edir. Orada qalan bəstəkarların bəziləri həbs düşərgələrinə toplanaraq qətl edilir.
Müasir incəsənət (elə musiqi də) günümüzdə bu cür xüsusiləşmiş, geniş kütlə üçün əlçatmaz olaraq qalmağa davam edir.
“Bu gün “Verbotene Klänge: Sechs Suiten” diskimi təqdim etməkdən qürur duyuram və xoşbəxtəm! Başqa işlərlə birgə, mən görkəmli bəstəkarın – İsrailin ilk qadın bəstəkarı və musiqişünasının həyat və yaradıcılığını kəşf edirəm. Qismən ənənəvi mizrahi musiqisinə maraq olmaması, eyni zamanda unudulması səbəbilə, həmçinin qadın olmağıma görə, onun musiqisi eşitdiyim ilk andan məni valeh etdi. Və mən bunu daha geniş kütlə ilə paylaşdığım üçün xoşbəxtəm.
Başqa kəşfim: yeniyetmə çağlarında Berlini tərk edən Ursula Mamlokun musiqisidir. O yəhudi idi. Onun istedadı ABŞ-da özünü daha da qaparıq göstərdi. O mükəmməl təhsil almışdı, həmçinin sürgündə olan Şönberq, Krenek və digər sənətkarlarla dostlaşmışdı. Uğurlu karyera sahibi olsa da ömrünün sonunda, gözlənilmədən ilk evi olan Berlinə qayıdır.
Berlinin məhz bu xüsusiyyəti məni valeh edirdi. Sürgün edilən bütün sənətkarlar, 20-ci əsrin dəhşətli hekayəsi, yenidən və yenidən musiqiçilər, yarazarlar və bütün sənətkarlar geri qayıdır. Mistika! Bircə zavallı Ervin Şulhof xaricə gedə bilmir. Yəhudi, kommunist və düşmən dövlətin (SSRİ) vətəndaşı kimi o, həbs edilərək Veysenburq (Bavariya) yaxınlığında yerləşən düşərgəyə göndərilir və 1942-ci ildə orada vəfat edir.
Diskimin buraxılışına həsr olunmuş konsert martın 14-ü qeyri-adi məkanda – Berlindəki İkinci Dünya Müharibəsi dönəminə aid kommunikasiya bunkerində baş tutub. Mən hər birimizə, ələlxüsus övladlarımıza arzu edirəm ki, gələcəkdə bu cür yerlər müharibə və siyasi qətliamlar üçün yox, yalnız muzeylər, sərgi məkanları və möhtəşəm akustikaya malik konsert zalları üçün istifadə edilsin”.
Fidan Ağayeva-Edler