Soyuq diyardan musiqilər

 Soyuq diyardan musiqilər

Rusiyanın ucqar nöqtələri olan Sibir meşələri həmişə bizim gözümüzdə keçilməz yerlər kimi qalıb. Hər yay buzların arasından mamont qalıqları tapılan, hər qış da “Sibir soyuqları gəlir” hekayələri ilə qorxudulan bizlər bu soyuq diyarın mədəniyyətini nə dərəcədə tanıyırıq?

Hər şey əfsanələrlə başlayır – bir xakas nağılına görə hər bir Sibir xalqı qoruyucu ruhlardan hədiyyə olaraq bir musiqi aləti alıb. Altaylılarda xomus, saxalılarda yarğan, xakaslarda çatxan adlanan unikal alətlər məhz ustalıqla hazırlanmalıdır, yəni zavodda və ya sexdə hazırlana bilməz. Bu unikal alətlər də Sibir xalqlarının musiqisinin əsasını qoyaraq məşhurlaşdırıb. Təsadüfi deyil ki, şamanlar məhz öz qavallarını kainatlarası səyahətlərdə bir nəqliyyat vasitəsi kimi görürdülər. Bu unikallıq o dərəcəyə çatır ki, bəzən qruplar konsertlərdən sonra öz alətlərini tapa bilmirlər – onlar oğurlanır.

Sovet dövrünün sonlarınadək nisbətən dünyadan uzaq qalan və dillərini itirmək təhlükəsi ilə üzləşən bu xalqlar internet sayəsində ikinci bir nəfəs aldılar. Nümunəsini verəcəyim musiqilərin çoxu türkdilli xalqların dillərində olsa da, Azərbaycan dilində danışan biri çox güman bir şey başa düşməyəcək. Çünki Türk dilləri uzun bir inkişaf yolunu keçərək fərqli dillərlə əlaqəyə də girib. Bununla belə diqqətlə dinləyən Yakutca “inax” (inək), Tuvaca “erte şaqdan curdum cüve” (ertə çağdan yurdum yuvam) kimi ifadələri anlaya bilər.

Folk musiqi və yerli mədəniyyəti qorumaq çağırışının Qərb auditoriyasına çatmağı üçün təbii ki, artıq mövcud olan populyar bir janrla sintezi vacib idi. Bunun üçün isə elektronik musiqidən daha yaxşı partnyor tapıla bilməz. Saxalı Olena Uutay öz xomusuyla birlikdə ötən yay Britain’s Got Talent yarışmasında yarım-finallaracan gedib çıxıb. Olenanın özünəməxsus xüsusiyyəti isə onun müxtəlif heyvanların da səslərini çıxara bilməsidir – at, qurd, qartal və s.

Olenanın bir digər fərqi də Yakutiyada doğulmağına baxmayaraq etnik olaraq Ukraynalı olmasıdır. Yəni o, mənsubu olduğu etnik qrupun mədəniyyətini yox, arasında böyüyüb başa çatdığı xalqın mədəniyyəti ilə tanınmağı üstün tutub. Bunu yaxşı da bacarıb. 7 yaşından bəri musiqiylə məşğul olan Olena “Ayarxaan” qrupunun üzvü kimi fəaliyyət göstərib, 2013-cü ildə solo ifaya başlamağa qərar verib.

 

Spotify istifadəçiləri bütün treklərini UUTAi səhifəsindən dinləyə bilərlər. Ən son çıxan sinqlı “Now and Then” trans/elektronik musiqi janrındadır.

Yat Xa

Yerli Sibir musiqisini müasir musiqiylə birləşdirərək məşhurlaşdırmağı bacaran ən məşhur 3 qrupdan sayılan Yat Xa qrupu ənənəvi folk musiqini rokla birləşdirir. Yat Xa 1991-ci ildə İvan Sokolovski və Albert Kuvezin tərəfindən yaradılıb. İlk öncə avanqard, indastrial və elektronik musiqi janrı ilə eksperimentlər edən Albert getdikcə folk musiqidən də bəhrələnir və boğazından oxumağa başlayır (Boğazdan oxumaq eyni anda iki notdan istifadə edərək vokal mahnı ifa etməkdir). İndiyəcən 15 albom buraxan Yat Xa məşhur dünya ifalarını da kaverləməkdən qaçmayıb – 2005-ci ildə Re-Covers albomunda Joy Division, Led Zeppelin, Motörhead, Santana kimi rok əfsanələrini özünəməxsus şəkildə, Tuva musiqi alətləri ilə ifa edən Yat Xa həmin il qrupun qurucu üzvü İvan Sokolovskini itirir. Dəfələrlə üzv dəyişən Yat Xa-nın dəyişməz üzvləri isə elə qurucusu Albert Kuvezin və zərb alətləri ifaçısı Yevgeniy Tkaçyovdur.

Xün Xürtü

Müasir qərb musiqisi ilə ən çox kollaborasiya edən amma öz folk stilini də qoruyan ən məşhur qrup yəqin ki, Xün Xürtü (Qərb mediasında Huun Huur Tu kimi tanınır) ola bilər. Xün Xürtü, qrupun Tuva dilində bilinən adıdır. İlk dəfə 1992-ci ildə eyniadlı çayın şərəfinə Kunqurtuk adı ilə yaradılıb. Daha sonra Xün Xürtü (Gün şüaları) olaraq dəyişdirilib. Qrupun yaradıcılarından Kayqal-ool Xovalıq sovxozda doğulan, 18 yaşınacan sadə bir çoban kimi işləyən biri olub. Bundan əlavə yuxarıda adını çəkdiyim Albert Kuvezin də yaradıcılardan olub. Qrupdan cəmi iki nəfər köçəri həyat tərzi keçmişinə sahib olsa da Tuvanın ən məşhur musiqiçilərinə çevriliblər. Albert daha sonra Yat Xa layihəsi üçün qrupu tərk edib.

Xün Xürtü çox keçmədən dünyanın ən məşhur Tuvalı qrupu olub. BBC radiosu və KEXP kimi nəhəng səhnələrdə çıxaraq Sibir musiqisini dünyaya yayıblar. Xün Xürtünün digər folk layihələrindən fərqi müxtəlif janrları birbaşa yox, kollaborasiya ilə duet şəklində ifa etmək olub. Frenk Zappa, Kronos Kvarteti, elektronik musiqiçi Karmen Rizzo ilə birgə iş ərsəyə gətiriblər. Qrup 2009-cu ildə dünya turuna çıxacaq və çox heyf ki, o turda Azərbaycan yoxdur. Dünya şöhrətli bu qrupu ölkəmizə gətirəcək təşkilatçılara ehtiyac var.

Altay Kay

Yakut və Tuva musiqiçilərindən məşhurluğuna görə geridə qalan Altay Kay qrupu sırf etnik musiqi ilə ön plana çıxır. Çox güman qrupun qərb musiqisi ilə daha az əlaqədə olması məşhurlaşmağına əngəl törədir. Qrup 1997-ci ildə Urmat Intayev tərəfindən Altay respublikasında qurulub. Ən uzun boğaz musiqisi ifa edən şəxs olaraq 2003-cü ildə Ginnesin rekordlar kitabına girən Urnat müxtəlif yerli mükafatların da qalibidir. ABŞ-da Con Kennedi mərkəzində, Britaniyada “Royal Opera House” kimi sanballı məkanlarda konsertlər verən qrup ötən ay ABŞ turunu bitirib. Qərb auditoriyasında çox bilinməməsinin başqa səbəbi də məncə Spotify və iTunes kimi imkanlardan istifadə etməməkləridir. Diskləri buradan almaq olar.

Psı Bayanaya

Folk musiqi ilə öz təkanını almış ənənəvi qruplar daha proqressiv və qərb stilistikasını sevən gəncləri də öz dillərində metal, rok və rep ifa etməyə həvəsləndirib. Xüsusilə Yakutiya mədəniyyət baxımından Sibirin ən yaradıcı bölgəsi halına gəlib. Yakutiyada hər il “Sounds of Sakha” (Saxanın səsləri) rok festivalı keçirilir. Bu festivalın əsas iştirakçılarından sayılan Psı Bayanaya qrupu xüsusilə Dol Kuta (Unudulmuş xoşbəxtlik) ifası ilə məşhurlaşıb. 2014-cü ildə, Yakutsk şəhərində Dmitri Mixaylov və Andrey Yakovlev tərəfindən qurulan və adını Yakut təbiət ruhu Baay Bayanaydan alan qrup folk metalın bütün çalarlarından istifadə etməyə çalışır. Ötən il Kırqıs Üye sinqlını yayımlayan qrup yerli səviyyədə tanınsa da hələ beynəlxalq arenaya ciddi addım ata bilməyib.

Uraan

Uraan Yakutiyanın ən yeni amma ən keyfiyyətli layihələrindəndir. Elektronik musiqi və texnoya folk musiqi ünsürləri qatan Uraan Altay Alekseyev və Dmitri Popov tərəfindən yaradılıb. Onlar öz musiqilərinin bir az da melanxolik və kədərli olduğunu deyirlər. “Frontier” (Sərhəd) kliplərində Saxa gənclərinin bu günkü halını daha realistik əks etməyə çalışan qrup beləliklə nəinki musiqi klipi, həm də sənədli film yaratmış olub. Onlar həmçinin “Saxavud” kinostudiyası ilə birlikdə işləyirlər – keyfiyyət baxımından Hollivuddan geri qalmayan filmlər çəkirlər. Mən isə məsləhət görərdim zəngin Soundcloud hesablarını incələyəsiniz.

Künney

Növbəti musiqiçimiz Künneydir. Əsl adı Ulyana Syorquçova olan saxalı müğənni bir az da məzəli olan Çeeke klipi ilə məşhurlaşıb. Klipi həyat yoldaşı, fotoqraf və rejissor Viktor Li-Fu çəkib. Klipin məzəli ab-havası və qeyri-adi maraq növbəti klipin çəkilişinə təkan verib. “Tonqnunq da” (Donub da) daha böyük maraq və fanat kütləsi cəlb etdiyinə görə rejissor özünü saxlaya bilməyərək “Çeeke” tammetrajlı filmini çəkib. Film alternativ reallıqda keçir – “Rəqs polisi” olan Çeeke Künneyi onu qaçıran şəxslərdən rəqs edərək qurtarmalıdır.

Künneyin yaradıcılığı isə təbii ki, bir-iki klipdən ibarət deyil. Alternativ rok, pop və sintpop ifa edən Künney daha öncə başqa layihələrdə haqqında bəhs etdiyimiz Uraan dueti ilə birlikdə işləyib. Fərqli stillərdə eksperiment etdiyi üçün onu “Yakutiyanın Dihajı” adlandırardım.

Siyahının ən sonu olaraq Ayal Adamovun layihəsi Zloy Mambetdən Teylor Svift parodiyasını paylaşmaq istərdim. Əsasən Yakutiyanın təbliğinə hesablanmış klip əla alınıb. Sibirin düşündüyümüz kimi soyuq buzlaqlardan, qaranlıq meşələrdən, hər yay mamont mumyası tapılan unudulmuş yerlərdən ibarət olmadığını göstərir. Klip rəqs etmək haqqındadır – çünki soyuqda “diri” qalmağın ən əsas yoludur. Klipdə hamı rəqs edir – Yakutsk şəhər icra hakimiyyəti başçısı, Universitet rektoru, muzey işçiləri, bank işçiləri, polislər, şagirdlər. Dünyanın xəbəri olmadığı, əsasən öz sərhədlərinə qapılıb qalan insanlara təbliğ üçün yəqin ki, bu klipdən daha yaxşı bir üsul düşünülə bilməzdi.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir