Urandan yeni albom var!

“UranFM vol.1” əslində çıxışı planlaşdırılan “UranFM” albomunun birinci hissəsidir. 7 parçadan ibarət ikinci hissə isə ilin sonuna və ya gələn ilə çıxa bilər. Səkkiz trekdən ibarət “UranFM vol.1” EP albom bütünlüklə sinql kimi çıxan parçalardan təşkil olunub, hansı ki, son 4 il ərzində təqdim olunub. Sonuncu sinql isə elə albomun təqdim olunduğu gün işıq üzü gördü – “Küçələr oyaqdır”.

Yeri gəlmişkən, albomun təqdim ediləcəyi günü təyin edərkən 28 mart tarixini seçməyim Anar Nağılbaz ilə bağlıdır. Bəlkə də indiki nəsillər, daha dəqiq 2000`lərin nəsli üçün Anar obraz olaraq AzRepdə elə də vacib biri olmayıb. Hətta orta yaşlılar üçün bəzən mübahisəli addır. Mənə görə isə…”UranFM vol.1″ azərbaycanca bizə ilk rep sətirləri eşitdirən, AzRepdə ilk rəsmi konsertin, ilk rəsmi albomun müəllifi Nağılbazın ad günündə çıxmalı idi.
Albomun səsyazması 2013-cü ilin sonunda başlayır. Onda artıq ölkəni tərk edəcəyimi bilirdim, buna görə səsyazmanı 2014-cü ildə bitirdim. Əvvəl miks-masterinqlə bağlı problem, sonra da şəxsi həyat, həvəssizlik və s. təqdimatı uzatdı. Bəlkə də bunun da haradasa xeyri oldu. Çünki 2014-cü ildən sonra alboma iki yeni trek daxil olur, hansılar ki, öncədən alboma daxil deyildilər – “İriçaplı” (2017) və “Yenə də fırlanır” (2018). Birincinin yalnız nəqarət səsyazması, ikincinin isə həm mətni, həm səsyazması Parisdə həyata keçib.

“UranFM vol.1” EP albomundan ilk trek 2017-ci ildə təqdim edilən “İriçaplı” oldu. 8 trekdən 6-sı video-kliplə bərabər işıq üzü görüb. Mətnlərin ən köhnəsi “Ölü sevgi” adlı parçaya məxsusdur, 2006-07-ci illərdə Gəncədə yazılıb. Albomda hekayə-rep, sosial-rep, tənqidi-rep, sərbəst mövzulu trek, lirik havalı mətnlər yer alıb.

Albomun musiqi müşayiəti daha maraqlıdır. İlk dəfədir ki, bir albomda bir neçə stildə işləmişəm. “Yad ölkədə”, “Dua”,  “Küçələr oyaqdır” “oldschool/boom-rap”dirlərsə, “Bir Azərbaycandır” orijinalı 1974-cü ilə məxsus parçanın (Experiment OK – “Bizim dağlar”) remeykidir və sound etibarı ilə nisbətən yenidir. “Yenə də fırlanır” daha müasir səslənmədir və “trap-rap”in elementlərini daşıyır. “Ölü sevgi” və “Xəbərin yox” isə canlı alətlərin köməkliyi ilə yazılmış akustik parçalardır. Həmişə olduğu kimi, bu dəfə də “albom-gül dəstəsi” sistemi ilə çalışmışam.

Albomun 6 parçasının səsyazması “PicMus”da, biri “Synaps” və biri Parisdə, Barbe Noire adlı rep-musiqiçinin ev-studiyasında həyata keçib. “UranFM vol.1″də “Black Garage” qrupu ilə, caz-musiqiçi İsfar Sarabski ilə, Teymur Nadir (“Coldunya” qrupu) və Diana Hacıyeva (DiHaj) ilə iş birliyim olub.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir