Uzaqlaşan qatar – “Funky Monkeys”ə resenziya
Bu parçanı inkişaf olaraq təqdim edənləri gördüm. “Nədədir inkişaf?” deyə özümə sual verdim. Klipə baxdım, parçanı dinlədim. Əgər bu inkişafdırsa, inkişafın göstəricisi hansı elementdədir – küçənin ortasında rəqs etməkdə, 80-ci illərin post-pank səslənməsində, vokal üzərindəki effektdə, Həsən Ağanın klipdə iştirakında, klipin çəkiliş tərzində, nədə?
************
Həyatımda ilk dəfə resenziya yazmağa cəhd edirəm. İstənilən halda, şəxsi nəzər nöqtəmdən açılan mənzərəni canla-başla açıqlamağa başlayacam. Onu da deyim, resenziya obyektinin yerli istehsal olması mənə çox xoşdur.
*************
Sosial şəbəkədə paylaşılan linkdən Altun Zeynalov adlı rok musiqiçinin “Funky Monkeys” parçasına çəkilən klipi izlədim, mahnıya qulaq asdım. Bu işi bugünki musiqimiz üçün inkişaf adlandıranlar az olmadı.
Ondan başlayım ki, ümumilikdə abu-hava zordur. Səslənmə, vokal tərzi, brit-popu xatırladan drayv, enerji dolu gitara rifləri, rəqs dinamikası – fikrimcə məhz bu faktorlar işə (musiqi+video) yüksək qiymət vermək üçün əsas səsbəblərdir. Yəni bu parçanı, sadaladığım xüsusiyyətlər hesabına rahatca Azərbaycanda mövcu olmayan rəsmi “Top 5liyə” salmaq olar.
Ümumiyyətlə bütün dövrlərdə musiqi standartları, səslənmə tələbləri, dəb, zövqlər – bunların hamısı musiqiçilərə öz təsirini edib, edir və edəcək. Nə qədər yaradıcı dünyanda fırlansan da, məişətdən, sosial həyatdan, KİV-dən çox da uzaq düşə bilmirsən. Nəticədə ərsəyə gətirilən mahnı, belə yan təsirlərə məruz qalır. Mahnının təəssürat axını dəyişir. Və bu da təbiidir. Başlanğıcda belə düstur ilə musiqi pionerləri yeni stil və janrların əsasını qoyurdular. İndi də bu proses davam edir. “Funky Monkeys“ bu baxımdan dünya üçün yeni olmasa da, Azərbaycan üçün yenidir, səslənmə olaraq yenilikdir. (Yerli underground səhnə son 8-9 ildə maraqlı formalaşma prosesini keçməkdədir, mənə elə gəlir yeni və bacarıqlı musiqiçilər hələ olacaq) Milli səhnə üçün yaxşı mənada “əcaib” səslənmədir.
Musiqiçinin bir neçə treki ilə tanış olanda gördüm ki, həm ingilis, həm azərbaycanca oxuyur; bu mahnıda ingiliscə oxuyub. Əslində yerli musiqiçilərin xarici dildə (dillərdə) oxuması faktoru çox yaxşıdır və təqdirəlayiqdir. Məsələdə bir şey var ki, onu heç bir vəchlə unutmaq olmaz – əgər Azərbaycan mədəniyyətinin inkişafından danışırıqsa, prioritet dil olaraq beynimizdə tutduğumuz ana dilimiz olmalıdır… Amma, ancaq və lakin! Yaradıcı insana dil senzurası qoymaq və ya ona şərtlər tətbiq etmək düzgün deyil, hətta deyərdim təhlükəlidir. Musiqiçi işini görür, istədiyini, istədiyi formada çalıb oxuyur, dinləyici dinləyir, mütəxəssis və tənqidçilər qiymətləndirirlər.
Yaxşı, dedim ki, yenilikdir, amma inkişaf göstəricisi olaraq qəbuluna skeptik yanaşdım, çünki “Funky Monkeys” artıq stansiyadan hərəkət etmiş qatarın dalınca qaçan sərnişin kimi qulaqlarımıza qonaq gəlir. Qatar dedikdə, dünya rok musiqisini, gecikən sərnişin dedikdə isə musiqimizi nəzərdə tutdum. Söhbət ondan gedir ki, Sovetin dəmir barmaqlıqlarının qalxmasına, mənzillərimizin eyvanlarında dəmir boşqablar peyda olmağına, bundan sonrakı internet bumu və ilbəil ölkədə müşahidə olunan mədəni tərəqqiyə rəğmən, dünya musiqi qatarından çox geridəyik. Çalışırıq çataq, heç olmasa distansiyanı azaltmağa cəhd edirik. Amma hələ var. Dünya musiqisinin 70-80-90-cı illər axınlarından kənarda qalmış Azərbaycan musiqisi acdır. Dinləyicimiz acdır.
Bu yaxınlarda ixtisasca operator olan bir tanışım çox gözəl qeyd etdi: “Azərbaycan, yaradıcı potensial və ideyaların həyata keçirilməsi üçün o baxımdan əlverişlidir ki, burada bir çox mədəniyyət və incəsənət damaları boşdur, buna görə yenilik etmək asandır.” Doğrudan da belədir və bu haqda düşünməyə dəyər. Mən inanıram, yaxud belə deyək ümid edirəm ki, bu barədə Altun da bilir. Söhbət ondan gedir ki, hər yenilik inkişaf göstəricisi kimi sayıla bilməz.
Belə. Uzaqlaşmaqda olan qatarın dalınca qaçmaq deyil, stansiyada dayanmış qatara minmək ümidi ilə.
Hörmətlə, Uran
write description of Info box.
[/mvc_infobox]