Violet Cold – Sommermorgen (2018)
Violet Cold 2013-cü ildə Emin Quliyev tərəfindən Bakıda qurulan bir nəfərlik eksperimental musiqi layihəsidir.
Emin Quliyevin heç bir xüsusi musiqi təcrübəsi olmasa da embient, elektronik, atmosferik qara metal kimi bir-birinə zidd olan janrları məharətlə pərçimləmişdir. Özünə xas səsi olan bu qrup səs yazma və aranjmandan tutmuş, skrim və qadın vokallarına qədər hamısında şəxsi əməyin olması və ortaya mükəmməl işlər çıxarması ilə unikal hesab olunur.
Bəstələrində post-rok, qara metal, embient, sladc, vitç hauz, neo-klassik, cazkor, elektronik musiqi kimi bir çox fərqli janrların elementlərini görmək mümkündür.
2015-ci ildə dünyanın ən maraqlı metalqeyz albomlarından biri hesab olunan “Desperate Dreams” (Ümidsiz xəyallar) albomunu yayımlamışdır. Blek metal, şoqeyz və 80-ci illər üslubu elektropop janrlarının unikal qarışımı kobud və gərgin olmaqla yanaşı gözəl və əhval yüksəldən bir albom yaratdı.
2016-cı ildə “Magic Night” (Sehrli gecə) bəstəsi ilə öz saundumu daha da genişləndirdiyini bizə bir daha göstərdi. Belə ki, bu bəstədə baş gicəlləndirən piano cərəyanlarını, embient keçidlərini müşahidə etmək mümkündür.
2017-ci ildə isə şahəsər hesab olunan depressiv blek metal dadında “Anomie” albomunu çıxardı. Bu albomda yenidən skrim və qadın vokallarına geri döndüyünə şahid oluruq.
Bu il isə qrup “Sommermorgen” adında yeni bir albom triosunu yayımlayıb. Post-rok əhvalında başlayan “Part 1”, “Part 3”-də yerini daha qaranlıq blekqeyzə verir. Sanki ağdan qaraya doğru yayılıb musiqilər!
Gözlərinizi yumun. Bu albomu dinlədikdən sonra yelləncəkdə yellənirmiş kimi hiss edib, təbiət qoxusu alacaqsınız.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.