Ya Tosiba – Love Party (2017)
Hamıya tanış olan “meyxana” janrı maraqlı dəyişikliklər yaşayır. Və əgər Üzeyir öz bəstələrini şəxsən yığaraq, məhz həmin dəyişiklikləri intuitiv səviyyədə edirsə, Ya Tosiba bu janrı daha detallı gözdən keçirir və üzərində işləyir.
Zuzu Zakaria adlı gözəl azərbaycanlı xanım ən azı türkdilli toplumda səs-küyə səbəb olub. Belə ki, onun meyxanaya marağı dinləyici olmaqdan o tərəfə keçir və Zuzu Zakaria Türk elmləri fakultəsinin magistr dərəcəsini almaq qərarına gəlir, bunun üçün meyxana haqda elmi işini müdafiə edir. Bunların hamısı Norveçin paytaxtı Osloda baş verir.
Sonra isə o, Berlinə köçməyə qərar verir və məhz burada “taleyüklü” finlandiyalı “ağıllı oğlan” Tatu ilə kollaborasiyası baş tutur. Öz növbəsində Tatu skvi (skweee – elektro fank) adlanan janrda qabaqcıl addımları ilə məşhurdur. Hələ 90-cı illərdən fin andeqraundunda kasetlər buraxan Tatu “Mesak” adı altında fəaliyyət göstərir. Layihənin ilk musiqi relizi 2012-ci ildə “Mad Barber” albomunun işıq üzü görməsi ilə baş tutur. Sonra “Maşın” trekinin də olduğu (bu trek yerli rejissor Rüfət Həsənovun “Yoxdubeləsöhbət” filminin saundtreklərindən biri olub) “Mollah The Machine” plastinkası, daha sonra isə bu albomadakı parçalara edilmiş remikslərdən ibarət plastinka işıq üzü görür.
Ya Tosiba-nın musiqisi ərəb və fars melodizminin qarışığıdır, ənənəvi 6/8 ritminə malikdir (meyxana, xalq musiqi), burada hip-hop və klassik elektronika elementlərinə də rast gəlmək olar. Bu, stilistik qaydada işlənilmiş doğma 6/8-in yeni səslənməsidir. Hətta avropalının qulağına tanış və sevimli gələ biləcək səslənmə. Zuzunun vokalı isə incə və “hiyləbazdır”. Qətiyyən ənənəvi deyil. Sadə azərbaycanlı üçün meyxanada qadın anlaşılmazdır.
Bütün bunlar azərbaycanlı çağdaşların və digərlərinin mətnləri ilə zənginləşdirilib. Mövzular müxtəlifdir – nağıl, şah və keçi haqqında dastan, dini zorakılıq, hətta Nəsiminin qəzəlləri. Albomda həmçinin futbol, maşınların çoxluğu ilə bağlı mövzular barədə adi “insani” həyəcandan bəhs edən parçalar var. Hətta, sadəcə ”Arif adam” haqda mahnı da var. Lakin başlanğıcdan sonadək bütün bunların arxasında müqavimət, müqayisə və tutuşdurma mövzusu uzanır. Bütün bunları əsrarəngiz “Love Party” albomunda tapmaq olar. Bu layihədə idrak, doğma ənənə, “vulqarlaşdırılmamış” Avropa qavramları bir-birinə qovuşur.
Biz Zuzuya bir neçə sual verdik. Jurnalist tərzində yox, sadə suallar:
— Son dəfə Bakıda nə vaxt olmusan?
— Son 20 ildə mən orada 3 dəfə olmuşam. Axırıncı dəfə Bakıda 2015-ci ildə olmuşam.
— Bakıda hal-hazırda nə baş verir? Sən məhz öz tərəfindən nə görürsən?
— Mən bilirəm ki, Bakıda orijinal caz məktəbi var. Bundan əlavə kaverlər ifa edən qruplar populyardır. Təəssüf ki, Bakıda deyiləm və hazırda orada konkret nə baş verdiyini dəqiq deyə bilmərəm. Elektron musiqiyə gəldikdə isə onun, məsələn, Gürcüstanda olduğu kimi inkişaf etməsini istərdim.
— Bura gəlib, yaxşı bir konsert vermək istəyin varmı? Bəlkə vaxtıdır?
— Bəli, vaxtıdır. Çıxış etmək haqda ciddi təkliflər gəlməyib və hal-hazırda da hansısa konkret bir təklif yoxdur. Düşünürəm ki, bu büdcədəki ciddi məhdudiyyətlə bağlıdır.
— Bakı anderqraundunda baş verənləri izləyirsənmi? Kimisə qeyd edə bilərsənmi?
— Mən Bakı klublarının anderqraundunu Finlandiyanın mağaralarında oturarkən hiss edirəm. Mən onların vibrasiyalarını hiss edirəm. Zarafatdır! Anderqraundu lokal olaraq izləmək lazımdır. Bu mühit haqda təsəvvürün olması üçün “burda və indi” olmalısan. Onun haqda uzaqdan öyrəndikdə o artıq anderqraund olmur. Əlbəttə ideyalarım, həmçinin musiqi yaradan və incəsənətin başqa növləri ilə məşğul olan musiqiçi və rəssamlarla şəxsi tanışlığım var.
— Artıq tamamilə avropalaşmısan, yoxsa mentalitetin elə Azərbaycan detalları var ki, onlardan qurtulmaq mümkün deyil? Bəlkə özün istəmirsən?
— Buna necə cavab vermək olar? Yox, əlbəttə yox. İncəsənət barəsində məndən tez-tez soruşurlar – mən ana dilimi, milli alətlər və nəğmələri necə istifadə edirəm və bunları elektron musiqi ilə necə qarışdırıram. Mən bunu stil qarışması və ya fyujn kimi görmürəm. Mən şərq elementlərindən, bu və ya digər ifadə vasitələrindən istifadə etmirəm. Mənim özüm Avropa bekqraundlu şərq adamıyam. Bu mənim üçün təbiidir və mən özümə qarşı dürüstəm. Avropanın özünün belə vahid olmadığı bir vəziyyətdə necə “avropalaşacağımı” bilmirəm.
— Niyə məhz Azərbaycan dilində mətnləri istifadə etmək qərarı aldın? Çünki faiz etibarı ilə Avropa reallığında onları başa düşəcək insanların sayı çox deyil. Mətnlərin başa düşülməsi sənin üçün vacibdirmi?
— Mən bunu qəsdən etmək fikirində olmamışam. Sadəcə belə alındı. Norveç dilində də oxumaq mənə xoşdur. Mahnının sözlərinin başa düşülüb, düşülməməyi mənim üçün vacib deyil. Dünya musiqisində ingilis dilində oxumayan ifaçıların sayı çoxdur, əsasən, elektron musiqi səhnəsində. Bir sözlə, vokal mənim üçün bəstələrimdə istifadə etdiyim bir musiqi alətdir.
— İstərdik ki, bir az yaradıcılığınla bağlı layihələrin haqqında danışasan.
— Bu yaxınlarda remikslər çıxacaq, sonra isə ciddi şəkildə növbəti albomla məşğul olacağam. Kollaborasiyalarla bağlı planlarım var.