Yana Malışeva-Cons: İncəsənət və Dizayn konteksti üzərinə esse

İncəsənət və Dizayn Fondu, təlimçi Enn Kleminson
12 aprel 2016, Moskva Britaniya Ali İncəsənət və Dizayn Məktəbi

 

1970-ci illərdə cərəyan etmiş Qadın İncəsənəti hərəkatı müasir və çağdaş qadın rəssamlara, o cümlədən visual incəsənət və musiqi kimi fərqli yaradıcı sahələrlə məşğul olan rəssamlara güclü təsir edib.

 

Qadın rəssamların müxtəlif zamanlarda məşğul olduğu ən yenilikçi, diqqətlə araşdırılan və ziddiyyətli mövzulardan biri, ümumi olaraq cəmiyyət və fərdi olaraq kişi ilə müqayisədə qadın bədəninin başa düşülməsi cəhdi olub. Bu essedə diqqət bu mövzu ilə bağlı çiy ət kimi ziddiyyətli mövzu daxilində yaradılan incəsənət əsərlərinə yönəlib.

2010-cu ildə məşhur amerikalı pop-müğənni Leydi Qaqa Los-Ancelesdə keçirilən MTV Video Musiqi Mükafatları tədbirinə ətdən hazırlanmış don, papaq və ayaqqabı geyərək qatılır. Müxtəlif mənbələrə istinadən bu hünərli addımın arxasında müxtəlif ismarıclar, o cümlədən anti-dəbə, ABŞ-da geylərlə bağlı hərbi siyasətə, həmçinin musiqiçilərin və sənətkarların müasir yaradıcılıq sənayelərində istismarına qarşı etiraz dururdu(http://www.bbc.com/news/magazine-11297832). Lakin, bu esse çərçivəsində bu addıma bir feminist addımı kimi baxmaq lazımdır – yalnız  məşhur müğənninin yox, ət parçası kimi dərk edilmək istəməyən bir qadının güclü ismarıcı.

 

 

Şəkil 1: 2010-cu ildə Amerikalı pop-müğənni Leydi Qaqa MTV Video Musiqi Mükafatları tədbirinə ətdən hazırlanmış libasda qatılır.
(Mənbə: http://www.mtv.com/news/2513136/2010-vmas-lady-gaga-meat-dress-real/)

 

Kütləvi İnformasiya Vasitələri və ictimaiyyət Leydi Qaqanın bu libasını coşqulu reaksiya ilə qarşıladı. Rəylər olduqca ziddiyətli idi – heyvan hüquqlarını qoruyan təşkilatlar çiy ətdən hazırlanmış donu qınadığı halda, müğənnin pərəstişkarları və dəb epatajı tərəfdarları ondan valeh olmuşdular. KİV və ictimayyətin əksəriyyəti, bu paltarı Leydi Qaqa tərəfdən özü üçün hazırladığı eksklüziv əsər sayırdı. Lakin 20-ci əsr Qadın İncəsənəti tarixində buna birbaşa istinadlar var. Və ola bilsin ki, müğənni və onun komandası, o cümlədən geyim dizayneri Frenk Fernandes, bu diqqət cəlb edən libası hazırlayarkən qeyd edilən istinadlardan ilhamlanıblar.

 

Lakin, bu mənbələri gözdən keçirmədən öncə, 20-ci əsr feminist hərəkatı çərçivəsində qadının və qadın bədəninin nə kəsb etməsi ilə bağlı məsələni araşdırmaq vacibdir. Simon de Büvar sual edir: “Əgər biz müvəqqəti olsa da, qadınların mövcud olmasını qəbul ediriksə, onda biz soruşmalıyıq ki, qadın nədir?” (Conboy, Medina, Stanbury, 1997, s. 1). Bu suala cavab vermək üçün, yəqin ki, bir çox insan ilk olaraq qadının fiziki xüsusiyyətləri – döşlərini, uzun saçlarını, doğmaq bacarığını önə çəkir.  Sərt ictimai şərtliliklərinin yumşalması səbəbindən bu dəyərlərin minilliklər müddətində mövcud olmasına baxmayaraq, müharibəsonrası Qərbin populyar mədəniyyəti, kişilərdən fərqli olaraq, fiziki xüsusiyyətlərin daha çox qiymətləndirildiyi qadına bu cür səthi baxışın sürətləndiyinin şahidi olub. Bunu daha çox çimərlik geyimləri ilə bağlı dəbdə görmək olar. (şək. 2). Nəticədə get-gedə qadının bədənin bir çox hissəsi daha çox görünməyə başlayır. Təbii olaraq, açıq bədənin nümayişi McDonald`s burgerləri və KFC toyuq budları dövründə istehlakçıların istehlak etdiyi məhsulla – ətlə müqayisə edilməyə başladı. Bu prosess zamanı seksual ehtirasla iştah arasında sərhəd itməyə başlamışdı. Həqiqətəndə, 20-ci əsrin elmi araşdırmaları sübut etmişdirlər ki, insan beyninin seksual ehtiras və iştaha cavabdeh hissələri arasında birbaşa əlaqə var (https://spoonuniversity.com/lifestyle/why-your-brain-thinks-food-and-sex-are-the-same/).

 

Şəkil 2: Qadın çimərlik geyimlərinin gəlişməsi 1890-2010-cu illər

 

Təbii olaraq, bu ideyalar modernist incəsənətlə, xüsusən də 1960-70-ci illərdə fərdi olaraq qadınlıq ideyasını araşdırmağa və öz əsərlərində modernist incəsənətə qarşı durmağa başlayan qadın rəssamların yaradıcılığı ilə ahəngləşir. Təsadüfi deyil ki, incəsənətin müxtəlif sahələrində öz ideyaları üzərində işləyən qadın rəssamlar, nəticədə qadın bədənini çiy ət vasitəsi ilə əks etdirməyə başladılar.

 

1964-cü ildə Keroli Şnemann Parisdə keçirilən İlk Azad Özünüifadə Festivalı üçün “Ət ləzzəti” adlı performansını təqdim edir. Elə həmin il London və Nyu-Yorkda nümayiş etdirilən bu performans izləyicilər tərəfindən həm heyranlıqla, həm də ikrahla qarşılanır. Bu performansda alt paltarlarınadək soyunmuş qadınlardan və kişilərdən ibarət bir qrup, boyalanmış bədənləri çiy toyuq və balıq əti, həmçinin kolbasalar örtülmüş şəkildə rəqs edərək və yerdə fırlanaraq bir-biri ilə intensiv şəkildə təmas edir. Toxunuşlar, səs, iy və dad sayəsində performans nəinki yalnız ifaçılar üçün, həmçinin izləyicilər üçün olduqca emosional və stimulyasiya edici olmuşdur. İzləyicilər bir performansı eyni zamanda həm seksual, həm də itələyici, həm dəyişən və həm də qəbuledilməz sayırdılar. Rəssamın özünün dediyi kimi, bu “ekstazik qrup ritualı” bir ət bayramı idi, “erotik ayinin xüsusiyyəti: hər an emosional, gülməli, sevincli, itələyici ola biləcək incəlik, vəhşilik, dəqiqlik və imtinalıq kimi keyfiyyətlərin arasında fırlanan… bir material kimi olduqca həlim ət bayramı” (http://theculturetrip.com/asia/china/articles/fashioning-meat-into-art-carolee-schneemann-zhang-huan-and-lady-gaga/). Əsərin sırf qadın bədəninə həsr olunmadığı halda, özlüyü ilə birgə kişi bədəni ilə müqayisədə, orada güclü qadın təcəssümü mövcud idi. Amma buna baxmayaraq, bu perfromansda kişilərin dominant olduğunu rahat görmək olur, çünki onlar qadınları tutmağa, dişləməyə, demək olaraq yeməyə çalışaraq onları “ram edirlər”. Bu əsər, birmənalı olaraq, gələcək feminist incəsənət hərəkatı baxımından bir novator əsər kimi qəbul edilə bilər.

 

Şəkil 3: Keroli Şnemann Ət Ləzzəti, Qrup preformansı, çiy balıq, toyuq, kolbasalar, boya, plastik, ip, doğranmış makulatura, 1964

 

Şnemannın “Ət Ləzzəti”-ndən 20 il sonra, 1987-ci ildə kanadalı rəssam Yana Sterbak öz Vanitas  – anoreksiya xəstəliyinə tutulmuş ətdən don geyinən albinos qadın təsvir edən əsərini təqdim edir.Bu əsər üçün rəssam ət parçalarını bir-birinə tikib don hazırlayır və o donu öz çılpaq bədəninə geyir. Bununla o, “bədən ruhu geyindirdi” ideyasını ifadə etmək istəyirdi. Təbii olaraq, bu geyim qurumaqla köhnə ət və balıq kultivasiya prosesləri ilə ahəngləşməliydi (bax Şək. 4)

 

Şəkil 4: Yana Sterbak, Vanitas: Anoreksiyalı albinos üçün ətdən don. Can əti, duz, sap, kağız üzərində fotoqrafiya, 1984

 

2012-ci ildə Kanada İncəsənət Şurasına verdiyi müsahibəsində Sterbak belə deyirdi:

 

“Vanitas-ın yaradılmasında qeyri-adi heç nə yox idi. Ət və ya duzlu balığın qaxac edilməsi prosesi minilliklərdi ki mövcuddur. Burada yeni bir şey yoxdur. Ola bilsin yenilik mənim bu prosesi müasir incəsənət səhnəsinə və sərgi məkanlarına gətirməyimlə bağlıdır. İsmarıc güclü ola bilər. Bəziləri deyirdilər ki, ismarıc, əsasən də onun tarixi yanı, hər kəs tərəfindən anlaşıla bilməz. Vanitas adı İntibah dövrünün, meyvə, güllər, çürümə prosesini təsvir edərək zamanı rəssamlıq sənətinin kiçik detalları vasitəsi ilə əks etdirən, əsərləri ilə ahəngləşir. Bu əsərlər bizə vaxtın axdığını və hal-hazırda fəaliyyətdə olmalı olduğumuzu xatırladır. Əslində, bu buddist təfəkkürüdür. İnsanlar artıq, əsasən yemək otağından asılan bu rəsmlərə fikir vermir. İspanca bu cür rəsmlərə bodeqon, vanitas və ya memento mori deyirlər. Əgər mənim bu spesifik əsərim neqativ konnotasiya daşıdığı kimi görünürsə və ya təxribatçı qismində alqılanırsa … mənim ağlımdan bu keçməmişdi və bu mənim niyyətim deyil, çünki mənim üçün bu material sadəcə olaraq qocalmanın və zamanın axmasının təcəssümüdür. Bu qədər”. (https://www.youtube.com/watch?v=LFbvE1crXkI)

 

Gördüyümüz kimi, əsərin ərsəyə gəlməsindən sonra uzun illərin keçməsinə baxmayaraq müəllif onun arxasında hansısa feminist ideyanın dayandığını demir. Lakin təsadüfi və ya yox, bu əsər incəsənətşünaslar tərəfindən qocalmanın və zamanın axmasının ifadəsi ilə birlikdə güclü qadın iddiası qismində təhlil edilib: “bu əsər qadın bədəninin ət parçası qismində ifadə edilməsinə qarşı nifrətlə doludur. Bu həmçinin qadınların aldanışa və xəstəliklərə yol açan mal kimi öz bədənlərinə qarşı inamsızlığını əks etdirir.” (Geczy and Karaminas, 2012: 1). Mən, şüuraltı olsa da, tənqidçilərin bu fikri ilə razılaşardım ki, Sterbakın libası qərb patriarxal cəmiyyətin 20-ci əsrdə qadınlara münasibətini və nəticə etibarı ilə qadınların bu kişilərin alqılaması ilə bağlı öz şəxsi mövqeyini əks etdirir. Con Berqerin “Görmənin yolları”-nda yazdığı kimi: “Kişi qadını arzulayır. Qadın arzulanmağı arzulayır. Kişi qadına baxır. Qadın isə baxıldığına baxır”. (https://www.youtube.com/watch?v=m1GI8mNU5Sg).

 

Beləliklə, Vanitas əsəri növbəti ideyanın parlaq təcəssümüdür – kişilər qadınlara qəssabxanadakı ət parçası kimi baxır, qadınlar isə bununla bağlı çox anlayışlı və zəyifdirlər, lakin, açığı, bir seçimə malik olmadıqları səbəbindən, onların bunu dərk etməsi tarixən öz bədənləri və kişilərin onlara baxması ilə sıx əlaqəlidir. Hətta əsərin adı belə orada tədirginliyin olduğuna işarə edə bilər – lakin kimin tədirginliyi? Bəlkə digərlərinin onlara baxmasını sevən qadınların, amma ola bilsin ki, baxmaqla öz gücünü və üstünlüyünü nümayişini aşkar etməkdən narahat olan kişilərin?

 

Qayıdaq Leydi Qaqaya. O, öz ət libası ilə bağlı belə demişdi: “Bunun bir çox təfsiri var, lakin bu gecə geyim mənim üçün, əgər inandığımızı qorumuruqsa, öz hüquqlarımıza görə mübarizə aparmayacayıqsa, çox qısa zamanda sümüklərimizin üzərindəki ətimiz qədər hüquqlarımız qalacaq” (http://www.billboard.com/articles/news/956399/lady-gaga-explains-her-meat-dress-its-no-disrespect). Ola bilsin ki, kimsə bunu olduqca açıq və səthi bir fikir kimi qəbul edir, lakin öz sadəliyi və birbaşalığı sayəsində çox böyük gücə malikdir. Leydi Qaqanın iqtibasını rahat şəkildə, öz novator üslubları ilə qadın bədəninin dərk edilməsi və cəmiyyətin ona münasibəti ilə bağlı araşdırmalar aparan Keroli Şnemannın və Yana Sterbakın konseptual əsərlərinə aid etmək olar. Bu rəssamların yaradıcılığı, həmçinin Qaqanın insanların qarşısına ət parçası şəklində çıxması  – son 50 ildə cəmiyyətə meydan oxuyan vacib və güclü ideyalardır.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir