“And Then We Danced”

Kanndakı premyerasından sonra Gürcüstanın Call Me by Your Namei kimi məşhurlaşmış “Və Sonra Biz Rəqs Etdik(And Then We Danced) filmi ölkənin milli rəqs truppasının yüksək təzyiqli dünyası fonunda maskulinlik və sosial kimlik mövzularının cürətli, ancaq eyni zamanda hissiyatlı təhlilidir.

 

“Və Sonra Biz Rəqs Etdik” Gürcüstanda çəkilməsi asan olmayan art haus filmdir. Pravoslav kilsəsinin və qatı millətçi qüvvələrin güclü təsirə malik olduğu cəmiyyətdə filmin LGBTQ mövzulu süjet xəttinin mübahisəli məqamlar doğuracağı qaçınılmazdır; filmdəki hadisələrin maço ideallarının toxunulmaz olduğu “Gürcüstan Milli Ansamblı” ənənəvi rəqs truppasında baş verməsi isə bu gərginliyi daha da artırır. Ancaq ölkə xaricində film bir-birinin ardınca festivalları fəth etməkdədir. Bəziləri filmi Kanndakı dünya premyerası üzərinə Qafqazın “Call Me By Your Name”i elan ediblər, Ukraynadakı Odessa Beynəlxalq Film Festivalında isə film Qran-pri mükafatının şərikli qalibi olmağı ilə yanaşı, həm də baş roldakı Levan Gelbaxianiyə Ən Yaxşı Aktyor mükafatını qazandırıb.

 

Filmin Gürcü əsilli İsveçli rejissoru Levan Akin Stokholmda böyüyüb, film də əsasən İsveçdəki mənbələr tərəfindən maliyyələşdirilib. Odessadakı uğurundan sonra Akin mənə bunları dedi: “Gürcüstanda yaşasaydım bu filmi çəkə bilməzdim, çünki, əvvəla, film üçün maliyyə vəsaiti tapa bilməzdim, ikincisi isə mən cəmiyyət tərəfindən təzyiqə məruz qalacaqdım.” Amma o əlavə edir ki, daxilində qütbləşmiş Gürcüstanın özündə belə çox güclü dəstək vardır. “Oradakı media həddən artıq müsbət rəylər verib və mən hər gün İnstagram’da gənc Gürcülərin filmi izləmək istədikləri barədə mesajlar alıram.”

 

Gelbaxiani Gürcüstan Milli Ansamblının istedadlı rəqqası Merabı canlandırır. Onun 10 yaşından bəri dəyişməyən xanım rəqs ortağı var və o cəmiyyətin gözləntiləri nəticəsində ortağının sevgilisi obrazına da itələnmişdir. Amma Batumidən İrakli (Baçi Valişvili) adlı istedadlı rəqqas ona rəqib simasında gəlincə, yeni bir istək qığılcımı Merabın tarazlığını pozur. Milli Baletin qastrol zamanı başqa bir kişi ilə cinsi əlaqədə olarkən yaxalanan üzvünü əvəz etmək üçün olacaq sınaqlar yaxınlaşmaqdadır. İlk olaraq monastıra göndərilən rüsvay olmuş həmin rəqqas indi küçələrdə çörək pulu qazanmağa çalışır. Onun taleyi Merabın qarşısında təkcə şans olaraq deyil, həm də xəbərdarlıq hekayəsi olaraq dayanır.

 

 

Akin Tbilisidəki çəkilişlərin gözdən uzaq olması üçün tədbirlər görüb. Buna baxmayaraq, qatı sağçı aktivistlərin kastinq direktoruna ünvanlanmış təhdidlərindən sonra çəkiliş meydançasına mühafizəçilər gətirilib və çəkiliş üçün planlaşdırılmış yerlərdən bir çoxu ya izahat verilmədən komandanın üzünə bağladılıb, ya da insanlar çəkiləcək filmin hansı növ olduğunu hiss edəndən sonra uydurma “renovasiya” səbəbləri əsas gətirilərək qapadılıb.

“Məni Gürcüstandakı homofobiya ilə bağlı ən çox narahat edən şey odur ki, bir çoxları bu barədə açıq şəkildə danışmır, çünki onlar AB-dən maliyyə dəstəyi alır və özləri ətrafında yalançı demokratik görüntü formalaşdırır. İfrat sağçı qrupları yenə bir yolla neytrallaşdırmaq olur, amma pul əldə etmək üçün proqressiv görüntü formalaşdırıb, daxildə isə əsl homofob olan bu insanlarla isə həmişə mübarizə aparmaq olmur. Və yaxud homoseksual olduğunu bildiyim, amma bunu danaraq yüksək vəzifələrdə çalışan və bizim filmin qarşısını almağa çalışan insanlar. Orada lap Liberaçenin (məşhur Amerikalı homoseksual musiqiçi) özü olub, yenə də ailə və uşaq sahibi olan insanlar var.

 

 

Akin 2013-cü ildə yeniyetmə cadugər fantastikası olan sonuncu filmi “Çevrə” üzərində işləyərkən Youtube’da izlədiyi bir video onu silkələyərək “Və Sonra Biz Rəqs Etdik” filminin siyasi cəhətdən həssas mövzularını işləməyə sövq edib. Bu Tbilisinin mərkəzində homoseksual hüquqları adına qara bir gün kimi yaddaşda qalmış nifrət partlayışı idi: 17 May Homofobiya və Transfobiyaya qarşı Beynəlxalq Gündə “queer” aktivistlər Protestant rahiblərindən ibarət qəzəbli qrup tərəfindən təqib edilmiş və hücuma məruz qalmışdırlar.  Akin deyir ki, “Mən utanc hissi keçirdim, çünki mənim tanıdığım Gürcüstan bundan dəfələrlə daha tolerant və açıq-düşüncəli idi. Əlbəttə mən bilirdim ki, kilsə, dünyanın bir çox yerində olduğu kimi, LGBTQİ icmasını o qədər də dəstəkləmir, amma düşmənçiliyin belə ekstrim səviyyəsi məni həqiqətən təəccübləndirmişdi. Bu məni xeyli düşündürdü. Sonuncu filmimi bitirdikdən sonra bu mövzunu araşdırmaq üçün təkbaşına Gürcüstana getdim.”

Bu ilin İyun ayında ifrat sağçı qrupların aqressiyası və təhlükəsizliyi təmin etməkdə könülsüzlük nümayiş etdirən dövlət orqanlarının passivliyi ilə qarşılaşan Tbilisi aktivistlərinin şəhərin ilk “Qürur paradı”nı (Pride parade) keçirmək cəhdində üzləşdiyi çətinliklərdən sonra, LGBTQ haqları ətrafında cərəyan edən müzakirələr Gürcüstanda qızğın hal alıb. Təşkilatçılar, yürüşün son nəticədə qəbuluna və normalizasiyasına gətirən və Kiyev kimi başqa post-Sovet şəhərlərində də baş vermiş prosesdə qaçınılmaz mərhələ olaraq görünən şiddətə razılaşmalı olublar.

 

Uzunmüddətli perspektivdə gündəlik reallığı təqibdən ibarət olan və günü-gündən artan saylarda xaricdə sığınacaq axtaran azlıq üçün daha geniş görünürlük yolunda atılmış bu addımın zəruri olduğu düşünülür. Ağır təzyiq altında təşkilatçılar yürüşün kiçik-miqyaslı, partizan versiyasını reallaşdırmağı bacardılar.

Akin kinonu görünürlük üçün effektli olan vasitələrdən biri hesab edir. “Mən elə bir film çəkmək istəyirdim ki, potensial olaraq Gürcüstan, Ukrayna və dünyanın o hissəsində düşüncələri dəyişmək gücü olsun – əl çatan və geniş mövzulu bir şey. Gürcüstanda bir kimsənin anası – mütləq deyil ki, homofob, amma şübhələri olan – filmə baxıb LGBTQİ insanlarının bütün hər kəs kimi öz həyatlarını yaşamağa çalışdıqlarının fərqinə vara bilər.”

 

Akin, 80-ci illərdə baxaraq böyüdüyü yeniyetmə filmlərindən ilhamlandığını deyir. “Tbilisinin görüntüləri ilə belə bir növ mövzunu bir araya gətirən bir film görməmişdim. Gürcü kinosu möhtəşəmdir, amma çox ağır və sanballıdır. Onu “lovğa” adlandırmaq mənfi yüklü olardı, buna görə “lovğa” düzgün söz olmazdı, çünki mən onu sevirəm – amma mən nəsə gənc, enerjili və əyləncəli bir film çəkmək istəyirdim.” Gözəl kinomatoqrafiyadan savayı, filmin əsas gücü həm də Akinin araşdırma zamanı öyrəndiyi real həyat təcrübələrinə əsaslanan, əsas süjet xəttinin ətrafında hörülmüş detallı, rəngli hadisələrin çoxluğundadır.

 

“Əvvəl mən o icmadan heç kimi tanımırdım. Mən Gürcüstana sadəcə ailəmi ziyarət etməyə gedirdim. Ona görə də mən elə bil bu qutunu açdım və bütün bu inanılmaz hekayələr üzə çıxdı. Əvvəl-əvvəl mənimlə danışmaq istəyən insanları tapmaq çətin idi. Bir QHT-nin vasitəsilə daha çox insanla tanış oldum. Tezliklə, mən bütün bu rəqs məsələsinə gəlib çıxdım. Mən Batumidə müəyyən dərəcədə gizli saxlanılan və rəsmi olaraq qadağa olunmayan LGBTQİ uşaqları üçün dərsdən kənar fəaliyyətlə bağlı bir təşkilatda olan uşaqlarla görüşüb, onları çəkirdim. Onlar bir araya gələn kimi musiqi qoşub rəqs etməyə başlayırdılar.

 

Akinin Gürcü kimliyi uğrunda mübarizə səhnəsi üçün rəqsdən istifadə etmək seçimi tam ideal vaxta təsadüf edib. Uzun zaman Gürcü millətinin mədəni DNT-sinin zəruri aspekti sayılan rəqs, son dövrlərdə yeni yaradıcı nəslin ənənələrdən uzaqlaşıb, özünüifadənin daha qloballaşmış formalarına üz tutması nəticəsində siyasi cəhətdən tezalışan mövzuya çevrilib. Tbilisinin çiçəklənən texno dünyasının rəqs meydançalarında rəqs, hətta aktivizmin bir növünə çevrilib. “Biz birgə rəqs edir, birgə mübarizə aparırıq!” – keçən ilin May ayında polislərin narkotik reydləri zamanı pulemyotlarla dünyaca məşhur Bassiani klubuna soxulması və cavab olaraq minlərlə insanın parlament binası qarşısında neo-Nasist əks-etirazçıların müşayiəti ilə etiraz reyvindən sonra bütün dünyada medianın diqqətini cəlb edən pərakəndə hərəkatın sloqanına çevrilmişdi.

 

LGBTQ insanları üçün təhlükəsiz məkan (safe space) olan Bassianidə hər ay adını Gürcü müharibə rəqsindən götürən “Horoom” adlı “queer” gecəsi keçirilir. “Və Sonra Biz Rəqs Etdik” filmində Merabın daxili konfliktləri dözülməz həddə çatanda, o gəlib Bassianiyə çıxır. Təəccüblü deyil ki, şəxsi məkan sarıdan korluq çəkən bu şəhərdə, o, döyünən texno musiqisinin beton yeraltısına daxil olmadan öncə, rəqs truppasının başqa bir üzvü onu “queer”lərin toplaşdığı “Success Bar”dan çıxarkən görür – istəsə, ona Merabı satmaq imkanını verir.

 

Akin sadəcə bu ikonik məkanlarda çəkiliş etməyib, həmçinin Tbilisinin gecə həyatından olan məşhur simaların iştirakı ilə filmə kameo rollar da daxil edib. Bunlardan biri “Success Bar”ın 29 yaşlı xarizmatik sahibi Nia Qvatuadır, hansı ki, bu yaxınlarda barın işlərini öz üzərinə götürərək ona yeni, dəbli sima qazandırıb. “Mən həqiqətən də şadam ki, Levan bu mövzuya toxunub, və onu dünyada daha görünən hala gətirib” deyə Qvatua mənə deyir. “Çox təəssüf ki, Gürcülər hələ bu filmi izləməyiblər, çünki hələ də cəmiyyətin mənfi reaksiya verəcəyi riski var, amma o söz verib ki, tezliklə burada filmi nümayiş etdirmək imkanını əldə edəcəklər.”

Akin deyir ki, Tbilisinin dərindən haçalanmış cəmiyyətini təsvir edərkən, o, ehtiyatla saldığı cığırla hərəkət edib: “Mən filmin qütbləşmiş ekstrimləri təsvir etməsini istəmirdim, ona görə də nə nifrəti, nə Bassianinin nifrət edənlərin çürük saydığı Sodom və Homorra tərəfini, nə də ki, narkotikləri dərindən göstərməmişəm. Bəlkə də, bu çox İsveçli-təhər alınıb, amma mən orta yolla addımlamağı seçmişəm. Mesajı çatdırmaq üçün heç bir izləyicini uzaqlaşdırmağa çalışmamışam.”

İlk öncə o, sənədli film çəkməyi planlayıb, (“Real insanlar o qədər maraqlıdırlar ki, mən onları əvəz edəcək aktyorlar tapmaq istəmirdim”) amma subyektlərinin anonimliklərinin pozulması və bunun potensial nəticələri ilə bağlı narahatlıqlarına görə bədii filmə üz tutub. Amma o, seks səhnələrinin tonunu zəiflətməməkdə qərarlı olub. “Gürcüstanda özünə ‘proqressiv’ deyən  insanlar arasındakı norma belədir ki, homoseksual olmaq pis bir şey deyil, amma bunu küçədə nümayiş etdirmək lazım deyil. Ona görə də filmdə onlar sekslə məşğul olarkən geri çəkilib kameranı hansısa ağaca, ya da belə bir şeyə döndərmək istəmədim.”

 

Özünün saysız-hesabsız tərəflərini bütöv bir şəxsiyyət altında birləşdirməyin çətinliyi Merabın üzərində təzyiq yaradır deyə Akin izah edir: “Mənim üçün burada yeganə sual maskulinlik məsələsi deyildi, əsas ənənənin nə olması sualıdır. Necə həm öz mədəniyyətini qəbul edə, həm də öz şəxsiyyətini saxlaya bilərsən? Mən bu cavanlarla danışarkən, onlar deyir ki, Gürcü rəqsi bərbaddır və onlar bu rəqsin bir hissəsi olmaq istəmirlər, çünki o boğucudur və zülmü təmsil edir. Onlara deməyə çalışıram ki, mən də Gürcüyəm və mənim üçün bu xalq rəqsi gözəldir. Mən onu izləyərkən tüklərim biz-biz olur, amma bu məni patriarxal və ya milliyyətçi etmir. Onların öz mədəniyyətlərinə sahib çıxmalarını və bu dəli fanatiklərin Gürcü olmağın nə olduğu sualı üstündə özlərinə avtoritet status vermələrinə icazə verməmələrini istəyirəm.”

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir