Bir fotonun hekayəsi: “Dali Atomicus”
Hər bir məşhur rəsmin, şəklin və fotonun öz tarixçəsi var. O, bəzən dəhşətli, bəzən gülməli, bəzən ağlasığmaz, bəzən isə düşündüyümüzdən çox sadə olur. Sizə “Dali və pişiklər” adı ilə məşhur olan fotodan bəhs etmək istərdik. Yeri gəlmişkən, bu şəklin əsl adı “Dali Atomicus” adlanır.
Rəqəmsal texnologiyaların və Photoshop-un olmadığı 1948-ci il üçün olduqca qabaqcıl sənət əsəridir. Bu şəkildə təsvir olunmuş Salvador Dali özü rəsm sahəsində sürrealizmin banisidir, şəklin müəllifi Filip Halsman isə bu cərəyanı fotoqrafiya aləminə gətirən ilk insan kimi tanınır. Dali və Halsman 30 il boyunca sıx və dostluq əlaqələri qurublar.
Qayıdaq fotoqrafiyanın özünə. Hazırda belə şəkil alındırmaq üçün Photoshopda bir neçə dəqiqə yetərlidir. Lakin o dövr üçün bu hədsiz dərəcədə qabaqcıl və o qədər də mürəkkəb proses idi. Bu kadrın ərsəyə gəlməsi üçün nə az, nə çox 6 saat vaxt tələb olunub.
Molbert və rəsm görünməz sapla tavandan asılmışdı, kətili rəssamın yoldaşı tutur, daha iki assistent isə pişikləri və suyu tullayırdılar. Hər çəkilişdən sonra Hallsman fotootaqda alınan şəkli gözdən keçirib, yeni kadr çəkmək üçün geri qaydırdı. “Üç” dedikdə assistentlər pişikləri və suyu tullamalı, “dörd” dedikdə isə rəssamın özü göyə atlanmalıydı.
Dali gec atlandı – yenə çəkmək lazımdır. Assistentlər döşəməni silir və dalaşan pişikləri barışdırır. Assistentlərdən biri kadra düşdü – yenidən. Su pişiklərin yox, Dalinin üstünə töküldü – təkrar!
Və nəhayət təxminən 6 saatdan sonra şedevr ərsəyə gəldi. Lazım olan kadr alınandan sonra hamı yorğun, islanmış pişiklər isə olduqca narazı idi. Beləcə, dünya fotoqrafiya aləminin ən məşhur fotolarından birini əldə etdi…