Diana Arbus – Marjinal fotoqrafiyanın əcaib və cəlbedici ustadı

 Diana Arbus – Marjinal fotoqrafiyanın əcaib və cəlbedici ustadı

“İnsana elə-belə yaxınlaşıb həyatı haqda bəhs etməyini xahiş etmək olmaz. İnsanlar özlərini qorumağa çalışırlar, lakin kamera özünəməxsus eskizdir” – Diana Arbus

Məşhur amerikalı fotoqraf Diana Arbus əcaiblərin çəkilişi ustadı adlandırılmasını heç xoşlamırdı. Lakin tarixə, ilk növbədə, fiziki qüsurları olan insanları necə çəkəcəyini bilən ilk fotoqraflardan biri kimi adını yazdırmışdır.

Moda fotoqrafı kimi karyerasına başlayan Diana birdən-birə marjinal estetika dünyasına daxil olmur, lakin onun “səsinə” çevrilir və  ona xas olan, eyni zamanda itələyici və maqnetik əcaib füsunkarlığı ifadə etməyi bacarır.

Bəlkə də bu araşdırılmayan və hardasa qadağa altında olan sahə həyata konformist baxışları ilə seçilməyən müəllifin rəğbətini qazanır. Orijinal yaradıcılığı Diana Arbusa, ölümündən sonra olsa da, uğur gətirir. Onun ilk şəkilləri Venesiya Bienalında sərgilənir. Mübahisəli estetikaya baxmayaraq, onlar Dianaya ABŞ və dünya miqyasında fotosənədləşdirmənin mühüm fiqurlarından birinə çevrilməyə imkan yaradır.

Arbus fotojanrla birlikdə başqa sahələrdə işləyən bir çox insana təsir edir (məsələn, Stenli Kubrikin “Parıltı” filmində onun vizual təsvirlərinə göndərmə var). Mütəxəssislərin fikrincə, onda marjinal dünyaya maraq yaradan əsas amil yarıunudulmuş 30-cü illərin “Eybəcərlər” filmi olur. Öz zamanında tamaşaçıların kəskin iradına səsəb olmuş Tod Brouninqin bu filmi, 60-cı illərdə iti bəddi ifadə kimi qayıdaraq Diananı maraqlandıran mövzü – bərqərar olunan və gözlənilən nizam-intizamın pozulması mövzusu ilə üst-üstə düşür.

Arbusu yalnız deviasiya çəkilişi ustadı saymaq olmaz – onun istedadının xüsusiyyəti tamamilə orta statistik səhnələrdə qorxulu və dəhşətli, itələyici və anormal amili tapmaq bacarığıdır. Eyni zamanda, Diana frikləri, fiziki baxımdan qeyri-adi insanları və başqa ictimai autsayderləri, onların insaniyyətini, lakin eyni zamanda daimi daxili gərginliyini xüsusi qeyd edərək, tamamilə adi şəraitdə çəkirdi. Öz işləri ilə Arbus mövcud normaların totalitarlığını, qəddarlığını və məhdudluğunu vurğulayırdı.

Diana Arbusun fotoüslubu – psixologiya, dokumentalistika və daxili münaqişəyə dərin cərəyan etməkdən ibarətdir.

Fotoqraf kimi Diana Arbus, XX əsrin 30-cu və 40-cı illərdə Avropa ilə ABŞ-da populyar olan nuarın təsirinin altına düşür – o, 1923-cü ildə dünyaya gəlib və kardinal şəkildə dəyişən bədii paradiqma mühitində böyüyüb. Onun konsepsiyasında Nyu-York məktəbinin üslubu sezilir, Diana fəal şəkildə o dönəm dəbdə olan texniki fəndləri  – təbii kompozisiyalı və emosional gərginlikli birbaşa çəkilişdən, studiya yerinə reportaj şəraitində işdən, frontal səhnələşdirmədən və s. istifadə edirdi. Diananın mərkəzləşdirilmiş tərzi texnika ilə vurğulanır – fotoqraf bütün detalları həcmli etmək üçün neqativləri 60-60 mm-dək böyütməklə, başqalarından daha çox Rolleifleks kamerasını istifadə edirdi.

Tərkib baxımından Arbusun işlərini Avqust Zander və Brassay ilə müqayisə etmək olar, lakin onu xüsusi psixoloji dərinlik fərqləndirir. Diana heç vaxt öz qeyri-adi modellərini poz verməyə məcbur etmirdi, şəraitə və kameraya öyrəşmələrinə yetərincə vaxt ayırırdı, onlari sözün əsl mənasında anlamağa çalışırdı. Bəlkə də məhz elə buna görə Diana çəkdiyi xüsusi insanların unikallığını və onların daxili aləmindəki xaosu belə ustalıqla əks etdirməyi bacarır. O, çəkiliş aparmazdan öncə insanlardan özləri haqda danışmağı xahiş edirdi və haradasa onlara mənəvi cəhətdən yaxın idi – eyni şəkildə emosional baxımdan cəmiyyətdən təcrid olunmuş və çətinliklə başa düşülən Diana modellərinin nə hiss etdiyini anlaya bilirdi.

O, yalnız insanla söhbət etdikdən sonra çəkiliş apararaq arada-sırada tamamilə gözlənilməz nəticələr əldə edirdi. Məsələn, çox məşhur “Yəhudi nəhəng və onun valideynləri” fotoqrafiyası Eddi Karmelin əcaibliyini yox, onun qarşısında köməksiz duran ana və atasının çaşqınlığını vurğulayır.

Dianın dünya şöhrətli digər işləri – oyuncaq qumbara tutan oğlan və əkiz bacılar – ümumiyyətlə, fotoqrafın baxış

prizmasından adi uşaqları əks etdirir. Stenli Kubrikdə (o isə auditoriyanı qorxutmaq üçün istifadə edilən vizual vasitələrə yaxşı bələd idi) təsir buraxan eyni tünd paltarlar geyinmiş qızların portreti Diananın işləri arasında ən məşhurdur. Bu portret günümüzdə də təsirli horror-təsvirlərindən, praktik olaraq bu janrın müasir rəmzlərindən biri hesab olunur.

Qorxulu detalları vurğulamağı bacaran daxili “böyüdücü şüşəsinin” olmasına baxmayaraq Diana, dünyanı qara rəngə bürümək istəyən anarxist deyildi. Lakin bu sahədə bir çox söz sahibləri, eləcə də Süzan Zontaq (Arbusla Zontaqın qarşıdurması XX-ci əsrdə fotoqrafiya sahəsində ən ciddi bədii münaqişələrdən biri sayılır) Diananı məhz bunda ittiham edirdi.

Marjinal obrazları tamamilə destruktiv saymaq olmaz, çünki normanın birölçülüyü incəsənətə ziyan vurur. Onun fotoqrafiyasında əsas rolda karliklər və hamıdan fərqlənən insanlardır, “adi” modellər isə onun şəkillərində tez-tez çaşqın və bədbəxt görünürlər. Bu vurğulanmış “qarşıdurma” Arbusun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir.

Yaradıcılıq yolu, axtarışlar və ölümqabağı etiraf

Rusiyadan köçmüş zəngin yəhudi ailəsində doğulmuş Diana bütün uşaqlığını Nyu-Yorkun Qrin-Villic bölgəsində keçirib, dayə tərəfindən böyüdülüb (qardaşı və bacısının öz dayələri var idi) və mötəbər Daşsarmaşığı Liqası universitetində təhsil alıb. Lakin, atasının onun rəssamlıq istedadının dəstəkləməsinə və inkişaf etdirməsinə baxmayaraq, artıq yeniyetmə yaşlarından Diana valideynlərinə problemlər yaradırdı. Qızcığaz rəssamlıq dərsləri alır, incəsənət məktəbində kurslara gedir, lakin 18 yaşında (1941-ci ildə) “zəhlətökən” himayədən qurtulmaq üçün aktyor karyerasını yeni quran Allan Arbusa ərə gedir. Gənc Allan məsuliyyətli həyat yoldaşı idi. O, öz karyerasını buraxır və satıcılığa başlayır, sonra isə fotoqrafiya ilə məşğul olur və paralel olaraq daha iki yerdə işləyir. Bu, öz bəhrəsini verir – artıq 40-cı illərin sonlarında cütlüyün studiyası (Diana əri ilə birgə çalışırdı) məşhurlaşır.

1947-ci ildə cütlüyün ilk işləri ABŞ-ın ən məşhur dəb dərgilərində – Vogue və Glamour-da dərc edilir. Ərinin texniki tərkibə cavabdeh olduğu, Diananın isə tutqun-nuar konseptual “fundament” kimi təqdim etdiyi cütlüyün səhnələşdirilmiş fotoqrafiyası uğur qazanır. Lakin bu, Dianaya rahatlıq gətirmir.

O, əziyyətlə öz üslübunun axtarışında idi, daxili gərginlik nəticəsində depressiyadan və əsəbdən əziyyət çəkməyə başlayır və 1957-ci ildə ərindən boşanır. Onlar sıx əlaqədə olurdular, iki qız böyüdür (onlar 1945 və 1954-cü illərdə doğulub) və yalnız 60-cı illərin sonunda boşanırlar.

Müstəqil fəaliyyətdə başlayaraq Diana ekstremal incəsənətin hüdudlarında təcrübə aparmağa başlayır və 1961-ci idlə həmin “Eybəcərlər”-i izləyir. Bu film gözəl gimnast qıza vurulmuş sirk karlikindən bəhs edir. Bu, onun baxışında son ştrix olur – ömrünün qalan on ili ərzində (Diana 1971-ci ildə barbituratlar içdikdən sonra hamamda damarlarını kəsərək özünə qəsd edir) o, ən mühüm əsərlərini yaradır.

Çağdaşları üçün onlar çox radikal olur – Quqqenhaym muzeyinin və mötəbər dərgilərin onunla əməkdaşlıq etməsinə və tanınmış mütəxəssis olmasına baxmayaraq sağlığında Diananın yalnz bir  geniş ekspozisiyası baş tutur. Məyusluq, depressiyalar və 60-cı illərin sonunda hepatitə yoluxması Diananı sinir xəstəsi edir və fəlakətə aparır.

Ölümündən sonra Diananın ilk şəxsi sərgisi 1972-ci ildə Müasir İncəsənət Muzeyi tərəfindən təşkil edilir. Fərdi fondlardan biri olan Aperture, günümüzdə dünyada ən çox satılan şəkilli kitablardan biri olan fotoqrafın monoqrafiyasını dərc edir. Onun əkiz bacılar təsvir olunmuş Identical Twins əsəri dünyanın ən bahalı altıncı fotoqrafiyası sayılır (sonuncu dəfə o, təqribən yarım milyon dollara satılmışdı). 2006-cı ildə öndə gedən Hollivud aktyorlarının iştirakı ilə Diananın həyatının motivlərinə əsaslanan film çəkilir. “Xəz” (Fur: An Imaginary Portrait of Diane Arbus) filmində Nikol Kidman və Robert Dauni (oğul) çəkilir. Bu gün Diana Arbusun konseptual yanaşmasının bütün dünyada təsdiqini tapmasına baxmayaraq, onun əsərləri hələ də insanları bütün yeni, qeyri-adi və fərqli şeylər kimi, təəcübləndirir, qorxudur və hələ də xatırlanır.

Məqalə rus dilindən tərcümə olunub.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir