Skandinaviya filmləri beynəlxalq kino aləmində kult statusu daşıyır. İslandiya əhval-ruhiyyəsi isə bu koloritin özünəməxsus rəng çalarıdır. Rejissor Fridrik Tor Fridrikson 350.000 əhalisi olan İslandiyada ən məşhur filmlərə imza atıb. Bunlardan ən məhşuru da heç şübhəsiz, musiqiçi Byörkün də çıxış etdiyi “Rokk i Reykjavik” (Reykyavikdə rok) filmidir. Bədii filmdən daha çox sənədli film mahiyyəti daşıyan bu film öz auditoriyasına İslandiya səhnəsi haqda məlumat verir. İslandiyanın milli simvolu sayılan Byörkün gənclik fotosu da əsas afişada yer alıb.

Bu dəfəki kino məsləhətimiz isə Fridrik Tor Fridriksonun daha az bilinən, lakin izlənilməli psixoloji filmlərdən sayılan “Englar Alheimsins” (Kainatın mələkləri) filmidir. “One flew over the cuckoo’s nest” (Ququ quşu yuvasının üzərindən uçarkən) filmi ilə bənzərliklər olsa da, “Kainatın mələkləri” daha çox İslandiya tənhalığından bəhs edir.

– Əvvəllər dəlixanalarda dəlilərə, çəkdiyim rəsmlərə bənzəyən ağ paltarlar geyindirərdilər.
– Amma bu ənənə artıq dəyişib. Yeni qayda ilə artıq dəlixanaları adi evlərə oxşadırlar.
– Niyə?
– Çünki adi evlər getdikcə dəlixanalara bənzəməyə başlayıb.

Bir insan düşünün, 2 rəqəminin kökünü tapıb ona çevrilməyə çalışır. Adolf Hitler adına bankdan kreditə pul alır. Eyni zamanda, olduqları yerdə hamı onu Beatles qrupunun bəstələrinə söz yazan biri kimi tanıyır. Belə bir şey harada ola bilər? Təbii ki, dəlixanada. Amma qəhrəmanımız dəli deyil, şizofreniyadan əziyyət çəkir.

Film təxəyyül məhsulu deyil, Einar Mal Qudmundssonun eyniadlı əsəri (1993) əsasında çəkilib. Əsərdə əsas qəhrəman müəllifin qardaşı Palmi Örn Qudmundssondur (filmdə Pal adlanır).

Film 2000-ci ildə çəkilib, mən isə 6 il öncə izləmişəm. Hələ də ara-sıra izləyirəm və ən yaxın dostlarıma da tövsiyyə edirəm. Artıq arxivə qovuşmuş keçmiş bloq yazılarımın arasında itib batmaması üçün həmin yazını yenidən, bu dəfə  daha geniş auditoriyaya çatdırmağın lazım olduğunu düşündüm.

Sevgilisinin onu atmasından sonra ruhi vəziyyəti getdikcə pisləşən Pal, öz ani qərarları ilə insanı düşünməyə sövq edir, hətta bəzən güldürə də bilir.  İzlədiyiniz müddətdə filmin içinə tam daxil olmusunuzsa, sonda Sigur Ros qrupunun heyrətamiz musiqisinin başlaması ilə “bundan sonra nə edəcəyəm?” qərarsızlığı düşüncələrinizə hakim olacaq.

Filmin treyleri

Filmin saundtreki