Azərbaycan filmləri və prestijli festivallar

Dünyanın ən nüfuzlu və böyük film festivalları Beynəlxalq Film İstehsalçıları Federasiyası (FIAPF) tərəfindən seçilərək təsdiqlənir. 1933-cü ildə təsis edilmiş bu federasiyaya 29 ölkədən 34  assosiasiya daxildir. Jurnalist lüğətində hələ də qorunub saxlanılan “A” kateqoriyalı festivallar anlayışı şərti olaraq FIAPF tərəfindən verilən akkreditasiya ilə bağlıdır. Bu tip festivallar adətən çoxillik kinematoqrafiya ənənəsi olan ölkələrdə keçirilir.  “A” kateqoriyalı festivallar başqa kino festivallarında iştirak etməyən ən az 12 tammetrajlı filmin iştirak etdiyi, eyni zamanda dövlət səviyyəsində beynəlxalq münsiflər heyəti və rəsmi dəstəyi olan festivallar sayılır. Bir ölkədə birdən çox “A” kateqoriyalı festival ola bilməz. Bu məqaləmiz “A” kateqoriyalı festivallardan və digər məşhur festivallarda iştirak edən azərbaycanlı rejissorlardan bəhs edir.

 

Kann Film festivalı

 

Film festivalı deyilən zaman yəqin ki ağla ilk gələn festival Kann’dır. 1946-cı ildən başlayaraq hər ilin may ayında keçirilən festivalın əsas mükafatı “Qızıl Palma”-dır. 1946-cı ildən 1959-cu ilə qədər festivalın münsiflər heyətinin rəhbəri yalnız fransızlardan ibarət idi. 1960-cı ildə Belçikalı yazar Jorj Simenon bu trendi qıraraq festival jurisinin prezidenti seçilir.

Festival üçün ilk afişanı 1939-cu ildə rəssam Jan-Qabriel Domerq hazırlayır. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbilə festival ləğv olunur. 1990-cı illərin ortasından etibarən Festivalın münsiflər heyəti qalibi seçmək üçün Domerqin bir vaxtlar yaşadığı və indi “Villa Domergue” adlanan malikanədə toplaşır. Festivalın ən yüksək mükafatı Palme d’Or və ya “Qızıl Palma”, 1955-ci ildə təsis edilb. Həmin il festivalın təşkilatçıları trofeyi hazırlamaq üçün zərgərlərə müraciət edir. Aralarından Lusyen Lazon’un dizayn işi seçilir. 1997-ci ildən etibarən trofeyin istehsalı işi ilə İsveçrənin Chopard şirkəti məşğuldur.

 

Kann Film Festivalının əsas hissəsində verilən ən böyük mükafat: Qızıl Palma Budağı

 

20.000 avro dəyəri olan “Qızıl Palma” trofeyi 18 karat qızıldan hazırlanır. Baş verə biləcək hər hansısa bədbəxt hadisə və ya “İki Qalib” ehtimalını nəzərə alaraq, hər il istehsalı ilə məşğul olan şirkətə “Qızıl Palma”-dan iki ədəd sifariş verilir. Hər il orta hesabla 4500 jurnalistin iştirak etdiyi Kann festivalı, Olimpiya oyunlarından sonra dünyanın ikinci ən böyük media hadisəsi sayılır.

 

Venesiya Film Festivalı

 

1932-ci ildə təsis olunan Venesiya, dünyanın ilk film festivalıdır. Kann və Berlin festivalı ilə birlikdə “Üç Böyük”-lərdən biri hesab olunur. Venesiya Film Festivalı, əsası 1893-cü ildə qoyulan Venesiya Bienalının bir hissəsidir. Bienal özü İtaliya və beynəlxalq incəsənəti, memarlıq, rəqs, musiqi, teatr və film kimi sferaları əhatə edir.  Festival hər ilin avqust ayının sonu və sentyabr ayının əvvəlində təşkil olunur. Festivalın ən yüksək mükafatı olan “Qızıl Şir”, elə festivalın fəaliyyətə başladığı il təsis olunub. Mükafatın rəmzi olan qanadlı şir, vaxtilə Venesiya Respublikasının simvolu olub.

 

Venesiya Film Festivalının əsas hissəsində verilən ən böyük mükafat: Qızıl Şir

 

“Qızıl Şir” ilə yanaşı festivalda təqdim olunan digər əsas mükafatlar isə “Gümüş Şir”, “Əsas Jüri Mükafatı” və “Xüsusi Jüri Mükafatı”-dır. Festival hər il Venesiyanın Lido adlı 11 kilometrlik sahil ərazisində keçirilir. Festivalın keçiriləcəyi gün dünyaca məşhurlar kanal vasitəsilə qayıqlarla festivalın keçiriləcəyi məkana gəlirlər. Bu, pərəstişkarların və fotoqrafların olduqca sevdiyi mənzərədir. Festivalın ən yadda qalan hadisələri 1961-ci ildə Salvador Dalinin festivaldakı art performansı və 1999-cu ildə Stenli Kubrikin “Eyes Wide Shut” filminin təqdimatı olmuşdur. İlk dəfə 2007-ci ildə homoseksual mövzuda filmlər üçün “Mavi Şir” mükafatı təsis olunmuşdur. 2009-cu ildə Tom Ford “A Single Man” filmi ilə, 2011-ci ildə isə “Wilde Salome” filmi ilə Al Paçino bu mükafatın qalibi olmuşdur. Müxtəlif səbəblərdən Venesiya Film Festivalının uğurlu rəqəmi 7 hesab olunur. 7 mükafat, 7 proqram və 7 nəfərdən ibarət münsiflər heyəti.

 

Berlin Film Festivalı (Berlinale)

 

1951-ci ildən etibarən dünya film arenasına “Qızıl Ayı” mükafatı ilə çıxan Berlinale, dünyanın ən əhəmiyyətli film festivallarından biri sayılır.  Hər ilin fevral ayında təşkil olunan festival 300.000-dən çox bilet satışı və 500.000 qəbul sayı ilə ən böyük ictimai festival sayılır.

İsrail Berlinale tarixində ilk dəfə “Qızıl Ayı”-nı məhz bu il, 2019-cu ildə Nadav Lapid’in rejissoru olduğu “Synonyms” filmi ilə götürdü.

 

Festivalın bu günə qədər ən uğurlu laureatları ABŞ (13 qalib), Fransa (8 qalib), Böyük Britaniyaİtaliya (hər biri 7 qalib), Almaniyaİspaniya (hər biri 6 qalib) olmuşdur. Sonuncu dəfə “Qızıl Ayı”-nı udan alman rejissor, Fatih Akın (2004) olub.

 

Toronto Film Festivalı

Bu festivalı digərlərindən fərqləndirən əsas xüsusiyyət, Ən Yaxşı Filmi münsiflər heyətinin yox, ictimaiyyətin seçməsidir. 1976-cı ildə təsis edilən festival, ilk başlarda Festivallar Festivalı adlanırdı. Digər film festivallarında seçilən ən yaxşı filmlər Toronto Festivallar Festivalında səbirsiz tamaşaçılar üçün göstərilirdi. 1994-cü ildə Festivalın adı dəyişilərək Toronto Beynəlxalq Film Festivalı olur.

Sürətlə böyüyən festival 2007-ci ildə Toronto iqtisadiyyatına 67 milyon dollar, 2011-ci ildə isə 170 milyon gəlir gətirmişdir. Festival hər il 450.000-ə yaxın insana ev sahibliyi edir. 1984-cü il Toronto Film Festivalının rekorda imza atdığı ildir. Həmin il festivalda 460 filmin nümayişi keçirilib. İkinci rekord isə 400 film nümayişi ilə 2016-cı ildir.

1995-ci ildə azərbaycanlı rejissor Rüstəm İbrahimbəyov, senarisini Nikita Mixalkov ilə birgə yazdığı Günəşdən usanmışlar (1994) filmi ilə 1994-cü ildə Oskar mükafatına layiq görülmüşdür. Film eyni zamanda 47-ci Kann Film Festivalında Qrand Pri mükafatının laureatı olub.

2013-cü ildə Azərbaycanlı gənc rejissorlar Elvin Adıgözəl və Rüfət Həsənovun çəkdiyi “Buqələmun” filminin Lokarno Film Festivalında nümayişi keçirilmişdi. Beş il sonra Elvinin digər filmi “Qaranlıqdan reportaj” isə 2018-ci ildə FIDMarseille-də nümayişi keçiriləcək filmlər siyahısına salınmışdı.

Azərbaycan kinosunu beynəlxalq arenada uğurla təmsil edən rejissor Hilal Baydarovun bir çox filmi məşhur festivallarda iştirak edib. Rejissorun “Adsız Yüksəkliklər” filminin 2019-cu ildə Sharjah Art Foundation’da nümayişi keçirilmişdi. Hilal eyni zamanda bu il Berlin Film Festivalı çərçivəsində “Berlinale Talents”də iştirak edib. Rejissorun “Ad Günü” filmi bu ilin yanvar ayında Belçikada Bridge Film Festivalında göstərilmişdir.

2019-cu ildə həm də Hilal Baydarovun filmi “Xurmalar Yetişən Vaxt”, Visions Du Reel film festivalında iki mükafata ‘PRIX INTERRELIGIEUX’ və ‘MENTION SPÉCIALE JURY COMPÉTITION INTERNATIONALE LONGS MÉTRAGES’ mükafatına layiq görülüb. 2020-ci ildə Hilal Baydarovun “Səpələnmiş Ölümlərlər Arasında” (In Between Dying) filmi müstəqil kino tariximizdə ilk dəfədir ki, dünyanın ən böyük və nüfuzlu üç film festivalından biri olan (Digərləri: Kann Film Festivalı və Berlin Film Festivalı) Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib.

Rejissor Orxan Ağazadənin “Oturacaqlar” filmi bu il Türkiyənin International Changing Perspectives Short Film Festivalında “Potluck” mükafatına layiq görülüb. Orxanın “Oturacaqlar” filminin bu il Brussels Short Film Festivalında primyerası baş tutacaq. “Oturacaqlar” 4500 film arasından seçilərək primyerası baş tutacaq 62 film arasındadır.

2019-cu ilin Aprel ayında FESTIVAL CHALON TOUT COURT-da üç mükafatı (Prix de l’image / Association La Bobine / La Bobine Prize) birdən götürən filmin növbəti primyerası OSKAR və BAFTA’nın seçmə qısa film festivalı olan Palm Springs-də keçiriləcək.

Bir digər rejissor Teymur Hacıyevın “Salt, Pepper to Taste” filmi 2018-ci ildə Rotterdam Film Festivalında düşüb. Onun “Axşama Doğru” (Towards Evening) filmi də Beynəlxalq Rotterdam Film Festivalında iştirak etmişdir. 2020-ci ildə film Kann Kino Festivalının “Kinotənqidçilər” həftəsində yer almışdır. O, həmçinin kinotənqidçiləri və kinoşünasların sevgisini qazanaraq FIPRESCI – Ümumdünya Kinomətbuat Federasiyasının mükafatına layiq görülmüşdür.

Azərbaycan kino sahəsinin son beynəlxalq uğurlarından biri də rejissor Elmar İmanovun “End of Season” filmidir. Film ötən il Rotterdam Beynəlxalq Film Festivalında FIPRESCI mükafatına layiq görülüb. Rejissorun diplom işi olan “Tabutçunun Yelləncəyi” isə Tələbə Oskarı mükafatına layiq görülmüşdü.

Təhminə Rafaellanın “Qadın” (A woman) filmi 2020-ci il “Palm Springs” Qısametrajlı Film Festivalında “Ən yaxşı xarici film” kateqoriyasında mükafata namizəd göstərilmişdir.
Təhminə Rafaellanın “Qadın” (A woman) filmi 2020-ci il “Palm Springs” Qısametrajlı Film Festivalında “Ən yaxşı xarici film” kateqoriyasında mükafata namizəd göstərilmişdir.

Rejissor İsmayıl Səfərəlinin “Gecə Qabarbası” adlı tammetrajlı bədii filmi, 2017-ci ilin iyulunda Karlovı Varı intensiv proqramına qatılmaq üçün digər 6 layihə ilə birlikdə yarışmışdı.

Bir digər istedadlı azərbaycanlı rejissor İmam Həsənovun “Holy Cow” (Müqəddəs İnək) adlı sənədli filmi isə bir çox beynəlxalq mükafatlara layiq görülüb. Azərbaycan, Almaniya və Rumıniya ortaq istehsalı olan film (2015), IDFA „First Appearance Competition”, Amsterdam, Hot Docs – “World Showcase”, Toronto and One World və Prague Film Festivallarında iştirak edib.

Gənc Azərbaycan kinorejissoru Natiq Rəsulovun 2017-ci ildə çəkdiyi “İkinci Güllə” qısametrajlı bədii filmi, həmin Busan Qısa Film Festivalı və Kiev Beynəlxalq Film Festivallarında iştirak etmişdi.

Rejissor Asif Rüstəmovun 2014-cü ildə çəkdiyi “Axınla Aşağı” filmi, xarici film festivallarında ən çox uğur qazanan yerli filmlərdən biridir. Film ABŞ-ın Houston World Festivalında “Gümüş Remi” mükafatı, Avstriyanın Let’sCee Beynəlxalq Film Festivalında ”Xüsusi vurğulama mükafatı”, Los-Anceles SEEfest Beynəlxalq Film Festivalında “Ən yaxşı debüt” mükafatı qazanmış və İtaliya, Meksia, Hindistan, Çexiya kimi ölkələrin film festivallarında iştirak etmişdir.

Daniel Quliyevin “Bic” (Bastard) filmiTürkiyənin İstanbul şəhərində keçirilən Dəyişən Perspektivlər Beynəlxalq Kino Festivalında (Changing Perspectives Short Film Festival) əsas mükafata layiq görülüb. Rhode Island International Film Festival, Palm Springs International Short Festival, Palace International Short Film Festival kimi nüfuzlu tədbirlərin rəsmi müsabiqə iştirakçısı olub. Eyni zamanda Fransanın prestijli Anje Premyer Plan film festivalının, Çexiyada Praqa Beynəlxalq Qısa Film Festivalı, Brüssel Qısa Film Festivalının Beynəlxalq və Next Generation müasabiqəsinə də qatılıb.

Bu il Teymur Qəmbərovun “Quxuroba” (Gukhuroba) filmi Sarayevo Film Festivalının Oskar kvalifikasiyalı qısametrajlı filmlər müsabiqəsinə vəsiqə qazanıb.

Rejissor Lalə Əliyevanın “Pıçıldaşırlar, bəzən isə fəryad edirlər” (They Whisper but Sometimes Scream) filmi İsveçrənin Visions Du Reel festivalında iştirak etmişdir.

Təhminə Rafaellanın “Qadın” (A woman) filmi 2020-ci il “Palm Springs” Qısametrajlı Film Festivalında “Ən yaxşı xarici film” kateqoriyasında mükafata namizəd göstərilmişdir.

Bu il Rejissor Rüfət Həsənovun çəkdiyi Daxildəki Ada” Sarayevo Film Festivalının əsas müsabiqə proqramına seçilmiş ilk tammetrajlı Azərbaycan filmidir.

Orxan Ağazadənin “Məhbus” (Prisoner) filmi 2020-ci ildə Kann Film Festivalının Cinefodation La Residence-inə seçilmiş altı beynəlxalq layihədən biridir.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir