GİBİ – absurd komediyanın nəyi gülməlidir?

Türkiyənin “Exxen” platformasında yayımlanan Gibi serialına 2021-ci ildən bəri baxıram. Baş rol Yılmaz (Feyyaz Yiğit Çakmak) mənə hələ Okan Bayülgenin gecələr yayımlanan Disko Kralı verilişindən məlum idi. Serialın ssenari yazarı olan Aziz Kedi də mənə həmin verilişdən məlumdur. Baxmayanlar üçün qısaca məlumat verim – Gibi (Guya) iki (bəzən də üç) dostun həyatından bəhs edən serialdır. Serial absurd komediya sayılsa da, gülmə effekti yoxdur.

Bəs niyə absurd? Absurd sözünün lüğəvi mənası məntiqsiz, məna verilə bilməyən deməkdir. Albert Kamyunun “absurdizm”ini xatırlamaq burada yerinə düşər. Kamyu inanırdı ki, insanın həyatda məna və məqsəd axtarışı təbii olaraq laqeyd və çox vaxt qəddar bir kainatda yaşama faktı ilə ziddiyyətdədir. O, bu ziddiyyəti “absurd” adlandırırdı. Başqa cür desək, bizim mənalı nələrsə tapmaq və onları başa düşmək istəyimiz, ortada heç bir təbii və ya obyektiv mənanın olmaması ilə toqquşur.

Kamyu bəşəriyyəti “absurd insanlar” kimi təsvir edirdi. Biz absurd insanlarıq, ölümümüzün fərqindəyik və həyatın qeyri-müəyyənliyini bilirik. Ölə biləcəyimizi bilsək də, həm də təbiətimizdə dərin bir transsendentallıq arzusu var – yəni fərdi varlığımızdan kənara çıxmaq və özümüzdən daha böyük bir şeyə (məsələn, Allaha, vətənə, millətə, ailəyə) bağlanmaq istəyirik. Lakin, bu arzu tez-tez heç bir ali güc və ya mütləq həqiqət olmaması ehtimalına məğlub olur.

Kamyu insan əxlaqında mövcud olan absurdluğu da araşdırmışdı. Biz ədalət, mərhəmət və hüquq kimi prinsiplərə əsaslanan düzgün həyat yaşamağa və düzgün seçimlər etməyə çalışırıq. Lakin, bu dəyərlər universal olaraq qəbul edilmir və obyektiv olaraq doğru da deyillər; çox vaxt onlar subyektiv və müəyyən vəziyyətdən asılıdırlar. Bu o deməkdir ki, bizim əxlaqi kompasımız şəxsi qərəzlər, mədəni normalar və tarixi şərtlərlə təsirlənə bilər. Məsələn, Afrikanın bir qəbiləsində qadınların sinəsi açıq gəzməsi normadırsa, Azərbaycanda belə bir norma yoxdur. Biz elə böyüdülmüşük ki, həyatdan qanunauyğunluq gözləyirik, əslində belə bir şey yoxdur.

Qayıdaq “Gibi”yə, və onun niyə absurd olmasına. Bu janrdakı seriallar ənənəvi komediya anlayışlarını inkar edərək, əvəzində gündəlik həyatımızın absurdluqlarını “qucaqlayırlar”. Biz serialların və filmlərin ssenarilərindən qanunauyğunluq gözləyirik. Zəif ssenarilər olan filmə 10 milyard dollar büdcə də ayrılsa, vizual effektləri möhtəşəm də olsa, bizə zəif film kimi gələcək. İlk baxışdan “Gibi” kimi seriallar gülməli görünür, lakin daha yaxından araşdırdıqda aydın olur ki, onların yumoru ucadan gülünəcək bir zarafatdan və ya məzəli bir replikadan qaynaqlanmır. Əksinə, onlar bizə – və nəticə etibarilə, biz də özümüzə gülürük.

“Gibi” aktyorları sanki ətraf dünyaya istehza edir. Lakin daha dərindən baxıldıqda, aydın olur ki, onların yumoru əslində personajların vəziyyətlərində və mübarizələrində özümüzü tanımağımızdan yaranır. Biz ona görə gülmürük ki, çünki doğrudan da gülməli bir şey baş verib, əksinə, öz həyatımızın əksini görürük – bütün absurdluqları ilə – ekranda canlanmış şəkildə.

Bu fenomen əslində insan varlığı haqqında dərin bir həqiqəti əks etdirir: həyat özü çox vaxt absurd, məntiqsiz və xaotikdir. Təcrübələrimiz tez-tez qarışıqlıq, məyusluq və qeyri-müəyyənlik anları ilə doludur – məhz bu cür emosiyaları “Gibi” sürreal komediya ilə tutmağa çalışır. Bu mürəkkəblikləri həll etmək əvəzinə onları qucaqlamaqla biz öz həyatımızın təbii absurdluğuna gülməyə başlayırıq. Bu tamamilə Kamyu fəlsəfəsidir. Kamyu indiki anı yaşamağı, ölümümüzü qəbul etməyi və varlığın absurdluğunu qucaqlamağı tövsiyə edirdi. Onun fikrincə, bu yanaşma bizə mənanı xarici təsdiqdən deyil, həyatın qeyri-müəyyənliyi kontekstində öz məqsəd və dəyərlərimizi yaratmaqla tapmağa imkan verir.

Məsələn, “What We Do in the Shadows” (Kölgələrdə etdiyimiz şeylər) serialını götürək, bu, müasir Nyu-York şəhərində yaşayan bir qrup vampir haqqında mokumentari janrında bir sitkomdur. İlk baxışda bu serial gündəlik hadisələr gedişatında yaşamağa çalışan fövqəltəbii varlıqlar haqqında yüngül bir komediya kimi görünür. Lakin daha yaxından baxdıqda – ən azından mənə – aydın olur ki, yumor əslində bizim özümüzü – insanlığı – qüsurlu, natamam varlıqlar kimi tanımağımızdan qaynaqlanır. Məsələn, 700 yaşlı vampir Nandor serialda hələ də ənənəvi maskulin kişi rolunu oynayır, onun həyatdan gözlədikləri ilə reallıq eyni deyil. Vampir də olsan hiss edirsən ki, nəsə çatışmır. Biz, vampir də olsaq, anlaşılmaz bir dünyada məna tapmağa çalışardıq.

Təsadüfi deyil ki, münasibətdə olduğum çox insan depressiyaya düşəndə “Gibi”yə baxmağa başlayıb. Bir növ terapiyadır. Bu özünüdərki qucaqlamaqla biz nəinki doğrudan da gülməli bir şeyin baş verməsinə görə gülürük, həm də öz həyatımızın əksini – bütün onun absurdluqları, mürəkkəblikləri və qeyri-müəyyənlikləri ilə – ekranda görürük. Məsələn, bir epizodda Yılmaz evdən çıxmaq istəməyən İlkkanı (Kıvanç Kılınç) bir qızın adını çəkərək manipulyasiya edir və evdən çıxarmağa çalışır. İlkkan fikrini dəyişir və razı olur. Əlavə edir ki, birinci kofe içməlidir, yoxsa oyana bilmir. Yılmaz gülümsəyərək cavab verir – “Niyə yalan deyirsən? Axı biz bunu danışdıq, sən etiraf etmişdin ki, kofesiz də oyana bilirsən.” Bu səhnə mənim ən çox güldüyüm səhnələrdən olmuşdu. Çünki mən də hər səhər kofe içirəm. Əslində kofe içməsəm də həyatıma davam edə bilərəm, lakin bu istək məndə oturuşub. Bunu həyatımın bir qanununa çevirmişəm – kofe içməliyəm. Kofe içmək mənim üçün xaotik olan həyata qarşı bir üsyan formasıdır.

Bir başqa nümunə gətirim. İllər əvvəl Şamaxıda bir qohumun “toy axşamı”na getmişdim. İnsanlarla çox qaynayıb-qarışan biri deyiləm, hələ mövzu uşaq vaxtı aparıldığınız tanımadığınız ekstra qohumlarla qaynaşmaqdan söhbət gedirsə heç… Amma hələ də xatırlayıram ki, həmin “toy axşamı”nda maraqlı bir personaj vardı. Bir kişi öz qoluna bir qadın adını tatu etdirmişdi. Mən tatunu daha çox cavanların etdirdiyi bir şey bildiyim üçün mənə qəribə gəlmişdi. Dedim burda nə yazılıb? Dedi “qaynanamın adını yazdırmışam, onu çox istəyirəm”. Hardasa 3 dəqiqəni bu cümləni anlamağa sərf etdim. Tamamilə məntiqsiz, absurd, qeyri-adi bir şey idi. İllər keçsə də yadımdan çıxmır. Əgər Azərbaycanda “Guya” adlı bir serial çəksəydim, bu hadisəni onun ssenarisinə daxil edərdim.

“Gibi”nin 6-cı sezonu böyük ehtimalla 2025-ci ilin əvvəlində yayımlanacaq. Ümid edirəm nə vaxtsa Azərbaycanda da bu kalibrdə bir serialın tamaşaçısı ola biləcəyik.

P.S. Sual verilə bilər ki, niyə özün ssenari yazmırsan? Yoxlamışam. Baş rol Nərimanov rayonundakı bir “navastroyka”da yaşayan, rayondan şəhərə işləməyə gəlmiş bir bank işçisi idi. Ssenaridə 20 səhifə, epizodda 10 dəqiqə keçmişdi amma mən baş rolu hələ də evdən çıxara bilməmişdim. Çünki qaz sayğacı koda düşmüşdü və Youtubeda qısa bir videoya baxmaqdansa problemi birinci özü həll etməyə çalışırdı. Ssenarini oxuyanlar pislədilər.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir