Meri Barnes – İncəsənət və Psixoanaliz

İncəsənətə yönələn sualların məzmunu dəyişdikcə fərqli funksiyalar ortaya çıxır. Sənətin psixiatriya ilə əlaqəsi yeni konsepsiya olmasa da, müasir incəsənət səhnəsində çox müzakirə olunan mövzudur. Bu yazıda psixiatriya və incəsənəti özündə birləşdirən, şizofreniya diaqnozu qoyulmuş Meri Barnesi və ona rəssam statusu qazandıran əsərlərini araşdıracağıq.

Meri Barnesin incəsənət və psixoanaliz sahələrindəki təsirlərini araşdırmadan öncə onun fərdi təcrübələrini və şizofreniya ilə mübarizə apardığı müddəti nəzərdən keçirməliyik. Meri Barnes 9 fevral 1923-cü ildə İngiltərənin Portsmut şəhərində anadan olub və 24 iyun 2001-ci ildə Şotlandiyada vəfat edib. Barnesin doğum prosesi çox ağrılı keçir və üç gün davam edir. Xatirələrində anasının bu çətin prosesi tez-tez onun yadına saldığından bəhs edir.

Məktəbə, anasına və özünə nifrət etdiyi uşaqlıq keçirmişdi. Məktəbdəki həmyaşıdlarından qorxur və onları özündən çox fərqli görürdü. Yetkinlik yaşına çatanda kişi olmaq istədiyini söyləyir. 13 yaşında ikincisi bacısı dünyaya gəlir. Bu müddət ərzində Barnes psixoloji dəyişikliklər yaşamağa davam edir: Tanrı, özü və xəyali qızı Marion ilə dialoqlar qurmağa başlayır. Gələcək haqqında bir çox hədəfləri olsa da, müddət keçdikcə hər biri uğursuz olur. Tibb bacısı olmaq arzusunun ardınca gedir və hazırlıqlara başlayır. Qısa müddətdə tibb bacılarına qarşı inanılmaz antipatiya hiss etməyə başlayır və bunu belə izah edir: xəstələr ilə öz istədiyim kimi məşğul ola bilməmək məni çox narahat edir.

18 yaşında artıq intihar düşüncələri ona çox çəkici gəlməyə başlayır. Tibb bacısı ixtisasını bitirmək üzrə olanda qardaşı Peterə şizofreniya diaqnozu qoyulur və xəstəxanaya yerləşdirilir. Meri isə təhsilini bitirir və Londonda tibb bacısı kimi işə başlayır, sonra ordu xidmətinə yollanır.

26 yaşında katolik olmağa qərar verir və vəftiz olur. Bir müddət sonra bu hadisənin həyatındakı ən əhəmiyyətli an olduğunu bildirir. Eyni zamanda, qardaşının vəziyyətinə görə peşmanlıq hiss edir, çünki imansızları xilas etmək üçün onun özünü qurban verdiyinə inanır.

28 yaşında ilk psixotik epizodunu keçirir. Fiziki çətinliklər səbəbindən peşəsinə davam edə bilməməsi və bədən funksiyalarının azalması vəziyyətin pisləşməsini sürətləndirir. Bir müddət ənənəvi psixiatrik metodlardan biri olan elektroşokla müalicə olunmağa çalışır, lakin bu müalicəyə müqavimət göstərdikdən sonra xroniki xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdirilir. Bu müddətdəki təcrübəsini izah edərkən xəstə rolunu oynamalı və həkimlərin gözləntilərini doğrultmağa çalışmalı olduğundan bəhs edir. Xəstəxanadan çıxdıqdan sonra tibb məktəbində müəllim olmaq üçün təlim almağa başlayır və eyni zamanda, Freydlə tanış olur. Freydin qızı Annadan qardaşı Peter və özü üçün psixoanaliz aparmasını xahiş edir. Amma Anna Freyd daha maraqlı və dərin bir  faktla gəlməsə, ona kömək edə bilməyəcəyini söyləyir. Məyus olduqdan sonra Barnes dinc yaşamaq üçün yer axtarmağa başlayır və bir çox insan ilə məktublaşmağa başlayr.

Bu axtarışın nəticəsində, 1963-cü ildə İngilis psixiatr Ronald Devid Leynq ilə tanış olur. Merinin psixoloji səyahətindəki ən qabarıq istək “əvvəlinə geri qayıtmaq”dır. Bu istəyi belə izah edə bilərik: bacısı anadan olandan sonra güclü şəkildə tərk olunmuşluq hissi keçirir və anasının bətninə qayıtmaq, nənəsinin yanına köçmək diqqət mərkəzində olmamaq xəyalları qurur. Leynq ilə görüşmək arzusunun dərinliyinə getməyinə kömək edəcək. Leynq ilə tanışlığı sayəsində Meri Barnesi dünyada tanıdan hadisələr baş verir: Anti-psixiatriya hərəkatı

Meri Barnes anti-psixiatriya və 60-cı illərin London yeraltı hərəkatlarının ilham pərisi olaraq adını tibb və sənət aləmində həkk edir. 1966-cı ildən əsərlər yaratmağa başlayır. Azərbaycan dilində tərcüməsi olmayan, Cozef Berk və Meri Barnes təcrübələrinin bəhs edildiyi  “Mary Barnes: Two Accounts of a Journey Through Madness”  kitabı sayəsində tanınır. Bu əsərlə bəhs olunan səyahətə şahid olmaqla yanaşı, bədii əsərlərinin Barnesin “dəlilik” səyahəti üzərindəki təsirini də araşdırmaq mümkündür.

Meri Barnesin səyahətinin təməl daşlarından biri Londondakı “Kinksley Hall”dur. “Kingsley Hall” anti-psixiatrik terapiya mərkəzli bir cəmiyyətdir. Leynq cəmiyyətin başçısıdır. Barnes 42 yaşında bu cəmiyyətin ilk xəstəsi olur. Sənətkarlar və digər ziyalılar tərəfindən çox vaxt üstünlük verilən bu cəmiyyətdə xəstələr və psixiatrlar eyni statusa sahibdir. Gandi də “Kingsley Hall”da olub. İyerarxik sistem qurmadan cəmiyyətdəki hər kəs üçün əmək bölgüsü yaradılır. Barnes bura köçməzdən  əvvəl 19 aylıq gözləmə müddətində bir monastırda yaşayır. Mütəmadi olaraq günah etdiyini və təmizlənməyə ehtiyac olduğunu düşünən  Barnes özünü xilas etmək üçün Allahın yolunu tutmalı olduğunu düşünür.

Meri Barnes “Kingsley Hall”dakı həm bədii, həm də şəxsi səyahətini “çarmıx yolu” ilə müqayisə edir. Çarmıx yolu ilə nəzərdə tutduğu İsa çarmıxa çəkilmədən əvvəl Qüdsdə izlədiyi yoldur. Barnes əsərlərində İsa mövzusundan olduqca tez-tez istifadə edir. İlk əsərlərindən birinə “Christ Triumphant” adını verir. Barnes şizofreniya səbəbiylə yaşadığı “eniş-yoxuş” dövrlərini, Allah tərəfindən təmizlənməsinə və bağışlanmasına gedən mərhələlər olaraq görür. Rəssamlıq qabiliyyətinin Tanrının hədiyyəsi olduğunu və bu səbəbdən istehsal prosesinin Tanrı inancından ayrı bir şəkildə tədqiq oluna bilməyəcəyini iddia edir.

1960-cı illərin sonlarında ilk rəsm sınaqlarına başlayır. Yaradıcı mərhələ çox ətraflı və tədricən aparılır. İlk dövrlərdə kətandan istifadə etmir və otağında divarlara, qapılara, parçalara və öz bədəninə rəsmlər çəkməyə başlayır. Başlanğıcda fiqurlar çəkmir, sadəcə cızmaqara edir. 1965-ci ilin sentyabrında gənc terapevt Cozef Berk “Kingsley Hall” komandasına qoşulur. Barneslə yaxından maraqlanan Berk onu rəsm çəkməyə təşviq edir. Ona materiallar verir, Barnes çəkir. Bir müddət sonra Barnes körpəsini daşıyan bir qadın çəkir və bu şəkli Berkə hədiyyə edir. Bu, Barnesin psixoloji prosesi baxımından əhəmiyyətli hərəkətdir. Çünki ümumi mövzularda şəkillər çəkərkən insanlar yaxınlaşanda və ya toxunduqda böhranlarla nəticələnirdisə, o, bu şəkili öz istəyi ilə Berkə vermişdi.

Keçən zaman ərzində fərqli fiqurlar çəkməyə başlamasına baxmayaraq, Barnes inkişaf müddətindən çox dəyişmə prosesində idi. Şəkillərini hekayələrə çevirmək istəyir. Barnes oxumuş və mədəni qadındır, buna görə də yazdığı və təsvir etdiyi hekayələr əvvəllər yazılmış bir çox əsərdən ilhamlanıb. Bütün vaxtını “Kingsley Hall”da rəsm çəkərək və hekayələr yazaraq keçirir. 1965-1967-ci illərdə üç böyük psixoz dövrü keçirən Barnes bu proseslər baş verərkən daxili dünyasına qapanır və hətta yeməyi dayandırır.

Barnesin əsərləri çox diqqəti cəlb etməyə başladığı üçün incəsənət sahəsində bir tərif axtarışına başladı. Rəssam və incəsənət nəzəriyyəçisi olan Cin Dubufet özünü sənətçi olaraq təyin edən aydınların elitizmindən çox şikayətlənir. Dubufet Avropadakı bir çox xəstəxananı gəzərək sənətin qavrayış yolunu fərqli şəkildə axtarmağa başlayır. Çünki dünyanı misilsiz şəkildə qəbul edən bu xəstələr sənətə də misilsiz yanaşma göstərirlər. “Dəlilər” və sənət təhsili olmayan insanlar tərəfindən ənənəvi və akademik incəsənət qaydalarına zidd və müstəqil olaraq yaradılan bu sənət  “Art Brut” adlandırıldı. Bədii yaradıcılıq yenə də yaradıcısı tərəfindən əvvəllər heç olmadığı kimi saf və instinktiv şəkildə yenidən yaradılır. Kortəbii yaradılış prosesi sənətkarda ehtiyac duyğusu, hətta zərurət hissi ilə alovlanır. Beləliklə, “dəlilikdən” doğulduğuna inanan bu sənət alternativ bir tərif qazanır. Cin Dubufet, 1971-ci ildə kolleksiyasında olan 5000 “art brut” əsərini bağışlayır. 1976-cı ildə kolleksiya Lozannadakı 18-ci əsrdən qalma bir qalada sərgilənir. Sənətşünas Rocer Kardinal 1972-ci ildə fransız dilində olan bu konsepsiyanı ingilis dilinə “Outsider art/Raw art” olaraq tanıdıb.

Bu müddətdə vurğulanan vacib məqamlardan biri də Berk ilə Barnes arasındakı ünsiyyətin sənət terapiyası olmamasıdır. Rəsm Barnesin müalicəsi üçün təklif olunan metod deyil. Barnes üçün rəsm təcrübəsini, hissləri və düşüncələrini ruhunda və beynində əks etdirməyin bir yoludur. Berkin fikrincə, Meri Barnes rəsm ilə şəxsiyyəti arasındakı fərqə hakim deyil. Özünü rəsmlərindən ayıra bilməməsi əslində, əsərlərinə toxunduqda verdiyi reaksiyanı izah edir: icazəsiz toxunulduğunu, araşdırıldığını, tənqid olunduğunu düşünür. Rəsm həmişə onun inkişafının ən böyük amili olub.

Barnesin “Kingsley Hall”da keçirdiyi 5 il onu yaxşılaşdırmadı, sadəcə simptomlarını azaldaraq yeni həyat yaratmasına kömək etdi. Meri Barnes psixiatrik cəmiyyətdə simvolik olaraq vacib nümunədir. Çünki bu, anti-psixiatriya tendensiyasının ənənəvi psixiatriyanın klinik-tibbi metodlarından daha təsirli olduğunu göstərən ən açıq haldır.

Azərbaycanda “Raw art” nümunələri ilə İmran Məcidovun yaradıcılığından tanış ola bilərsiniz.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir