Liftin kəraməti
Dünən yox, qırx yeddi gün bundan qabaq, bir qız ilə oğlan liftlə beşinci mərtəbəyə qalxmalı olurlar. Nadinc və tərbiyəsiz liftin səyi nəticəsində binanın elektrik təminatı kəsilir, lift durur. Əslində bu xırda məişət insidenti kölgədə qalacaqdı, əgər liftdəki oğlan, yaranmış stress dolu durumu yumuşaldmaq fikrinə düşüb, əvvəlcədən hazırladığı şeyi yandırmasaydı. Tüstüyə düşən gənc qız qaranlıq lift kabinəsində hansısa düyməni basır, lift gözlənilmədən işə düşüb, hər iki gənci sürətlə yerin altına aparır.
Yerin neçəncisə qatında lift yenə dayanır, qapısı açılır. Heç nədən xəbərləri olmayan qız və oğlan, bəzi yerüstü etirazçıların, yerin altında açıq-aydın təşkil etdkləri etiraz mitinqinin şahidi olurlar. Sən demə, yeraltı polis xidməti yox, icazəsiz aksiyaya görə cərimə-zad mövcüd deyil. Nə qədər istəsən etiraz et, fikirlərini bildir, istehfa və həbs tələblərini irəli sür – bir nəfər belə yaxınlaşmayacaq. Oğlan əlindəkini söndürür, qız təəccüb dolu nəzərlə ətrafı izləyir – çox hündür tavanı olan nəhəng mağara, haradasa od yanır, kimsə barbekyu edir, kimsə vurur. Etirazçılar bir kənarda aksiyalarını davam edirlər.
Yeraltı dünyada ölkələr arasında sərhəd yox, viza lazım deyil, vergi yox, “san.epi.dem.-stansiya” yox, nə gecə var, nə gündüz, istədiyin vaxt yat, istədiyin vaxt dur, işlə, etiraz et, mitinq keçir, masturbasiya et.
Yeraltı dünyada birja, neft və müharibə olmadığına görə qiymətlər ucuz, bank yoxdur deyə devalivasiya, infilyasiya mümkünsüz. Məhz bu üzdən yerüstü dünyanın sıxıntı və pazlarından qaçanlar yerə girirlərmiş. Hətta yeraltı sakinlərdən biri qızla oğlana deyir ki, tezliklə Azərbaycan əhalisinin bir hissəsi yerin altında məskunlaşacaq – az qalıb. Yəni yeraltı mağaralar boş qalan deyil.
Çox keçmir yeraltı camaat “Yeni il” karnavalına başlayır. Yerin altında Günəş olmadığı üçün yeni ili istədiyin vaxt qeyd etmək mümkün imiş. Buna görə darıxan kimi bayram keçirirdilər. Yeraltı yazılmamış qaydalara əsasən, yerin üstündən gəlmiş qonaqlara şənlik maskaları verilir, oğlana qız simalı maska, qıza isə saqqalı kişi maskası. Qız maskada olan saqqal rənginin, öz saç rənginə uyğun olmadığını səbəb gətirərək, mədəni formada maskaradda iştirak etməkdən imtina edir. Təklif edən tərəf narazı qalır, əvəzində qıza sovurma konfet uzadır; yerin altında kimdənsə narazı qalanda, dava, nifaq düşməsin deyə, narazı tərəf əks tərəfə sovurma konfet verirmiş. Bununla həm narazılıq bildirir, həm də qarşı tərəfin seçiminə hörmətlə yanaşdığını. Qız ikinci imtina cavabını yersiz hesab edir, konfeti götürür. Oğlan dərhal maskanı üzünə keçirir və karnavala qoşulur. İnsanlar rəqs, divarlardan asılmış qablarda yanan minlərlə alov maskalarda əks edilirdi. Oğlan bir az rəqs edir, konfer sovuran qıza yaxınlaşır. Heç nə soruşmadan, konfeti onun əlindən alır, sovurur. Qız öz növbəsindən buna etiraz etmir.
Nəsə ki, gənc oğlan və qız təşəkkür edib, getməli olduqlarını söyləyirlər; qızı evdə atası gözləyir, bibisi oğlunun toyuna gedirlər deyə. Toya potensial qohumlar gələcəklər ki, qıza baxsınlar. Oğlan isə namazın vaxtı çatdığını səbəb kimi gətirib əlavə edir ki, ”yerin altında qibləni tapmaq müşkül məsələdi”. Yeraltı sakinlər hər şeyi anlayıb, liftin yerini göstərirlər.
Liftin qarşısında oğlan dözməyib, onları yola salan yeraltı bələdçidən soruşur:
-Sizdə, burda pir var?
-Pir? Yo’yoxdu.
-Hər yerdə pir var. Amma yerin altında yoxdu?
-Ola bilsin…pir ancaq yerin üstündə olur.
-Pir hər yerdə olur – meşədə, çöllükdə, dağın başında, dənizin qırağında. Hər yerdə.
-Hər “yerdə”. Bura axı yer deyil, yerin altıdı.
-Burada çatışmayan bir pir, bir də çayxanadır. Yuxarıda çoxdur, göndərmək lazımdı. Həyat daha gözəl olacaq. Nə vaxt burada iş və qibləni tapsam, onda bəlkəm gəldim. Hadi, salamat.
Liftin qapısı açılır. Oğlan və qız örtülən qapının arxasında qalır. Kabinə hər iki insanı yerin üstünə qaytarır. Yuxarı çatmamış oğlan qızla evlənir və sonra bərabər mikrorayon tikməyə gedirlər.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.