Tilda Svinton Almodovarı ingiliscə film çəkməyə necə razı saldı?
Pedro Almodovarın filmləri beynəlxalq xəzinədir və onun ingilisdilli filmlər çəkməməsinin yeganə həqiqi faciəsi, bunun rejissorun işləyə bildiyi aktrisalar siyahısını məhdudlaşdırmasıdır. Bir özünüz imkanları təsəvvür edin!
Görünür ki, bu Almodovarı da narahat edib, ancaq Tilda Svintonla işləmə cazibəsi nəhayət ki, onu ilk əcnəbi dilli film çəkməyə inandırıb.
IndieWire-da dərc edilmiş məqaləyə əsasən – New York Times müxbiri Kayl Byukenen də bunu Twitter hesabında təsdiq edir – Almodovar tezliklə “İnsan Səsi” adlı qısa film üzərində işə başlayacaq və filmdə sadəcə Svinton və bir it rol alacaq. Layihə Jan Koktonunun eyniadlı birpərdəli pyesi üzərində qurulacaq. Filmin əsas mövzusu: Telefon zəngi zamanı bir qadın uzun müddətdir sevgilisi olduğu şəxsin səhəri günü başqa bir insanla ailə quracağını öyrənir.
Almodovar IndieWire-a bildirib ki, o artıq Svintonla hekayəni necə müasirləşdirəcəkləri haqqında müzakirə aparıb və ingilisdilli debütü üçün doğru mövzu tapdığından əmindir.
“Qarşındakının səni tamamilə anlaması vacib bir hissdir,” – deyə o bildirib. “Tildaya gəldikdə, hər şey mənim təxəyyülümdə olduğu kimi baş verdi. O, çox açıq düşüncəli və ağıllıdır. O, məndə işin məntiqi ilə bağlı çox əminlik yaratdı. Məşq zamanı biz bir-birimizi çox aydın başa düşdük”.
Svintonun ana dili ingilis dili olmayan rejissorlarla bu zamana qədər olan işlərini nəzərə alsaq, o artıq “Parasite” (Parazit) filminin rejissoru Bong Joon Ho ilə iki dəfə əməkdaşlıq edib – bu elə də təəccüb doğurmamalıdır.
Baxmayaraq ki, bu layihə sadəcə 15 dəqiqə uzunluğunda olacaq, Almodovar qeyd edib ki, bu təcrübəni növbəti ingilisdilli tammetrajlı filmi üçün tramplin qismində istifadə edəcək. Müəllif artıq Lusia Berlinin “Təmizlikçi Qadınlar üçün Dərslik” adlı bir-biri ilə əlaqəli hekayələr toplusunu ekran üçün adaptasiyası üzərində işləyir. O, əvvəl də Şimali Amerikada – həm Birləşmiş Ştatlar, həm də Meksikada cərəyan edən film üzərində işlədiyinə işarə etmişdi. Rejissorun artıq film üçün iki aktyorla razılaşdığını bildirməsi xeyli maraq doğurur, baxmayaraq ki, o hələ ki, ad çəkməkdən imtina edir.
Yetmiş yaşlı Almodovar ingilisdilli film üzərində işləməmiş sonuncu böyük qlobal rejissorlardan biri olaraq qalır, baxmayaraq ki, o, əvvəllər bu haqda düşünüb. Əslində bir dəfə Vupi Qoldberqin baş rol alacağı “Rahibə Oyunu” filmini çəkmək təklifi alıb, amma rahibələr haqqında artıq komediya janrında film çəkmiş olduğuna görə, bu təklifdən imtina edib. Rejissora, həmçinin, bir dəfə “Brokbək Dağı” filmi ilə bağlı təklif olunub (dediyinə görə onun versiyasında “daha çox seks” olardı) və hətta 2016-cı il filmi “Julieta” ilə bağlı Meril Striplə razılığa gəlməsinə baxmayaraq, son anda filmi ispanca çəkmək qərarına gəlmişdi. Strip bir aktrisa kimi çox şey bacarır, amma səlis danışmadığı bir dildə başdan sona kimi bir filmdə oynamaq bunlardan biri deyil, amma bəlkə O, bir gün rejissorla əməkdaşlıq edəcək.