Bir dəqiqə. Məqalənin başlığını oxuyub tələm-tələsik nəticə çıxartmayın. Heç də sayt haqqında yazılmış və onun görəcəyi işi təsvir edən, müxtəlif terminlərlə doldurulmuş mətn deyil. Bu yazı əslində psixi balansı pozulmuş birisinin “var-yox” haqqında düşüncələridir. “Var-yox” haqqında, yəni bir fəlsəfi anlayış kimi – o “var-yox” hansı ki, əslində “hər şeyi” və eyni zamanda “heç nəyi” təsvir edir. “Heçdən var olan”, ya “vardan heç olan” tipli söhbətlər mənlik deyil. O üzdən, beyin sərhədlərinin dirəndiyi yerdən başlanğıc nöqtəni götürüb, istiqamət alırıq sərhədin o biri üzünə. Kəmərləri bağlayın.
İlk dayanacağımız “olan-olmaz” adlanır. O, məna olaraq “var-yox”un qardaşıdır. Aralarında yaş fərqi yoxdu. Biri dilimizə düşən kimi, o biri də beynimizə qonub. Amma “var-yox”un aqibəti daha acınacaqlı olub. Çün` doğulan kimi onu ancaq qara tapşırıqları icra etməyə göndəriblər. Pis böyüyüb, uşaq yaşlarından psixoloji zərbələrlə qarşılaşıb. İnsan beyninin geniş neyron zəmisində yaxşı mənada “var-yox”a yer olmadığı üçün, o, söyüşün tərkib hissəsinə çevrilir və pis-pis işlər görməyə başlayır. Amma arada neqativ yükdən azad olmağa da kömək edir. “Olan-olmaz” isə əksinə, illər keçsə də yalnız pozitiv yük daşıyır. Hətta “olan-olmazın bayırda qalıb” ifadəsi belə, hamamda, dənizdə, ya da bilmirəm harada işlədiləndə, ancaq və ancaq təbəssüm doğurur.
Növbəti dayanacaq bu sözü icad edən azərbaycanlılar, yəni bizik. Daha doğrusu bizim beynimiz. Hə, burada qıdıqlamaq və qurdalamaq üçün çox şey var. Bizi bu söz həm şüuraltı qıcıqlandırır, həm də cəlb edir. Haşiyəyə çıxıb onu da qeyd etmək yerinə düşərdi ki, sayt üçün ad təklifləri siyahısında məhz “var-yox” yaradıcı heyəti cuşa gətirdi, eyni zamanda mübahisə və ziddiyətli fikirlər doğurdu. Yaxşı, niyə məhz “var-yox” bizim dilimizdə hər şey mənasında işlədilir? Baxın, hər şey dedikdə adətən hal-hazırda mövcud olan, varlığı göz qarşısında olan nəsnə (obyekt) nəzərdə tuturuq. Var olan(lar) bu siyahıdadı, amma yox olan(lar) məntiqlə bu siyahıya düşmür. Daha dəqiq desək, “var”ımız “yox”umuzladır, yaxud əksinə. (Bu yerdə müəllif “təkərə düşdü”.)
Belə deyək, mırta hər şeydən xəbəri olan google müəllimdən soruşdum ki, bəs “var-yox” nədir? Hər şeyi bilən axtarış şəbəkəsi yeni heç nə demədi. Lakin axtarışın nəticəsində yadıma düşdü ki, “var-yox”un “ancaq, yalnız, təkcə, vur-tut” kimi gizlin mənaları var. Əhatə dairəsi belə geniş olan “var-yoxu” kompleks və klişe qəfəsində saxlayıb, ifadə qanadlarını qırmaq nəinki ayıb, həm də günahdır. Dünya ictimaiyyəti isə hələ də bu haqsızlığa dözür, göz yumur.
Sonuncu dayanacaq nağıllardır – TV və radioda səslənən “nağılları” demirəm, TV və radionun ixtirasından illər öncə yaranan nağıllar. İndi hər nağılın necə başladığını, yəni hansı cümlə ilə başladığını yadımıza salaq: biri var idi, biri yox idi. Deməli, nağıl başlamazdan öncə kiminsə varlığını və yoxluğunu xatırlamalıyıq ki, nağıl başlamış sayılsın. Nağılların introsunda səslənən “var-yox” sanki deyir: ”bir gün var olan, bir gün yox ola bilər”. Nağıl adətən uydurma olur və reallıqla az əlaqəsi olur, çox vaxt ümumiyyətlə olmur. Amma giriş həmişə real olan ifadə üzərində qurulur. Yəqin nağılların varlığı, nağıllardakının yoxluğundan irəli gəlir. Belə.
Əziz oxucular, məqalənin bu yerində “var-yox”u xilas edib, onu işıqlı dünyaya qaytarmaq üçün vaxtımı dondururam.
Hörmətlə, Uran
Məşhur reper və VarYox-un keçmiş baş redaktoru. Musiqi fəaliyyətindən əlavə hekayələr də yazır.