4-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı bu il çox fərqli olacaq!
DokuBaku dünyanın cəsarətli sənədli film yaradıcılarını, kövrək insan təcrübələrini və kino incəsənətinin istedadlı ifadə tərzlərini Azərbaycanda bir araya gətirən müstəqil beynəlxalq sənədli film festivalıdır. Bu il 4-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı “Dəyişikliklər” mövzusu altında online keçiriləcək.
2020-ci ildə hər şey qəfildən dəyişdi. Bu dəyişiklik dünya əhalisini, onların mədəni yaşam tərzlərini, adət etdiyimiz iqtisadiyyatı, bütün dövlətləri və başqa ünsürləri gözlənilməz eniş-yoxuşlara vadar etdi. DokuBaku da bu dəyişikliklərdən kənar qalmadı. 26 oktyabr – 1 noyabr 2020 tarixində baş tutacaq festival 30 noyabr – 6 dekabr tarixlərinə dəyişdirildi.
1 həftə onlayn davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq. Festival filmləri izləmək istəyən hər kəs platformada qeydiyyatdan keçərək günün istənilən saatı ödənişsiz izləyə biləcək. Festivalın icraçı direktoru, sənədli film rejjisoru Oktay Namazov deyir ki, azərbaycanca və ingiliscə altyazı ilə online nümayiş sənədli filmləri izləyici üçün daha əlçatan edir.
Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Uzun seçim prosesindən sonra həm tammetrajlı, həm qısa metrajlı, həm də yerli filmlər arasından ən layiqliləri seçilərək yerli auditoriya üçün hazırlandı. Beynəlxalq və yerli mütəxəssislərdən ibarət jüri heyəti 4 kateqoriyada qalibləri seçəcək.
Festivalın rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.