İsfar Sarabski “Warner Music Group” ilə müqavilə imzalayıb

Fotoda (soldan-sağa): Fabian Drebes (Beynəlxalq Direktor), Bernd Dopp (Warner Music Mərkəzi Avropanın CEO-su), İsfar Sarabski, Miho Nishimoto (Klassika və Cazz üzrə Brend Menecer)

20-ci əsrin əvvəllərinə təsadüf edən, Azərbaycan mədəniyyətinin böyük intibah dövrünü araşdırarkən, qarşımıza çıxan adlardan biri Sarabskidir (Hüseynqulu Sarabski). Maraqlısı budur ki, 21-ci əsrin  əvvəllərindən etibarən bu ad yenidən mədəniyyətmizin ayrılmaz parçasına çevrilir – bu dəfə növbəti intibahın, növbəti oyanışın carçısı kimi.

Azərbaycanlı caz və elektron musiqiçi, pianoçu və musiqiyə elektro-muğam adlı yeni stil gətirmiş İsfar Sarabski, musiqimizi yeni səviyyəyə qaldırır. Onun klassik və proqressiv caz, həmçinin elektron soundda etdiyi təcrübələr tək tənqidçiləri və mütəxəssisləri deyil, eyni zamanda nəhəng musiqi leybıllarının da diqqətini cəlb etmişdir. Daha dəqiq desək, dünya səsyazma biznesinin  3 aparıcı şirkətindən biri sayılan “Warner Music Group”un geniş artist siyahısına İsfarın adı da əlavə olundu. Beləliklə, Sarabski  “Warner Music Group” ilə iş müqaviləsi imzalamış ilk azərbaycanlı caz musiqiçi oldu.

Məlumat üçün qeyd edək ki, bu səsyazma leyblının artist siyahısında  Areta Franklin, Edit Piaf, “The Doors”, Bred Mehldau, Neil Yanq, Michael Buble, Phil Collins, Avishai Cohen, David Guetta, JAZ-Z, Muse,”Deep Purple”, “Bee Gees”, Devid Boui, Alis Kuper, Erik Klepton, “Blur”, “Liam Gallagher”, “Daft Punk”, “Gorillaz”, “Green Day”, Bruno Mars və yüzlərlə digər tanınmış isimlər var.

Belə bir səsyazma nəhəngi ilə imzalanmış müqavilə nəinki 30 yaşını qeyd etmiş musiqiçi üçün, həmçinin ümumən Azərbaycan musiqisi üçün yeni perspektivlər açan qapı deməkdir.

“Warner Music Group” ilə imzalanmış müqaviləyə əsasən İsfar Sarabskinin iki albomu bu leyblda işıq üzü görəcək.

İlk albom caz janrında olacaq. Albomun çıxışı 2020-ci ilin iyun ayına planlaşdırılır. Albomdan öncə iki sinql parça gözlənilir. Fevral ayından başlayaraq İsfar müxtəlif festivallarda iştirak edəcək və Avropanın bir çox şəhərlərində konsert proqramı ilə çıxışlar edəcək. İyun ayının 11-12-si ərəfəsində Hamburq şəhərində musiqiçinin caz janrında albomu təqdim ediləcək.

İkinci albom isə elektron-musiqi janrındadır, ilk sinqllar 2020-nin avqust/sentyabr aylarında çıxacaq. İkinci albom 2020-nin sonunda təqdim ediləcək.

MÜƏLLİF: URAN

Bunlar da xoşunuza gələ bilər

1 Comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir