Sony Pictures kinokompaniyasının təqdimatında Kventin Tarantino və Leonardo Di Kaprio Çarlz Mensonun cinayətkar qruplaşmasının qətllərindən bəhs edən “Bir zaman Hollivudda” (Once Upon a time in Hollywood) adlı yeni filmin üzərində gedən iş barəsində fikirlərini bölüşüblər.

The Hollywood Reporter-in yazdığına əsasən, Tarantino yeni filminin “Kriminal qiraətə” (Pulp Fiction) bənzəyəcəyini deyib. Filmdə, Tarantinonun “Azad edilmiş Canqo”sunda (Django Unchained) yer alan Di Kapriodan başqa, həmçinin “Şöhrətsiz biclər” (Inglorious basterds) filmində leytenant Aldo Reyn obrazını canlandırmış Bred Pitt də çəkiləcək.

Film 1969-cu ildə aktrisa Şeron Teytin Çarlz Mensonun “Ailə” adlı sektası tərəfində qətlə yetirilməsi barədə bəhs edəcək. Di Kaprio bir zamanlar məşhur vestern serialları aktyoru olmuş Rik Daltonu, Bred Pitt isə onun dublyoru (əvəzedicisi) Klif Butu oynayacaq. Qeyri-rəsmi məlumatlara əsasən, Şeron Teytin rolu Marqo Qobbiyə təklif olunub. Bundan əlavə, Tarantino öz filminə Al Paçinonu dəvət etmək fikrindədir.

“Sony və mən kinoteatrlara Pol Nyuman və Robert Redford dövründən bu yana ən qalmaqallı duetlə daxil olacağıq. Bu sirrdir, lakin deyə bilərəm ki, “Bir zaman Hollivudda” filminin süjeti 1969-cu ildə, kontrmədəniyyətin, hippilərin etiraz yürüşləri və yeni Hollivudun çiçəklənməsi vaxtında cərəyan edir. Küçə-küçə, kvartal-kvartal biz Los-Ancelesi 1969-cu ilin Hollivuduna döndərəcəyik”, – deyə Tarantino qeyd edib.

“Hələ bitirmədiyimiz film haqda danışmaq çətindir, lakin mən Bred Pittlə işləmək imkanı əldə etdiyim üçün inanılmaz dərəcədə həyəcanlıyam. Düşünürəm ki, o bizi qabağa aparacaq. Mən “Yağış altında oxuyanlar” və Hollivud haqda digər filmlərin fanatıyam. Yerli Los-Anceles sakini kimi deyə bilərəm ki, filmin ssenarisi oxuduqlarımın içində ən yaxşılarından biridir”, – deyə Di Kaprio əlavə edib.

“Bir zaman Hollivudda” filminin nümayişi 2019-cu ilin avqustun 9-dan başlayacaq. 1969-cu ildə Roman Polanskinin hamilə həyat yoldaşı Şeron Teyt məhz avqustun 9-unda Mensonun bandasının üzvləri tərəfindən qətlə yetirilmişdi.

Məqalə ruscadan tərcümə olunub.

Tags: