Utopiya adası və ya Transcultural Art Lab

Müxtəlif sahələr üzrə ixtisaslaşan 60 incəsənət adamı ilə birlikdə Almaniyanın Yuist adasında iki qeyri-adi həftə keçirdim. Bu, oktyabr ayında baş tutan “Transcultural Art Lab” layihəsi çərçivəsində idi. Qarşısına əlçatmaz yaxşı yer – utopiya (?) mövzusunu araşdırmağı məqsəd qoyan “Art Lab“ Cənubi Qafqaz ölkələri və Almaniyadan olan gənc incəsənət adamlarını bir yerə gətirən bir rezidensiya proqramıdır.

Təşkilatçılar Fanni Riber və Andrea Martensin dediyinə görə bu layihəni başlamaq fikri Berlindəki bir barda yaranıb. Andrea deyir: “Utopiya mövzusu mənə həmişə çox maraqlı olub. Ona görə yox ki, gələcək ilə bağlı mükəmməl planlar qurmaq lazımdır, əksinə daha çox indiki arzularımız barədə düşünmək üçün vaxt və yer ayırmaq məqsədilə. Utopiya mövzusu gələcəyimiz barədə çox abstrakt şəkildə düşünməyə imkan verir və bu bizim beynimizdə yeni kəşflər etmək üçün çox böyük bir azadlıqdır”.

 

Bir sıra utopik layihələr ada kimi təcrid olunmuş yerlərdə baş verir; Yuist bu mənada mükəmməl məkandır. Yuist Almaniyanın şimalında yerləşən bir adadır və Şimal dənizindən gələn küləklər onu uzunsov formaya salıb. Belə ki, adanın uzunluğu 17 km-ə çatır, amma o elə ensizdir ki, bir təpənin üstünə çıxsan, hər iki tərəfdən dəniz görünər.

 

Aşağı Saksoniya, Vadden Dənizi Milli parkının bir hissəsi olan Yuist, reallıqdan qaçmağın bir üsuludur; burada maşınlar yoxdur, kəndin mərkəzinə yeganə nəqliyyat velosiped və ya at arabalarıdır. Hər tərəfdən çimərliklərlə sərhədlənən ada bir çox quş növləri, suitilər, ceyranlar və vəhşi qızılgüllərin vətənidir. Bizim qaldığımız yer – Jubi isə Andreanın dediyi kimi, “adada bir ada” kimidir və turistik kənddən də xeyli aralıda yerləşir.

 

Bizi bura səkkiz nəfərlik kiçik təyyarələrdə gətirdilər. “Kukuruznik” adlandırdığımız bu təyyarələrin uçmaq qabiliyyəti ilə bağlı o qədər zarafat etdik ki, onun havaya necə qalxdığından heç xəbərimiz olmadı və 15 dəqiqəyə də yerə endik. Əslində Yuist uçuş təlimlərinin keçirildiyi məşhur bir yerdir, harada ki, şagirdlər, könüllülərdən biri Kseniya Şundelmayerin dediyi kimi ”iki həftəlik təlim keçərək lisenziya əldə edirlər və fövqəladə hal zamanı təyyarələri endirməyi öyrənirlər”. Gələcəyin pilotlarını buradakı emalatxanalarda, onlar üçün tamamilə yeni bir sahə olan incəsənətlə məşğul olmağa həvəsləndirirlər.

 

Bizim halda isə incəsənət emalatxanaları maksimum istifadə olundu. Performans, eksperimental sənədli film, illüstrasiya, instalyasiya, video sənəti, rəqs və musiqi olmaqla, yeddi kurs və yeddi rəhbəri vardı.

 

Bunların arasında performans, haqqında ən az bildiyim və ən sirli görünən sahə idi – bu səbəbdən də həmin qrupa qoşuldum. Prosesə çox fokuslanan bir sahə olan performans üzrə məşğələlər heç vaxt nəticəyə yox, hazırkı məqama köklənmək üstündə qurulurdu və bu adi həyatda öyrəşdiyimdən çox fərqli idi. Qrupun rəhbəri Yasmin Şaytlın təlimatları əsasında keçirilən təlimlər zamanı nəfəs alma, meditasiya, qəliz fikirlər və emosiyalar haqda yazmaq kimi məşğələlər edirdik. Ən macəralı olanı çimərlikdə bir saat ərzində mümkün olan qədər yavaş sürətlə yuvarlanmaq idi. Sadə hərəkətləri gözlə görünməyən dərəcədə yavaş edəndə, onlar bədən üçün çox əziyyətli olur.

 

Başımız məşğələlərə qarışıq olmayan vaxtlarda isə çimərlikdə yoqa ilə məşğul olur, ox atır, kayak sürür, dırmaşmaq üçün olan divara dırmanır və ya adanın mərkəzində velosiped sürürdük. Axşama doğru çöldə soyuq və qaranlıq olanda isə “JubiTech” adlı diskotekamıza gedir, musiqiyə qulaq asır və kostyum gecəsi kimi qəribə əyləncələr və məşğuliyyətlər tapırdıq. Belə axşamlardan birində süni bir bazar düzəltmişdik, burada hərə bir xidmət göstərir və ya bir məhsul satır, əvəzində isə pul əvəzi şüşə qapaqlarından hazırlanan qəpikləri istifadə edirdik. Mənim təklif etdiyim “xidmət” insanları qucaqlamaq idi və yaxşı yerdə dayandığımdan, tezlikdə “varlana” bildim. Bundan sonra da qazandığım pulları masaj, müxtəlif mövzuda söhbətlər və gəzintilər kimi digər “xidmət”lərə xərclədim.

 

Proqramın sonuna yaxın artıq bütün qrup üzvləri öz utopiya mövzularını konkretləşdirmiş və abstrakt formaya gətirmiş, hamını birləşdirən bir element olan kömürdən istifadə etməyə qərar vermişdi. Beləcə yekun sərgiyə hazırlaşırdıq.

 

Sərgi günü “Jubi”yə adanın mərkəzindən çoxlu qonaqlar gəlmişdi. Bizim performans təyyarələr üçün anqarda baş tutdu. Anqarın mərkəzində nəhəng bir yumurta asılmışdı və ərazi bizdən başqa bizim kömürlü geyimimizlə kontrast təşkil edən steril ağ kostyumlu rəqqaslar və instalyasiya qrupu arasında bölüşdürülmüşdü. Sərgidən sonrakı eyforiya hissini isə çimərlikdə bir qədəh şərab ilə qeyd etdik. Səmaya qalxan pilləkənlər ilə sərgi burada da davam edirdi.

 

“Art Lab“ yaddaqalan bir təcrübə idi, özüm üçün bir sıra yenilikləri burada açdım. Nəticədə, artıq üstündən üç həftə keçsə də tez-tez öz-özümə yavaşlayıb, indiki məqama köklənməyi, ətrafda baş verənlərə diqqət etməyi, hisslər və hazırda etdiyim işə fokuslanmağı yadıma salıram.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir