Fərhad Fərzəli
Fərhad Fərzəli beynəlxalq nüfuza malik gənc azərbaycanlı konseptual rəssamlardan biridir. O, Azərbaycan identikliyini və vizual ikonoqrafiyanı araşdırmaq istiqamətində bir çox sahədə, o cümlədən rəsm, instalyasiya, performans, rəqəmsal incəsənət və səs sahələrində fəaliyyət göstərir. Əsasən, vətənində işləyən Fərhad Azərbaycan Dövlət İncəsənət Akademiyasında magistr pilləsinə yiyələnib, hal-hazırda isə ölkəmizin tikinti irsini araşdırmaqla memarlıqda fəlsəfə doktoru dərəcəsini almaq ərəfəsindədir. Bir musiqiçi kimi Fərhad dostu Əli Həsənovla birgə Naschkatze elektronik duetində ifa edir. Bir rəssam kimi isə Fərhad müəyyən mövzulara yumoristik və düşünülmüş şəkildə yanaşmaqla mədəni, cinsi və coğrafi stereotipləri təhlil etməkdə və aradan qaldırmaqda maraqlıdır. Müxtəlif sahələrdə çalışması onun konseptual araşdırmalarına yardım edir, rəssamın özü isə incəsənətdən antropoloji və bəşəri araşdırmalarda bir vasitə kimi istifadə edir.
Fərhadın yaradıcılığı əsasən Qafqazda, Avropada və Yaxın Şərqdə nümayiş etdirilir. O 2013-cü ildə keçirilən 7-ci Daşkənd Müasir İncəsənət Bienalına, 2014-cü ildə 16-cı Şarja İslam İncəsənəti Festivalına və 2015-ci ildə “Unbound Group”-un kurasiyası ilə keçirilən 6-cı Moskva Bienalına öz tövhəsini verib. 2016-cı ildə rəssam Nailə Allahverdiyeva ilə birlikdə Rusiyanın Perm vilayətində keçirilən PERMM tədbiri çərçivəsində Azərbaycan incəsənətini təcəssüm etdirən “Şəkərli dağlar, neftli sahillər” adlı geniş sərginin kurasiyasını həyata keçirib. 2017-ci ildə isə onun əsəri tənqidçilərin müsbət rəyini almış “Die Greuze” adlı səyyar sərgidə yer alır. Qeyd etmək lazımdır ki, İnke Arns və Tibo de Ruyterin kurasiya etdiyi həmin sərgi Moskva, Sankt-Peterburq və Krasnoyarsk kimi şəhərlərdə nümayiş edilib. Bu il isə onun yaradıcılığı Gazelli House qalereyası çərçivəsində 2018 Art Dubai müasir sərgisində yer alıb. Fərhad geniş şəkildə işlərini qrup şouları çərçivəsində sərgiləməyə davam edir, həmçinin bir sıra sərginin kurasiyasını həyata keçirir. Məsələn, yuxarıda qeyd edilən Permdəki sərgi ilə birgə rəssam ARTIM çərçivəsində, həmkarlarını Azərbaycan tematikası və yerli materiallar üzərindən konseptual əsərlər yaratmaa çağıran “100% Made in Azerbaijan” sərgisinin kurasiyası ilə məşğul olub.
2017-ci ildə Fərhad ARTIM-da Anna Fexin kurasiyasında olan “Molotov Gülab” adlı solo sərgisini və performansını ortaya qoyur. Burada rəssam Molotov kokteylinin hazırlanması üçün zəruri olan kimyəvi məhlulun ixtiraçısının nəvəsi kimi öz irsini araşdırır. Bu işi çərçivəsində Fərhad içi gülabla dolu saxta Molotov kokteylini divara atır və nəticədə gül suyu müxtəlif kimyəvi reaksiyalara girib divarda şerlərin və poeziya nümunələrinin peyda olmasına zəmin yaradır. Bu sərgi rəssamım nostaljiyə nə qədər bağlı olduğunu vurğulayır. Fərhad bu ideyanı 2017-ci ildə Moskvanın Fraqmentar qalereyasında nümayiş etdirilən Andrey Mizianonun kurasiya etdiyi “Doğum günün mübarək, Marina” layihəsində də araşdırır. Burada rəssam Bakıdakı reklam fotoqrafiya studiolarının kitç (keyfiyyətsiz və aşağı zövqə malik) estetikasını istifadə etməklə məşhur aktrisa Marina Abramoviç üçün doğum günü portreti yaradaraq, bunu vizual dixotomiya tipində yüksək və zövqsüz incəsənət arasındakı sərhədlərə çağırış kimi təqdim edir. Eyni zamanda rəssam oynaq şəkildə izləyiciləri burada sərhədlərin olub-olmamasını müəyyən etməyə vadar edir. O, nostaljik obrazların intibahını “neo-folk” – onun cari araşdırmasının əsasını təşkil edən bir konsept kimi qəbul edir. Məsələn, Fərhadın davam edən, Sovet dönəmində dəbdə olan parçaların üzərinə həkk olunmuş, üzərində müxtəlif deyimlər yazılan neon borulardan ibarət, “Nənəmin lüğəti” silsiləsini də buraya aid etmək olar. Onun 2018 Art Dubai sərgisinə təqdim etdiyi ən son işi azərbaycanlı musiqi divalarına şöhrət gətirir. Burada Fərhad yaradıcılıq karyerası boyunca məşğul olduğu mövzularla musiqinin, ikonoqrafiyanın və xatirələrin kəsişməsini araşdırır.
Fərhad 2011-ci ildən Azərbaycan Rəssamlar Birliyinin üzvüdür: onun əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında, Azərbaycan Dövlət İncəsənət Muzeyində və davam edən konseptual araşdırması üçün studio götürən YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilir.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.