Rəssam Vüsal Rəhim qadınlara həsr olunmuş “Məni unutma! – 2022” adlı yeni sosial incəsənət layihəsi yaradıb. O, 8 Mart ərəfəsində 7 gün boyunca (1-7 mart) öz media hesablarından, ölümü sosial şəbəkələrdə dəhşətlə qarşılanan, müzakirə olunan 7 qadının portretini və hekayəsini paylaşıb. Vüsal Rəhim ötən ilin mart ayında “Məni unutma! – 2021” adlı sosial incəsənət layihəsini sərgiləmişdi. Rəssam bildirir ki o, 2021-ci ildə 1 həftəlik onlayn sərgini keçirməkdə məqsədi zəruriyyətdən yaranıb. Belə ki, son 1 ildə yenə də çoxlu sayda ağır qətllər və ölüm halları olub. Kütləvi mediada bu qətllərin çox az bir hissəsi görünməkdədir:
“Bir rəssam kimi mən, bu baş verənlərə azda olsa diqqət çəkmək istəyirəm. Qadın cinayyətləri və ölümləri cəmiyyətimizdə bəzi düzgün olmayan nüansların olduğunu göstərir. Və həmçinin bizim qarşımıza suallar qoyur. Nə isə etməliyik! Hansısa yolları tapmalıyıq və ən yüksək səslə #qadıncinayətlərinəyox deməliyik.”
Uşaq vaxtı dayım mənə Moskvadan matruşka oyuncağı almışdı. Bu mənim ən sevdiyim oyuncağımdır. Onun içindən özünə oxşar daha bir neçə qadın çıxır. Matruşka oyuncağım gözümün qabağında şkafın üstündədir.
– Ana əlimi möhkəm tut, qorxuram.
– Ana məndə sənin içindən çıxdım, indi mənimdə içimdən, mənə oxşar bir qız çıxacaq hə?
– Qışqır!
– Ana onun saçını hörüyəcəm. Matruşkanın saçı yoxdur heyf, əvvəlki barbimin saçı vardı.
– Qışqır ay qız!
– Ana!
– Gəlir qışqır!
– Dözə bilmirəm.
– Ana mən ana olacam?
– Hə qızım, döz!
– Mən onun saçını hörüyəcəm.
Adım GB kimi mediaya düşən mən, nə onun saçını hörürdüm, nə də ki, matruşkamla bir daha oynaya bildim. İkimizi də elə matruşka kimi iç içə qoyub bir qəbrə gömdülər.
– Alo.
– Alo zəhmət olmasa mənə komək edin!
– Alo, orda kimsə var ?
– Məni kimsə eşidir?
– Mənə kömək lazımdır!
– Yalvarıram.
– Mənə, mənə kömək lazımdır!
– Alo-Alo.
– Alo…..
Nənəmin nağılında qardaşları tərəfindən quyuya atılan bir oğlan var idi.
Qaranlıq dünyadan savaşaraq işıqlı dünyaya çıxmışdı. Mən də bu quyunun içindən
çıxıb evə getmək istəyirəm.
Qorxuram, üşüyürəm.
Ay düz üzərimdədir. Mən yatağımda olmaq istəyirəm.
O üzərimə çoxlu daş və torpaq tökdü.
Üşüyürəm.
Mən evə qayıtmaq istəyirəm.
Ay düz üzərimdədir. Mənə baxır.
Mən indi yatağımda olmaq istəyirəm. Nənəmin başıma sığal çəkməsini istəyirəm. Amma heç yerə gedə bilmirəm.
O üzərimə çoxlu daş və torpaq töküb. Tərpənə bilmirəm, üşüyürəm.
O bunu niyə etdi bilmirəm. Amma bədənim çox ağrıyır. Hər yerim ufu olub.
Mən yatağıma getmək istəyirəm, burda qorxuram. Başımın üzərində ay mənə baxır və
ətrafda itlər ulayır.
Mən qorxuram və bədənim, ruhum çox əzilir.
Pəncərəmin önündə quru bir ağac var. İki gündür o ağacın üzərində yuva qurmuş sərçəyə baxıram. Necə dimdiyində yem gətirməyinə, balalarını yedizdirdiyinə baxıram. İlahi bütün bədənim dəhşətli ağrıyır, bədənim yanır. Mən bu an o sərçənin yerində olub öz yuvamda balarımı bəsləmək istəyirəm. Mənim onlar haqqında arzularım düşüncələrim var idi. Təki onların arxasında durardım, çünki onlara söz vermişdim. Amma bu sözü tuta biləcəyimə əmin deyiləm. O məni yandırdı, o məni diri diri yandırdı. O mənim arzularımı, uşaqlarım üçün qurduğum xəyallarımı yandırdı. Cəhənnəmi mənə diri diri yaşatdı.
Xəyanət! Gözələrimlə gördüm susmaq istədim, düşündüm oğlumun ailəsi dağılmasın, yuvası yıxılmasın. Amma bu vəziyyətdə susmaq da olmur. Onu öz əlimlə 15 yaşında gəlin gətirdim. Toy elədim, zülmlə yeni tikdirdiyimiz bu evdə mən oğluma toy çaldırdım. Düzü əvvəldən istəyirdim yaxşı ailədən elə az yaşlı olan gəlin alım. İlk gözünü oğlumda açsın. Xoşbəxt olsunlar söz-söhbətsiz.
– Öz əlimlə onu evimə gətirdim ….
– Onları bir yerdə gördüm.
– Oğlum, mən nə etdim?
– Harada səhv etdim? Ay bunun üzünə lənət!
– Evimə qan salacaq deyə üzümü cırdım.
– Balam bunu bilsə qan düşəcək deyə az qala ürəyim partlayırdı.
– Gəlinim xəyanət edirdi. Özü də qaynımın oğluyla
– Mən harda səhv etdim? Ay bunun başı batsın!
– 15 yaşında çalğılı, düyünlü borc-xərclə toy elədim.
– Amma o yuvama qan salacaq.
– Nəfəsim dayanır.
– Balıncım gecə ilə üzümə sıxıldı, nəfəsim kəsilir, oğlum!
Rəssam, “Mədəni Niyyət” layihə rəhbəri