Qarabağnamə – Tarixin səhifələri

 Qarabağnamə – Tarixin səhifələri

Respublikanın tanınmış fırça ustası, xalq rəssamı Arif Hüseynovun Azərbaycan xalqının uzaq-yaxın keçmişinə cəlbedici və yaddaqalan “bədii güzgü” tutan “Qarabağnamə –  Tarixin Səhifələri” silsiləsini sözün əsl mənasında tamaşaçısını duyğulandıra biləcək sənət nümunəsi hesab etmək olar.

Yaradılan hər bir əsəri rəssam düşüncəsi ilə cəmiyyət arasında körpüyə bənzədən Arif Hüseynov, bu səbəbdən üç il ərzində baş-başa qaldığı Qarabağ mövzusunu –  yaşanmaqda olan torpaq itkisinin ağrılarını fərdi yaradıcı təxəyyülünə bələməklə, düşmən məkrini ifşa edə biləcək çox təsirli bədii-tarixi mənəvi qaynaq yaratmağa nail olmuşdur. Ağ-qara cizgilərdən “boylanan” bu bədii görüntülərin bənzərsiz dəyərə malik olması, onların daşıdığı qürurdoğurucu və ifşaedici tarixiliyin təkzibolunmaz faktlara – sənədlərə əsaslanmasıdır. Bu mənada tanınmış qrafika ustasının ensiklopedik tutuma malik olan “Qarabağnamə”sini bədii duyğulandırma gücünə görə hər birimizin mübarizə himninə çevrilən, ruhumuzu qidalandıran “Qarabağ şikəstəsi” ilə müqayisə etmək olar. Belə ki, Arif Hüseynovun Azərbaycan-Qarabağ tarixinin qabarıq görünən, bəzən də az təbliğ olunan səhifələrinə tutduğu obrazlı – sərt “bədii güzgü”də  yer almış gözoxşayan və düşündürücü bədii məqamlar məşhur şikəstədə olduğu kimi mübarizə ruhludurlar…

Arif Hüseynov

Daima milli mövzulara müraciət etməsi ilə başqalarından fərqlənən Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılacaq bu silsilə həm əhatəli bədii-tarixi tutumuna, həm də özünəməxsus şərhinə –  bədii xüsusiyyətlərinə görə seçilir. Belə ki, say etibarilə əvvəlki silsilələrini duyulası dərəcədə üstələyən bu qrafik əsərlər məcmusu mahiyyətcə sənədli-bədii tutumludurlar. Başqa sözlə desək, rəssam  bu əsərlərdə qədim Albaniya dövründən Xocalı faciəsinə qədər  davam edən təzadlı tariximizə işıq salmışdır.  Qarabağ tarixinə bu bədii yanaşmada demək olar ki, onu hər şey maraqlandırıb. Elə rəngarəng tutumlu qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif uzaq-yaxın hadisələrin, onun qədimiliyinə dəlalət edən memarlıq tikililərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçilərin və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir. Qrafik cizgilərin özünəməxsus ritmində görüntüyə gətirilən “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Gəncəsər monastrı”, “Alban abidələrinin erməniləşdirilməsi”, “Daşnakların “Böyük Ermənistan” xülyası”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibələri”, “Pənahəli xan”, “Xalq musiqiçiləri”, “Kəlbəcər qadınları”, “Qarabağ atları” və s. lövhələrdə tarixi sənədlərin-həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən, Azərbaycan və ingilis dillərində yazılmış mətnlə tamamlanan təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandırlar. Bu əsərlərin ideya tutumunu bütünlükdə təcavüzkar xislətini zaman-zaman sərgiləyən ermənilərin ifşası təşkil etdiyindən, onlar yüksək bədii dəyəri ilə yanaşı, həm də tarixi əhəmiyyət daşıyırlar. Rəssamın hər bir kompozisiyada obrazı və yaxud abidəni, eləcə də süjeti aid olduğu dövrün müxtəlif hadisələri ilə vəhdətdə təqdim etməsi, Azərbaycan qrafika sənəti üçün yeni olmaqla, həm də bədii görüntünün daha əhatəli olmasını şərtləndirmişdir.

Silsiləyə Qarabağ həqiqətlərinin dünyaya çatırılmasında ölçüyəgəlməz xidmətləri olan dövlət və ictimai xadimlərinin obrazlarının daxil edilməsi də onun daşıdığı məna-məzmun yükünü daha da zənginləşdirmişdir, desək, yanılmarıq.

XXI əsrin əvvəllərində yaradılan Arif Hüseynovun “Qarabağnamə”sinin bədii tutumunu təsir miqyasına görə yalnız XX əsrin baçlanğıcında Bəhruz bəy Kəngərlinin yaratdığı və böyük vətənpərvərlik nümunəsi sayıla biləcək “Qaçqınlar” silsiləsi ilə müqayisə etmək olar. Hər bir yaradıcıya şərəf gətirəcək bu dəyərləndirməyə rəğmən qətiyyətlə demək olar ki, Arif Hüseynovun bədii-tarixi “Qarabağnamə”sini sözün əsl mənasında yeni əsrin təsviri sənət məkanında bədii hadisə saymaq olar…

 

Ziyadxan ƏliyevAzərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir