Adım Rəşad Hüseynovdur. 1993-cü ildə anadan olmuşam. Uşaqlıqdan nə isə yaratmağı və ona baxıb zövq almağı istəmişəm. Və həmişə özümü tapmağa çalışmışam. 2009-cu ildə yaxşı web developer olmaq istəyirdim. Onlayn dərslərə baxırdım, özümü inkişaf etdirmək istəyirdim. 2010-cu ildə məktəblər arası keçirilən Respublika üzrə yarışmada “Ən Yaxşı Web Sayt” mükafatını alıb Respublika birincisi oldum.
Ama bundan sonra zövq ala bilmədim bu sahədən. Daha sonra sizin deyiminizlə “Şəkilçəkən” olmaq istədim. Bu sahəyə maraq yaranmışdı. 1 ilə yaxın bir şirkətdə çalışdım. 1 il sonra bu sahə ilə mən istədiklərimi çatdıra bilmədiyimi hiss etdim. Qısa videolar çəkməyə başladım. Əslində çox çəkmədi ki, işlərim müəyyən kütlə tərəfindən bəyənilməyə başladı. Bu sahədə işləyən bir çox dostum var ama heç birinin etmədiyini etməyə çalışdım. Hər dəfə xarici reklamlara və s. baxanda fikirləşirdim ki, “Gör necə çəkiblər! Çətin heç nə yoxdur etdiklərində, əslində sadədir amma həm də çox maraqlı və peşəkardır!” Mən də çalışdım maraqlı siması olan insanları tapım və onlara təklif edim ki, sizə video çəkmək istəyirəm. 1-2 nəfər istisna olmaqla çoxu razı olurdu. Eyni zamanda bir neçə klipdə və filmdə operator kimi çalışmışam və bu çəkdiyim qısa filmlər ilə həm Azərbaycan həm də Beynəlxalq film festivalında iştirak edəcəyəm.