Şəlalə Salamzadə
Rəssam və multidisiplinar dizayner Şəlalə Salamzadənin sənət fəaliyyəti rəqəmsal dünyada insan psixologiyasının öyrənilməsinə, genişləndirilmiş reallıq, süni intellekt, onlayn estetika, internet mədəniyyəti, kiber və postinternet incəsənətinə həsr edilmişdir. O, son illərdə bir çox sərgilərdə iştirak etməklə yanaşı, Azərbaycanın müxtəlif regionlarında rəqəmsal incəsənətə həsr olunmuş silsilə masterklasslar da keçirmişdir. Hal-hazırda Amerika, Fransa və digər ölkələrin rəqəmsal incəsənət kollektivlərinin üzvüdür.
Kompüter elmləri və Dizayn fakültəsində təhsil aldığı dövrdə kompüter qrafikası, 3D vizuallaşdırma və sadə proqramlaşdırma ilə öz təcrübələrinə başlayıb.
2016-ci ildə Introspecto – glitch incəsənət əsərləri silsiləsi “Artpeople Gallery” onlayn layihəsində, daha sonra isə İspaniyanın mədəniyyət jurnalında nümayiş etdirilib. Bir il sonra Yarat Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi sərgidə “Rebirth.exe” adlı layihədə həm kurator, həm də rəssam kimi iştrak etmiş və rəqəmsal incəsənətə həsr olunmuş ilk mühazirələrinə başlamışdır.
Daha sonra Yay Qalereyasında təşkil edilən “Üfün, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada…” adlı sərgidə Xurşidbanu Natavan, Qəmər Salamzadə və gender stereotiplərinə həsr olunmuş installyasiyası sərgilənmişdir. O, bir illik “ARTIM Lab” gənc rəssamlara dəstək layihəsinə qoşulduqdan sonra layihə çərçivəsində video və rəqəmsal sənət nümunələri ilə müxtəlif sərgilərdə iştirak etmişdir. Onun təcrübələri arasında performanslar və illustrasiyalar da yer alıb. 2018-ci ildə Azərbaycanda keçirilən ilk “Nəsimi” festivalında Kiçik Qala qalereyasında nümayiş etdirilən “Kainatın poeziyası” adlı video əsəri özündə Nəsiminin qəzəllərini Azərbaycan təbiətinin müxtəlif fotolarının kodlaşdırılması ilə yaradılan vizual effektləri, binar kodlarla səsləndirilən qəzəlləri təcəssüm etdirirdi.
O, “ARTIM Lab” layihəsinin qalibi seçiləndən sonra 2019-cu ildə Yarat Müasir İncəsənət Məkanında rezident rəssam kimi çalışıb. Rezidentlərin yekun sərgisində “Superpozisiya” adlı Azərbaycan milli nağılarından və kvant fizikasının tədqiqatlarından ilhamlanmış, genişləndirilmiş reallıq installyasiyası nümayiş etdirilib. O ərəfədə “The Wrong” adlı dünyanın ən geniş rəqəmsal biennaləsində Azərbaycandan olan ilk rəssam kimi iki sərgidə video və 3D installyasiyası sərgilənib. O, həmçinin Şotlandiyada keçirilən NEoN festivalında da iştirak etmişdir.
2017-ci ildə yaradılan “AZEsthetics” vaporwave tərzli stikerlər və t-shirtlər, məhz 2019-cu ildə təqdim olunub. Bu seriyada dilimizdə tez-tez istifadə olunan deyimlər nostalgiya və ironik internet estetikası ilə birləşdirilib.