Stas Reu – Müsahibə

Necə oldu ki, moda fotoqrafiya ilə məşğul olmağa başladınız? Sizə digər istiqamətlər də maraqlıdırmı?

 

Çəkilişlərə çoxdan, təxminən 5-6 il əvvəl başlamışam. Ancaq bu daha çox hobbi kimi idi. Bir jurnalda işləyirdim, bəzən kameranı öz əlimə almalı olurdum. Fotoqrafiyaya həmişə marağım olub. Hətta nə vaxtsa, birinci kursda oxuduğum zaman,  bir foto müsabiqəyə qatıldım, burada bir konsepsiya hazırlayıb telefonumun kamerasına çəkmək lazım idi. O zaman mən ikinci, ya da üçüncü yeri tutdum və mükafat açılıb-bağlanan bir mobil telefon idi, onu mənə Sitarə İbrahimova təqdim etdi. İstiqamətlərə gəlincə, moda, şəkillər və personajlar prizmasından hekayələr danışmaq mənim üçün maraqlıdır. Fotolarımdakı insanları dəyişdirməyi sevirəm. Yəqin ki, yaxın gələcəkdə moda fotoqrafiyasını və incəsənəti birləşdirməyə çalışacağam, amma bu hələ də ağlımda qaralama şəklindədir.

 

Yeni başlayan moda fotoqrafına nə tövsiyə edə bilərsiniz, oxumalı, baxmalı?

 

Mən özüm yeni başlayan bir fotoqrafam. Hər zaman Diana Vrilandın sitatını təkrar edirəm: “Göz səyahət etməlidir”. Mənim üçün görmək vacibdir. Moda və foto tarixini (yalnız moda deyil) öyrənməlisiniz, ikonik filmlər və musiqi videolarını izləməli, klassik ədəbiyyat oxumalı və xəyal qurmalı və bir daha xəyal qurmalısınız. Sonra kameranı götürüb bu xəyalları reallaşdırmağa çalışmaq lazımdır.

 

Sizin işləriniz barədə digərlərinin danışması sizin üçün vacibdir?

 

O qədər də yox. Hərdən nüfuzlu hesab etdiyim insanların fikrini öyrənmək mənim üçün maraqlıdır. Lakin ümumilikdə rəylər və şərhləri izləmirəm.

 

Necə düşünürsünüz, moda fotoqrafiyası özündə hansısa ismarıcı daşımalıdırmı? Yoxsa, bu yalnız və yalnız estetika məqsədi daşıyır?

 

Hər şey konkret hekayədən və qarşıya qoyulmuş tapşırıqlardan asılıdır. Bəzən masa sadəcə masa deməkdir. Düşünürəm ki, incəsənətə hər zaman dərin məna vermək və ya orada hər zaman dərin məna axtarmaq lazım deyil. Foto hər şeydən öncə donmuş andır. Bəzən də ən əsas ismarıc – sadəcə anı vaxtında əbədiləşdirməkdən ibarətdir.

 

Sizin modellik təcrübəniz var. Hansı daha xoşdur – fotoqrafın obyektivində olmaq, yoxsa kadr arxasında qalmaq?

 

Əlbəttə ki, kamera qarşısında olmaq daha xoş və daha asandır, məsuliyyət daha azdır. Foto çəkərkən məsuliyyətin həcmi dəfələrlə artır.

 

Heç çəkilişdən imtina etdiyiniz olubmu? Buna nələr səbəb olub?

 

Bəli və çox vaxt. Mən perfeksionistəm və hər şeydən əvvəl özümə qarşı çox tələbkaram. Vaxt idarəçiliyindən başlayaraq kiçik detallara qədər hər zaman məsələyə səriştəli münasibət göstərməyə çalışıram. Məsələyə yanaşmanın ciddi və peşəkar olmadığını görsəm, asanlıqla imtina edirəm. Çünki işimin nəticəsi, təkcə mənim əməyim deyil. Bu, etibar etdiyim bütün komandanın məsuliyyətli işinin nəticəsidir. Əgər nəticə bu zəhmətə dəymirsə, o zaman özünüzə və ətrafınızdakı hər kəsə əzab verib ağır bir iztirab içində hər kadrı ərsəyə gətirməyin və nəticədə məmnun qalmamağın mənası yoxdur. Həmçinin ideya mənə maraqlı deyilsə  və ya başqa bir fotoqrafın daha yaxşı nəticə əldə edə biləcəyini bilirəmsə, imtina edə bilərəm. Çox zaman mənim kitabıma nəzər belə salmayan insanlar mənə müraciət edirlər və fotoqrafın hər şeyi çəkən bir adam olduğunu düşünürlər: yemək, toylar, əşyalar, reportajlar, moda və s. Bunlar hamısı öz istedadlarının olduğu müxtəlif janrlardır.

 

 

Karolina Falkholtun Kombinat Festivalında çəkdiyi qraffiti barədə soruşmaq istəyərdim. Daha doğrusu bir sənətçinin çəkdiyi rəsmin adət-ənənə, mentalitet bəhanəsi ilə silinməsi ifadə azadlığını pozur yoxsa yox? Sənət fəaliyyəti dövründə senzura ilə üzləşibsinizmi?

 

 

Bu, əslində bir çox məqamı əhatə edən mürəkkəb bir məsələdir. Əgər qəti mühakimə aparsaq – yox. Vəziyyəti təhlil etsək, bəlkə də – bəli. Sənətkarın niyə və nə üçün təxribatçı əsərlər yaratdığını soruşmağa dəyər. Təxribat naminə təxribat yaxşı bir piar, lakin pis bir nüfuzdur. Müasir sənət  olduqca elitistdir və kiçik insan çevrəsi ilə çərçivələnmişdir. Və belə əsər qalereyada deyil, açıq bir platformada göstərildikdə, bunun nəticələrini nəzərə almağın vacib olduğunu düşünürəm. İnsanlar fərqlidir, bu və ya digərinin qavrayış və anlama səviyyəsi də fərqlidir. Düşünürəm ki, sənətkar öz senzura hissinə və bütövlükdə ictimaiyyətə hörmət hissinə malik olmalıdır, tamaşaçıların zehniyyətinin xüsusiyyətlərini və müasir sənətə həssaslıq dərəcəsini nəzərə almalıdır. Zənnimcə kökündən baltalamağa dəyməz, ancaq kütləvi auditoriyanı sənətkarların qeyri-standart vizual dilləri ilə tanış etmək üçün yeni və yumşaq yollar axtarmağa dəyər. Əlbətdə ki, əgər buna ehtiyac varsa. Hər hansı bir yenilik əvvəlcə birmənalı olmayaraq və qorxu ilə qəbul edilir. Lakin qadağa şəklində senzura mənə yaxın deyil. Mən dialoq tərəfdarıyam.

 

Moda dünyası və ya moda fotoqrafiyası dünyasından kiminlə söhbətləşmək istərdiniz? Nə vaxtsa yaşamış olan insanlardan istənilən birini seçə bilərsiniz.

 

Greys Koddinqton ilə söhbətləşmək, həmçinin 1975-ci ildə İv Sen Loranla ünsiyyətdə olmaq istərdim.

 

Harda sərgilənirsiz?

 

Hesab edirəm ki, deməyə və göstərməyə nəsə olan zaman sərgilənmək lazımdır. Mən özümə kifayət qədər tənqidi yanaşıram. Hərçənd, bəzən sərgilərdə iştirak barədə düşünürəm. Deyirlər bu irəli getməyə və uğurlu karyera sahibi olmağa kömək edir.

 

Peşəniz sizi dolandırır?

 

Təvazökar bir həyat tərzi üçün kifayətdir.

 

Məşhur fotoqraflardan birinin belə bir sözü var ki, ən yaxşı moda həmişə küçədə olub və həmişə də küçədə qalacaq. Bakı küçələrinin modası barəsində nə deyə bilərsiniz?

 

Hardasa mən Bil Kanninqemin açıqlaması ilə razıyam. O, ümumiyyətlə heyrətamiz bir insan idi, onunla  Parisdə bir dəfə qısaca söhbət etmək şansım oldu. O, real insanlar və onların obrazları ilə maraqlanırdı.  Axı, küçə tərzini (street style) bir janr kimi icad edən məhz o idi. Ancaq burada bir haşiyə çıxmağa dəyər. Əgər əvvəllər küçə tərzi insanlar haqqında idisə, bu gün öz qaydaları, ulduzları və reklam məzmunları olan bir sənayedir. Bu məni kədərləndirir. Sehr yoxa çıxdı. Bakı küçə tərzinə gəlincə, yaxşı heç nə deyə bilmərəm. Mən nadir hallarda küçələrdə həqiqətən maraqlı və qəşəng geyimli insanlarla rastlaşıram – bunlar ya submədəniyyətlərin nümayəndələridir, ya da “şəhər dəliləri”. Digər hallarda, diqqətəlayiq bir şey yoxdur. Sadəcə əynində paltar olan insanlar.

 

Ən sevdiyiniz və daimi izlədiyiniz moda fotoqrafları kimlərdir?

 

Ən sevdiyim yalnız bir fotoqraf olduğunu deyə bilmərəm. Həyatımın müxtəlif mərhələlərində mənə maraqlı olan fotoqraflar olub. Bu gün Solve Sundsbo, Hüqo Komte, Villi Vanderperre  və bir çox digərlərini izləyirəm. Bunlar ağlıma gələn ilk adlardır.

 

Öz tərzinizi necə təsvir edə bilərsiniz?

 

Fotoqrafiyada öz tərzimin axtarışındayam. Bir şey deyə bilərəm ki, modelin təbiiliyi və xarizmatikliyi birmənalı olaraq xoşuma gəlir.

 

Sizcə insanın rəng seçimi onun əhvalına görə dəyişməlidir yoxsa trendə, modaya görə?

 

Hər kəs özü üçün rahat olanı seçir və şəxsi istəyinə cavab verir. Əlbəttə ki, uzun müddət trendləri, rəng növlərini və digər moda müdrikliklərini öyrənə bilərsiniz. Ancaq əsas “Bəyənirəmmi?” sualına cavab verməkdir, əgər belədirsə, davam et! Və əgər psixologiya və rəng terapiyası baxımından düşünsək, o zaman zənnimcə rəng seçimi əhvalınızdan asılıdır.

 

Ciddi simalı modellərin erası nə vaxt bitəcək? Hər hansı moda evinin kolleksiya göstərilərində, podiumda addımlayan modellərin 99%-i ciddi simalı olur, gülmürlər, düz baxırlar, elə bil robotlar göstərisindəsən – bunu moda dünyasındakı köhnəlməyən dəb kimi göstərmək olar?

 

 

Düşünürəm ki, bu artıq bir neçə il əvvəl sona çatdı. Ən son Issey Miyake şousuna baxın. Bütün bunlar markanın özünün və ya dizaynerin şounun bədii rəhbərlərinə və rejissorlarına göndərdiyi tələbindən asılıdır. Ciddi sima – modelə deyil, geyimə diqqət yetirmək lazım olduqda rahatdır. Bu bir növ modeli simasızlaşdırmağın yoludur. Ulduzlar işıqlanırsa, deməli kimsə lazımdır.

 

İkinci əl geyimlər dünyada hal-hazırda çox məşhurdur. Azərbaycanda buna maraq yeni-yeni yaranır. Siz özünüz ikinci əl geyimlər geyinirsiniz?

 

Əlbəttə. Mən özüm illərdir ki, bunu edirəm. Əvvəllər bu xarici bir şeyi büdcə qiymətinə satın almağın yeganə yolu idisə, bu gün bunun səbəbi bəzən ikinci əldə maraqlı vintaj tapa bilməyinizdir, nəinki keyfiyyətli məhsullar tapırsınız, eyni zamanda marka üçün həddindən artıq pul ödəməmiş olursunuz. Yalnız bir tabum var – bu cür mağazalarda heç vaxt ayaqqabı almıram.

 

Sizcə geyiminə fikir verən bir insanın qarderobunda heç nə olmasa da, nə olmalıdır?

 

Düşünürəm ki, baza qarderobuna sahib olmaq ən sərfəli yoldur. Onu həm tərtib etmək, həm də geyinmək çox sadədir. Klassik cins, bir neçə mayka (ağ, boz və ya qara rənglərdə), “sneakers” və yaxud botinka, ciddi biçimdə palto və neytral rəngdə sviter. Bu cür tərtibatda siz həmişə yaxşı görünəcəksiniz. Ən əsası xarici görünüşdə səliqəyə fikir verməkdir.

 

Azərbaycan milli geyimlərində sevdiyiniz bir element və varmı?

 

Kişi papağı xoşuma gəlir. Bu yəqin ki, milli geyimin günümüzə qədər gəlib çıxmış və əvvəllər olduğu kimi aktual olan yeganə elementidir.

 

Stas Rutun obyektivinə düşmək üçün hansı keyfiyyətlərə və xüsusiyyətlərə sahib olmaq lazımdır? (söhbət qeyri-kommersiya çəkilişlərindən gedir)

 

Eksperimentlərə açıq və komfort zonasından çıxmağa hazır olmaq.

 

 

Təşəkkür edirəm!

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir